PDF Oxu

Siyasət

  • 1 767

Azərbaycan Ordusu regionun ən güclü ordusudur - ŞƏRH

image

Müasir dövrdə hərbi sahədə baş verən sürətli dəyişikliklər orduların təşkilati strukturuna, döyüş hazırlığına və idarəetmə sisteminə yeni tələblər irəli sürür. Ənənəvi hərbi yanaşmaların yerini daha çevik, yüksək hazırlıqlı və texnoloji imkanlarla təchiz olunmuş qüvvələr tutur. Azərbaycan Ordusunda son illərdə həyata keçirilən islahatlar da məhz bu reallıqlara uyğun şəkildə aparılır. Bu prosesin ən mühüm istiqamətlərindən biri isə komando modelinin tətbiqi və inkişafıdır.

44 günlük Vətən müharibəsi müasir müharibələrin xarakterini bir daha nümayiş etdirdi. Döyüş əməliyyatlarının uğuru yalnız silah və texnikanın üstünlüyü ilə deyil, həm də şəxsi heyətin peşəkarlığı, çevikliyi və mürəkkəb tapşırıqları yerinə yetirmək bacarığı ilə müəyyən olunur. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra Silahlı Qüvvələrin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində komando birliklərinin yaradılmasına xüsusi önəm verildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi islahatların əsas məqsədlərindən biri Azərbaycan Ordusunun müasir döyüş çağırışlarına tam uyğunlaşdırılmasıdır. Bu istiqamətdə qardaş Türkiyənin zəngin hərbi təcrübəsindən geniş şəkildə istifadə olunur. Məhz Türkiyə Silahlı Qüvvələrinin uğurla tətbiq etdiyi komando hazırlığı modeli Azərbaycan Ordusunda da yeni keyfiyyət mərhələsinin formalaşmasına mühüm töhfə verir.

Komando birlikləri yüksək fiziki hazırlığa, xüsusi taktiki biliklərə və mürəkkəb döyüş şəraitində qərarvermə bacarığına malik hərbi qulluqçulardan formalaşdırılır. Bu qüvvələr dağlıq ərazilərdə, çətin relyef şəraitində, müxtəlif iqlim zonalarında və xüsusi təyinatlı əməliyyatlarda yüksək effektivlik nümayiş etdirmək imkanına malikdir. Onların hazırlıq prosesi adi hərbi hazırlıqdan əhəmiyyətli dərəcədə fərqlənir və daha ciddi tələblər əsasında həyata keçirilir.

Azərbaycan Ordusunda komando briqadalarının yaradılması Silahlı Qüvvələrin döyüş imkanlarını daha da genişləndirib. Bu birliklər qısa müddət ərzində istənilən istiqamətdə əməliyyat aparmaq, düşmənin müdafiə xəttini yarmaq, strateji yüksəklikləri ələ keçirmək və mürəkkəb tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Məhz buna görə də komando qüvvələri müasir orduların ən mühüm elementlərindən biri hesab olunur.

Son illərdə keçirilən hərbi təlimlər və praktiki hazırlıq prosesləri göstərir ki, Azərbaycan komandoları yüksək peşəkarlıq səviyyəsinə malikdir. Onların hazırlığında fiziki dözümlülüklə yanaşı, müasir silah sistemlərindən istifadə bacarıqları, taktiki düşüncə qabiliyyəti və döyüş şəraitində operativ qərarvermə vərdişləri xüsusi yer tutur. Bu isə onları istənilən tapşırığın icrasına hazır olan qüvvəyə çevirir.

Prezident İlham Əliyev komando hərbi hissələrinin açılış mərasimlərində çıxışları zamanı dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusunun gələcək inkişafı müasir dünya təcrübəsinə uyğun şəkildə davam etdiriləcək. Bu yanaşma Silahlı Qüvvələrimizin daha çevik, daha peşəkar və daha effektiv idarə olunan ordu modelinə keçidini təmin edir.

Komando modelinin tətbiqi eyni zamanda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı, birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi və vahid yanaşmaların tətbiqi ordumuzun döyüş hazırlığının daha da yüksəlməsinə xidmət edir. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusu regionda ən müasir hərbi modellərdən birini tətbiq edən silahlı qüvvələrə çevrilməkdədir.

Bu gün Azərbaycan Ordusu qarşısında duran vəzifələr yalnız mövcud nailiyyətləri qorumaqla məhdudlaşmır. Müasir təhlükəsizlik çağırışları ordunun daim yenilənməsini və inkişaf etdirilməsini tələb edir. Komando birliklərinin sayının artırılması, onların maddi-texniki təminatının gücləndirilməsi və hazırlıq səviyyəsinin daha da yüksəldilməsi bu istiqamətdə həyata keçirilən siyasətin mühüm hissəsidir.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və sonrakı dövrdə əldə etdiyi uğurlar göstərdi ki, güclü ordu daim inkişaf etməli, yeni təcrübələri mənimsəməli və müasir çağırışlara uyğunlaşmalıdır. Komando modeli də məhz bu yanaşmanın nəticəsi olaraq formalaşıb və Silahlı Qüvvələrimizin gələcək inkişaf istiqamətlərindən birinə çevrilib.

Bu gün əminliklə demək olar ki, yüksək peşəkarlığı, müasir hazırlıq sistemi və çevik idarəetmə imkanları ilə seçilən komando birlikləri Azərbaycan Ordusunun yeni simasını müəyyənləşdirir. Onlar müasir hərbi quruculuğun uğurlu nəticəsi olmaqla yanaşı, dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm qüvvədir.

Aqşin Hüseynli,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru

Digər xəbərlər