Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız bir tarixi hadisə kimi deyil, xalqın gələcək taleyini müəyyən edən mühüm dönüş nöqtələri kimi yadda qalır. 1969-cu il iyulun 14-ü də məhz belə əlamətdar tarixlərdən biridir. Həmin gün Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında yeni mərhələnin başlanğıcını qoydu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi təkcə idarəçilik dəyişikliyi deyildi. Bu, ölkənin inkişaf strategiyasının yenidən müəyyənləşdirilməsi, milli potensialın səfərbər olunması və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməlin yaradılması idi.
XX əsrin 50-60-cı illəri Heydər Əliyevin böyük dövlətçilik məktəbi keçdiyi, idarəçilik təcrübəsi qazandığı mühüm bir dövr olmuşdur. Sovet dövlət sisteminin xüsusiyyətlərini dərindən mənimsəyən, siyasi prosesləri düzgün qiymətləndirməyi bacaran Ulu Öndər Azərbaycanın problemlərini, imkanlarını və gələcək inkişaf perspektivlərini dəqiq müəyyənləşdirirdi. Məhz bu uzaqgörənlik və siyasi iradə sonrakı illərdə Azərbaycanın böyük inkişaf yoluna çıxmasına imkan verdi.
1969-cu ildən etibarən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sürətli inkişaf edən bölgələrdən birinə çevrildi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə mühüm nailiyyətlər əldə olundu. Bu illər Azərbaycanın quruculuq tarixində xüsusi yer tutan bir dövr kimi yadda qaldı.
1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin çıxışı respublikanın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd xarakteri daşıyırdı. Ulu Öndər həmin çıxışında ölkədə mövcud olan problemləri açıq şəkildə ifadə etdi, idarəçilikdə yol verilən nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi və iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində konkret vəzifələr müəyyənləşdirdi.
Həmin dövrdə sovet məkanında geniş yayılmış korrupsiya, rüşvətxorluq və idarəçilikdəki çatışmazlıqlara qarşı qətiyyətli mübarizə aparılması Heydər Əliyevin prinsipial mövqeyini nümayiş etdirirdi. O, dövlət idarəçiliyində məsuliyyət, şəffaflıq və xalq mənafeyinin üstün tutulması prinsipini əsas götürürdü.
Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan böyük tikinti və abadlıq mərhələsinə qədəm qoydu. Yeni sənaye müəssisələri yaradıldı, şəhər və rayonların infrastrukturu yeniləndi, yaşayış məntəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirildi. Azərbaycan qısa müddət ərzində inkişaf edən, istehsal potensialı artan respublikaya çevrildi.
Heydər Əliyevin dövlətçilik fəaliyyətində mühüm istiqamətlərdən biri də milli kadr potensialının formalaşdırılması idi. Ulu Öndər yaxşı anlayırdı ki, hər bir dövlətin inkişafının əsas dayaqlarından biri peşəkar, savadlı və vətənpərvər mütəxəssislərin yetişdirilməsidir.
Bu məqsədlə ali və orta ixtisas məktəblərinin inkişafına xüsusi diqqət göstərildi, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi. Minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün müxtəlif şəhərlərə göndərildi. Bu siyasət nəticəsində ölkəyə gələcəkdə mühüm dövlət vəzifələrində çalışan, elm, iqtisadiyyat, təhsil və digər sahələrdə böyük xidmətlər göstərən yüksəkixtisaslı mütəxəssislər qazandırıldı.
Ulu Öndərin milli düşüncə və uzaqgörən siyasətinin bariz nümunələrindən biri də Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. 1971-ci ildə fəaliyyətə başlayan bu məktəb Azərbaycanın gələcək zabit kadrlarının hazırlanmasında mühüm rol oynadı. Bu addım illər sonra müstəqil Azərbaycanın
Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində əsas məqsəd Azərbaycanın inkişafı, dövlətçiliyinin qorunması və xalqın rifahının yüksəldilməsi olmuşdur. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə yaradılmış iqtisadi və sosial potensial müstəqillik illərində ölkənin inkişafı üçün mühüm baza rolunu oynadı.
Ulu Öndər sonralar qeyd edirdi ki, 1970-1985-ci illərdə Azərbaycanın əldə etdiyi iqtisadi potensial ölkənin gələcək dövlət müstəqilliyi üçün əsas zəmin yaratmışdır. Bu illərdə yaradılan sənaye müəssisələri, hazırlanan milli kadrlar, formalaşan idarəçilik təcrübəsi müstəqil Azərbaycanın inkişaf yolunda mühüm rol oynadı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ağır siyasi, iqtisadi və sosial böhranla üzləşdi. Belə mürəkkəb bir dövrdə xalqın tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu.
1993-cü ilin 15 iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişaf üçün əsas istiqamətlər müəyyənləşdirildi.
Müstəqil Azərbaycanın gələcək inkişafında Heydər Əliyevin uzaqgörən neft strategiyası xüsusi əhəmiyyət daşıyır. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkənin beynəlxalq nüfuzunu artırdı.
Bu strateji addım Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşa çevrilməsinə, böyük beynəlxalq layihələrdə iştirakına və iqtisadi imkanlarının genişlənməsinə şərait yaratdı.
Ulu Öndərin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik inkişaf yolunda mühüm mərhələ oldu.
Bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, iqtisadi və siyasi imkanlarını daha da genişləndirib.
Güclü dövlət, güclü ordu strategiyası Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın böyük arzusunu reallığa çevirdi. Qarabağın azad edilməsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ideyalarının davamı kimi qiymətləndirilir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Azərbaycanın gücünü və inkişaf potensialını nümayiş etdirir.
14 iyul 1969-cu il Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcı kimi daim xatırlanacaq. Bu tarix xalqımızın siyasi iradəsinin, milli inkişaf düşüncəsinin və dövlətçilik ənənələrinin güclənməsində mühüm mərhələdir.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində yalnız böyük siyasi xadim kimi deyil, həm də müasir dövlətimizin memarı kimi əbədi yer tutur. Onun ideyaları, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan siyasəti bu gün də Azərbaycanın inkişaf yoluna işıq salır.
Ulu Öndərin həyat yolu göstərir ki, əsl liderlik xalqın gələcəyini düşünmək, dövlətin maraqlarını hər şeydən üstün tutmaq və tarix qarşısında məsuliyyətli qərarlar qəbul etmək bacarığıdır. Məhz buna görə 14 iyul 1969-cu il Azərbaycan xalqının yaddaşında inkişaf, tərəqqi və böyük quruculuq yolunun başlanğıcı kimi yaşayır.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı