PDF Oxu

Siyasət

  • 1 487

Azərbaycanın beynəlxalq siyasi nüfuzu və strateji gücü

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu onların iqtisadi və hərbi potensialı qədər həm də həyata keçirdikləri xarici siyasətin səmərəliliyi, etibarlı tərəfdaş kimi qazandıqları inam və qlobal proseslərə verdikləri töhfələrlə müəyyən edilir. Bu baxımdan Azərbaycan son illərdə beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi ardıcıl və praqmatik siyasət nəticəsində Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi, geoiqtisadi və enerji mərkəzinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas prinsiplərini milli maraqların qorunması, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, daxili işlərə qarışmamaq və çoxtərəfli tərəfdaşlığın inkişafı təşkil edir. Məhz bu siyasət sayəsində Azərbaycan müxtəlif siyasi bloklar arasında etibarlı dialoq platforması formalaşdırmış, həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində balanslaşdırılmış münasibətlər qurmağa nail olmuşdur.
Məlum olduğu kimi iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi edir. Ölkəmizin mədəniyyət paytaxtı, tarixi və strateji əhəmiyyəti ilə seçilən Şuşa şəhəri növbəti dəfə möhtəşəm forum iştirakçılarına qapılarını açıb.
İyulun 13-də başlanan və artıq ənənə halını alan və dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Qarabağa yönəldən IV Şuşa Qlobal Media Forumu iyulun 13-də öz işinə başlayıb. Bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum miqyasına və iştirakçı sayına görə diqqət çəkir. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, 30-a yaxın beynəlxalq informasiya agentliyini, 60-dan çox aparıcı media qurumunu bir araya toplayan forum qlobal informasiya məkanında sülh quruculuğu, dezinformasiya ilə mübarizə və rəqəmsal təhlükəsizlik kimi aktual çağırışların müzakirə olunduğu önəmli platformadır.
Azərbaycan zəngin təcrübəsi ilə dünya miqyasında müzakirələrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət respublikamızı mötəbər qlobal tədbirlərə ev sahibliyi edən təhlükəsiz və hörmətli bir tərəfdaş kimi tanıtmışdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumunun təşkili ölkəmizin dünya informasiya məkanında artan nüfuzunu və diplomatik uğurlarını aydın şəkildə nümayiş etdirir. Həmin tədbir adi bir media görüşü olmaqdan daha çox, rəsmi Bakının qlobal siyasətdə irəli sürdüyü yeni və effektiv bir dialoq modelidir.
2022-ci ildə təməli qoyulan və sonradan Şuşa Qlobal Media Forumu adı altında ənənəvi xarakter alan bu beynəlxalq layihə qısa vaxt ərzində qlobal mətbuatın əsas müzakirə mərkəzinə çevrilmişdir. Tədbirin hər il coğrafi miqyasını daha da genişləndirməsi, fərqli ölkələrdən gələn media rəhbərlərini, analitikləri və tanınmış beynəlxalq qurumların rəsmilərini vahid platformada birləşdirməsi onun qlobal səviyyədə nüfuzunun sürətlə yüksəlməsinin bariz göstəricisidir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq xarici media təmsilçilərinin dünyada və regionda baş verən proseslərə, mövcud vəziyyətə və gələcəyə dair suallarını cavablandırıb. Dövlətimizin başçısı qlobal aləmdə cərəyan edən geosiyasi prosesləri dolğun təhlil edərək Azərbaycanın bu məsələlərə prinsipial mövqeyini növbəti dəfə dünyaya bəyan edib. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri kimi bir çox mühüm məsələyə toxunub.
Prezident İlham Əliyevin bir sıra məsələlərə dair suallara ətraflı aydınlıq gətirməsi informasiya manipulyasiyalarının qarşısının alınması və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha nümayiş etdirir ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini və təhlükəsizlik balansını müəyyənləşdirən əsas siyasi aktorlardan biridir.
Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Şuşa Forumu rəsmi Bakının regional sülhün və əməkdaşlığın şərtlərini diktə edən aparıcı qüvvə olduğunu beynəlxalq siyasi müstəvidə bir daha bəyan etdi.
Dövlətimizin başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi. Şuşadan dünyaya ünvanlanan mühüm siyasi mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanına çatdırılmasına, eyni zamanda beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.

Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər