IV Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformalardan birinə çevrilmişdir. Forumun əhatə dairəsi və iştirakçı sayı ildən-ilə artaraq onun qlobal əhəmiyyətini daha da gücləndirir. Bu gün Şuşa şəhəri yalnız tarixi və mədəni dəyəri ilə deyil, həm də beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən biri kimi tanınır.
2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, həmçinin müxtəlif beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri təmsil olunurlar. Bu fakt forumun artıq regional tədbir çərçivəsindən çıxaraq qlobal xarakter daşıdığını bir daha sübut edir.
Şuşa Qlobal Media Forumu yarandığı ilk gündən media sahəsində mövcud çağırışların müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkar təcrübə mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayır. Forum çərçivəsində dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın inkişaf perspektivləri, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və medianın sülh quruculuğundakı rolu kimi aktual mövzular müzakirə edilir.
Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, indiyədək keçirilən forumlar çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs bir araya gəlib. Bu göstərici Şuşa Qlobal Media Forumunun beynəlxalq nüfuzunun ildən-ilə artdığını və dünya media gündəliyinin müzakirə olunduğu aparıcı platformalardan birinə çevrildiyini göstərir.
Beləliklə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanındakı rolunun güclənməsinə, media sahəsində qlobal əməkdaşlığın inkişafına və müxtəlif ölkələrin media nümayəndələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. İştirakçıların sayının və coğrafiyasının hər il genişlənməsi forumun gələcəkdə daha böyük beynəlxalq əhəmiyyət qazanacağından xəbər verir.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri