28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşması idi. Milli Silahlı Qüvvələrin yaradılması üçün ilk cəhdlər isə hələ 1917-ci ilin sonunda və 1918-ci ilin əvvəllərində edilmişdir. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumət kabinetinin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Lakin bu kabinetin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə hələ Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfərlik şəxsi heyət olan “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. 1919-cu ilin sonlarında 25 min nəfərlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildikdən sonra general Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Lakin sonrakı tarixi mərhələlərdə Azərbaycan dövlətçiliyinin süqutu ilə milli ordu quruculuğu prosesi də dayandırıldı, bu sahədə formalaşmağa başlayan ənənələr uzun müddət fasiləyə uğradı. Buna baxmayaraq, xalqın yaddaşında yaşayan hərbi irs, milli zabitlik ruhu və istiqlal ideyaları zaman keçdikcə yenidən dirçəlmək üçün zəmin yaratdı.
Məhz bu tarixi yaddaşa və milli hərbi ənənələrə söykənərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə ordu quruculuğu sahəsində yeni mərhələnin əsası qoyuldu. Onun təşəbbüsü ilə 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması milli zabit kadrlarının sistemli şəkildə hazırlanmasına xidmət edən mühüm addım oldu. Bu təhsil ocağı sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında aparıcı rol oynayan peşəkar hərbçilərin yetişməsinə geniş imkanlar açdı.
Cəmşid Naxçıvanski adına Hərbi liseyin milli zabit kadrların yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi, lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyası qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Həmin dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi, ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Respublikasının Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Heydər Əliyev siyasi kursunun davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də ordu quruculuğunu dövlətin prioritet məsələsi kimi daim nəzarətində saxlamışdır.
Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində misli görülməmiş qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm sürətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı, tarixi ədalət bərpa olundu.
Təsadüf deyil ki, Azərbaycan Ordusu bu gün Qafqazda ən güclü ordu hesab olunur. İnanırıq ki, ordumuzun gündən-günə artan qüdrəti sayəsində vətənimizin müdafiəsi keçilməz olacaqdır.
Esmira Həsənova
Naxçıvan şəhər Təhsil Şöbəsinin metodisti, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü