PDF Oxu

Siyasət

  • 1 295

Şuşada yuksələn etimad körpüsü : Azərbaycan–Slovakiya tərəfdaşlığının yeni siyasi xəritəsi - ŞƏRH

image

Şuşa bu gün sadəcə Azərbaycanın tarixi və mədəniyyət beşiyi deyil. Şuşa həm də Azərbaycanın gücünün, diplomatik uğurlarının və yeni siyasi reallıqlarının dünyaya təqdim olunduğu möhtəşəm məkandır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşaya səfəri bu baxımdan xüsusi siyasi məna daşıyır. Bu görüş Azərbaycanın yaratdığı yeni reallıqların, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və ölkəmizin beynəlxalq nüfuzunun növbəti göstəricisidir.
Müasir dünyada dövlətlərin nüfuzu yalnız sahib olduqları resurslarla deyil, həm də beynəlxalq münasibətlərdə qazandıqları etimadla ölçülür. Bu etimadı formalaşdırmaq isə uzunmüddətli, düşünülmüş və prinsipial siyasət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət məhz belə bir strategiyaya əsaslanır: milli maraqları qorumaq, dost və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, Azərbaycanın sözünü beynəlxalq arenada daha güclü şəkildə çatdırmaq.
Bu gün Şuşada keçirilən hər bir yüksək səviyyəli görüş Azərbaycanın diplomatik qələbələrinin davamı kimi qiymətləndirilir. Çünki illər əvvəl dağıntılarla, işğal izləri ilə üz-üzə qalan Şuşa indi dünyanın diqqət mərkəzində olan, sülhün, inkişafın və beynəlxalq əməkdaşlığın simvoluna çevrilən bir şəhərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Şuşa yenidən öz tarixi missiyasına qayıdıb və Azərbaycanın dirçəliş rəmzinə çevrilib.
Slovakiya Prezidentinin Şuşaya səfəri də məhz bu yeni reallığın beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Xarici dövlət başçılarının Qarabağa səfərləri Azərbaycanın ərazi bütövlüyünə hörmətin, ölkəmizin suverenliyinə verilən dəstəyin və regionda yaranmış yeni siyasi vəziyyətin tanınmasının mühüm ifadəsidir.
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında Prezident İlham Əliyevin siyasi iradəsi və diplomatik fəaliyyəti xüsusi rol oynayır. Onun həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycan Avropa ölkələri ilə əlaqələrini daha da genişləndirib. Bu gün Bakı və Bratislava arasında münasibətlər yalnız dostluq və siyasi dialoq səviyyəsində deyil, konkret layihələr və strateji əməkdaşlıq istiqamətində inkişaf edir.
2024-cü ildə Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması münasibətlərin yeni mərhələyə keçməsinin hüquqi əsasını yaratdı. Lakin Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, əldə olunan razılaşmalar kağız üzərində qalmır, real layihələr və praktiki nəticələrlə tamamlanır.
Slovakiyanın Qarabağın bərpasında iştirakı bunun bariz nümunəsidir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın azad edilmiş ərazilərdə tətbiq etdiyi yeni inkişaf modelini nümayiş etdirir. Bu layihə göstərir ki, Qarabağın bərpası yalnız fiziki quruculuq prosesi deyil, həm də müasir texnologiyalara, innovasiyalara və beynəlxalq tərəfdaşlığa əsaslanan böyük bir gələcək layihəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün enerji sahəsində də Avropanın mühüm tərəfdaşlarından birinə çevrilib. Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin beynəlxalq rolunu daha da artırır. Slovakiya ilə enerji, nəqliyyat, logistika və sənaye sahələrində əməkdaşlığın genişlənməsi isə qarşılıqlı maraqlara əsaslanan yeni imkanlar yaradır.
Azərbaycanın uğurlu xarici siyasətinin əsasını təşkil edən amillərdən biri də Prezident İlham Əliyevin "konkret nəticələrə əsaslanan diplomatiya" prinsipidir. Azərbaycan heç zaman yalnız bəyanatlarla kifayətlənməyib, real addımlar və böyük layihələrlə öz mövqeyini möhkəmləndirib. Məhz buna görə də ölkəmiz bu gün həm regionda, həm də beynəlxalq miqyasda etibarlı və nüfuzlu tərəfdaş kimi qəbul olunur.
Şuşada keçirilən Azərbaycan–Slovakiya görüşü bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dövrün çağırışlarına uyğun çevik və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Bu gün Şuşa dünyaya mühüm bir mesaj verir: Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa edən dövlət deyil, eyni zamanda yeni əməkdaşlıq körpüləri quran, dostluq və tərəfdaşlıq münasibətlərini genişləndirən güclü bir ölkədir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qarşısında duran əsas məqsəd aydındır: müstəqil, güclü və nüfuzlu dövlət kimi gələcəyə inamla addımlamaq. Şuşadan dünyaya yayılan bu mesaj isə Azərbaycanın yeni tarixinin ən parlaq səhifələrindən biridir.

Yalçın Əliyev
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi

Digər xəbərlər