Son illər Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq siyasi və intellektual dialoqun mühüm mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri, analitikləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək qlobal informasiya məkanında aktual məsələlərin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Forum təkcə media sahəsində əməkdaşlığın inkişafına xidmət etmir, eyni zamanda Azərbaycanın həyata keçirdiyi siyasətin, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından da mühüm əhəmiyyət daşıyır.IV Şuşa Qlobal Media Forumunun miqyası tədbirin beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Forumda 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan artıq media qurumu, həmçinin media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak etdi. Son dörd ildə isə Forum ümumilikdə 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul etməklə artıq qlobal media əməkdaşlığının mühüm platformalarından birinə çevrildiyini təsdiqləmiş oldu. Bu göstəricilər tədbirin ildən-ilə artan nüfuzunu, beynəlxalq medianın Azərbaycana və regionda baş verən proseslərə artan marağını aydın şəkildə ortaya qoyur.Şuşanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi dərin siyasi və mənəvi məna daşıyır. Forum iştirakçıları yalnız müasir media mühitində baş verən transformasiyalar, informasiya təhlükəsizliyi, rəqəmsal kommunikasiyalar və qlobal informasiya məkanında yaranan yeni çağırışlar barədə fikir mübadiləsi aparmırlar. Onlar eyni zamanda Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yerində müşahidə etmək imkanı əldə edirlər. İşğal illərində dağıntılara məruz qalmış yaşayış məntəqələrinin müasir şəhərlərə çevrilməsi, infrastruktur layihələrinin reallaşdırılması, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin real nəticələrini əyani şəkildə nümayiş etdirir. Məhz bu amil Forumun əhəmiyyətini daha da artırır. Xarici media nümayəndələri Qarabağ barədə məlumatları artıq yalnız müxtəlif informasiya mənbələrindən deyil, hadisələrin baş verdiyi məkanda öz müşahidələri əsasında formalaşdırırlar. Bu isə Azərbaycanın beynəlxalq informasiya siyasətinin effektivliyini artırmaqla yanaşı, uzun illər ərzində region haqqında formalaşdırılmış birtərəfli və qərəzli təsəvvürlərin aradan qaldırılmasına da mühüm töhfə verir. Forum iştirakçılarının şahidi olduqları inkişaf mənzərəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi dövlət siyasətinin uğurlu nəticələrinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq medianın Şuşa Qlobal Media Forumuna göstərdiyi marağın ildən-ilə artması da təsadüfi deyil. Bu marağın əsasında ilk növbədə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, regional və qlobal proseslərdə oynadığı fəal rol dayanır. Son illər ölkəmiz beynəlxalq təşəbbüslərin irəli sürülməsi, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə edib. Bu reallıq dünya mediasının Azərbaycanda baş verən proseslərə və ölkə rəhbərliyinin beynəlxalq məsələlərə yanaşmasına marağını daha da artırır.
Şuşa Qlobal Media Forumuna marağın ildən-ilə artmasının əsas səbəblərindən biri tədbirin artıq sırf media müzakirələri ilə məhdudlaşmamasıdır. Bu platforma qlobal və regional gündəmdə duran siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi nüfuzlu beynəlxalq diskussiya məkanına çevrilib. Məhz buna görə də forumda iştirak edən jurnalistlərin və ekspertlərin sualları təkcə informasiya siyasətini deyil, həm də beynəlxalq münasibətlər sistemində baş verən prosesləri, geosiyasi transformasiyaları və Azərbaycanın bu proseslərə münasibətini əhatə edir.
Forumun beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri də Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq dialoq formatında keçirdiyi görüşlərdir. Dövlət başçısının müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin suallarını ətraflı cavablandırması tədbirin əsas diqqət mərkəzində olan məqamlardan biridir. Bu cavablar yalnız Azərbaycanın rəsmi mövqeyini ifadə etmir, həm də regional və qlobal proseslərə dair hərtərəfli siyasi təhlilləri özündə ehtiva edir. Beynəlxalq hüquqa söykənən arqumentlər, hadisələrin səbəb-nəticə əlaqələrinin sistemli şəkildə izahı və qlobal çağırışlara dair strateji baxış forumun nüfuzunu daha da yüksəldən amillər sırasındadır.
IV Şuşa Qlobal Media Forumunda səsləndirilən suallar da göstərdi ki, beynəlxalq medianın diqqət mərkəzində artıq yalnız Cənubi Qafqaz deyil. Jurnalistləri daha çox beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi, BMT-nin səmərəliliyi, Yaxın Şərqdə davam edən münaqişələr, Rusiya–Ukrayna müharibəsi, qlobal enerji təhlükəsizliyi və dəyişən dünya nizamında Azərbaycanın mövqeyi maraqlandırırdı. Bu isə forumun regional tədbir statusunu geridə qoyaraq beynəlxalq siyasi müzakirələrin aparıldığı nüfuzlu platformaya çevrildiyini göstərir.
Diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun forum iştirakçıları tərəfindən açıq şəkildə etiraf olunması idi. Müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin ünvanladıqları suallar göstərirdi ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş coğrafiyanın mühüm siyasi aktorlarından biri kimi qəbul edilir. Bu baxımdan Afrika, Asiya və Avropa ölkələrindən gələn jurnalistlərin maraq dairəsi xüsusi diqqət çəkirdi. Məsələn, Konqodan olan jurnalistin çıxışı bunun bariz nümunəsi idi. O, Fransanın Afrikada həyata keçirdiyi neokolonial siyasətə toxunaraq Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi prinsipial mövqeyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Bu fakt göstərir ki, Azərbaycan yalnız öz milli maraqlarını müdafiə edən dövlət kimi deyil, eyni zamanda beynəlxalq ədalətin, suverenliyin və xalqların bərabər hüquqlarının müdafiəsini dəstəkləyən məsuliyyətli aktor kimi qəbul olunur.
Yaponiyadan gəlmiş media nümayəndəsinin Azərbaycan-Yaponiya münasibətlərinin perspektivləri ilə bağlı ünvanladığı sual isə ölkəmizin Asiya-Sakit okean regionunda da artan maraq doğurduğunu nümayiş etdirdi. Bu və digər nümunələr sübut edir ki, Azərbaycanın xarici siyasəti artıq yalnız regional gündəmlə məhdudlaşmır. Ölkəmiz müxtəlif qitələrdə yerləşən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirərək beynəlxalq dialoqun fəal iştirakçısına çevrilib.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət kursunun əsas prioritetləri də bir daha aydın şəkildə ifadə olundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın əsas məqsədi regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu kontekstdə 2025-ci il 8 avqust tarixində Ermənistan və Azərbaycan arasında paraflanmış sənəd xüsusi əhəmiyyət kəsb edir. Prezident qeyd etdi ki, həmin tarixdən etibarən dövlət sərhədində atəşkəs rejiminin pozulmaması son onilliklər ərzində müşahidə olunmayan mühüm irəliləyişdir. Bu fakt regionda etimad mühitinin formalaşması və sülh prosesinin praktik nəticələr verməsi baxımından diqqətəlayiq göstəricidir.
Bununla yanaşı, forumda səsləndirilən fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan regional problemlərin həllinə yalnız milli maraqlar prizmasından deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq yanaşır. Dövlət başçısının çıxışında suverenlik, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət prinsiplərinin xüsusi vurğulanması Azərbaycanın xarici siyasətinin konseptual əsaslarını bir daha ortaya qoydu.
IV Şuşa Qlobal Media Forumunda geniş müzakirə olunan əsas mövzulardan biri də Azərbaycan-Türkiyə münasibətlərinin müasir beynəlxalq münasibətlər sistemində tutduğu xüsusi yer idi. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlər göstərdi ki, iki ölkə arasındakı əməkdaşlıq artıq klassik dövlətlərarası münasibətlər çərçivəsini xeyli aşaraq strateji müttəfiqlik modelinə çevrilib. Bu model yalnız regional təhlükəsizlik baxımından deyil, həm də beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi diqqət çəkir.
Müasir dünyada geosiyasi qarşıdurmaların artdığı, beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğu və hətta ortaq tarixə, dilə, dinə və etnik köklərə malik xalqlar arasında silahlı münaqişələrin yaşandığı bir şəraitdə Azərbaycan və Türkiyə arasında formalaşmış münasibətlər xüsusi siyasi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq göstərir ki, ortaq tarixi və mədəni irs yalnız mənəvi bağ kimi deyil, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlığın möhkəm təməli kimi çıxış edə bilər. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin mühüm tərkib hissəsi olan “Bir millət, iki dövlət” konsepsiyası bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində daha da zəngin məzmun qazanıb. Hazırda bu prinsip yalnız siyasi bəyanat kimi deyil, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu, müdafiə sənayesi, hərbi əməkdaşlıq, iqtisadi inteqrasiya və humanitar münasibətlərdə öz real ifadəsini tapır. Məhz bu xüsusiyyət Azərbaycan-Türkiyə münasibətlərini dünya praktikasında fərqləndirən əsas cəhətlərdən biridir.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlərdən biri xüsusi diqqət çəkirdi. Dövlət başçısı vurğuladı ki, dünyada ortaq etnik mənsubiyyətə, dilə və tarixi köklərə malik çoxsaylı xalqlar mövcuddur. Lakin bu amillər hər zaman uğurlu əməkdaşlıq üçün kifayət etmir. Əksinə, bəzi regionlarda məhz belə xalqlar arasında uzunmüddətli qarşıdurmalar və silahlı münaqişələr müşahidə olunur. Bu reallıq göstərir ki, tarixi yaxınlıq yalnız o zaman real nəticəyə çevrilə bilir ki, onu güclü siyasi iradə, qarşılıqlı etimad və ardıcıl dövlət siyasəti tamamlasın.
Azərbaycan və Türkiyə münasibətlərinin uğurunu şərtləndirən əsas amil də məhz budur. İki dövlət arasında formalaşmış yüksək etimad mühiti siyasi qərarların operativ şəkildə qəbul edilməsinə, strateji layihələrin uğurla həyata keçirilməsinə və regional məsələlər üzrə vahid mövqenin formalaşdırılmasına imkan yaradır. Son illər enerji və nəqliyyat sahəsində həyata keçirilən transmilli layihələr, müdafiə sənayesində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu münasibətlərin praktik nəticələrini açıq şəkildə nümayiş etdirir.
Bu kontekstdə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək onları hüquqi baxımdan müttəfiqlik səviyyəsində təsbit etdi. Əslində, Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin beynəlxalq hüquq müstəvisində rəsmiləşdirilməsi kimi qiymətləndirilə bilər. Bu sənəd təkcə iki ölkənin milli maraqlarını ifadə etmir, eyni zamanda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi mexanizm kimi çıxış edir.
Forum zamanı səsləndirilən fikirlərdən aydın görünürdü ki, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu tərəfdaşlıq artıq daha geniş coğrafiyada siyasi sabitliyin, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya layihələrinin inkişafına mühüm təsir göstərən amilə çevrilib. Xüsusilə Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr iki ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti praqmatik, balanslaşdırılmış və uzunmüddətli strateji hədəflərə əsaslanır. Məhz bu siyasət nəticəsində Azərbaycan həm regionda etibarlı tərəfdaş, həm də qlobal əməkdaşlığın fəal iştirakçısı kimi qəbul edilir. Türkiyə ilə strateji müttəfiqliyin davamlı şəkildə inkişaf etdirilməsi isə bu siyasətin ən uğurlu istiqamətlərindən biri kimi çıxış edir.
Bütövlükdə Şuşa Qlobal Media Forumunun ildən-ilə artan nüfuzu, iştirakçı coğrafiyasının davamlı şəkildə genişlənməsi və burada müzakirə olunan mövzuların qlobal əhəmiyyət daşıması göstərir ki, Şuşa artıq beynəlxalq dialoq və intellektual fikir mübadiləsinin aparıcı mərkəzlərindən birinə çevrilib. Forum vasitəsilə Azərbaycan həm regionda həyata keçirdiyi quruculuq prosesini, həm də beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi dünya ictimaiyyətinə açıq və şəffaf şəkildə təqdim edir.
Bu gün Şuşa yalnız tarixi və mədəni irsin rəmzi deyil, eyni zamanda qlobal siyasi dialoqun, media əməkdaşlığının və beynəlxalq tərəfdaşlığın mühüm platforması kimi çıxış edir. Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və qəbul olunan yanaşmalar Azərbaycanın dünya siyasətində artan rolunu, sülhə və əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirir. Bütün bunlar təsdiqləyir ki, ölkəmiz etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu möhkəmləndirməyə davam edir, Şuşa isə bu prosesin əsas simvollarından biri kimi qlobal əhəmiyyətini ildən-ilə artırır.
Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru