Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti dəfə mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi. 2026-ci il iyulun 13-14-ü tarixlərində Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Artıq dördüncü ildir ki, 53 ölkədən 160 qonağı, 30-a yaxın informasiya agentliyinin və 60-dan çox media qurumunun nümayəndələrinin iştirakı ilə Şuşa şəhərində Qlobal Media Forumu təşkil olunur. Bu forum beynəlxalq səviyyəli tədbir kimi formalaşmaqla, müasir medianın qlobal çağırışlarına cavab axtarılan, açıq müzakirələrin aparıldığı mühüm bir platformaya çevrilmişdir. Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun media məkanında mühüm hadisəyə çevrilmişdir. 2023-cü ildən Şuşada təşkil olunan bu forum, qısa müddət ərzində beynəlxalq jurnalistika və media siyasəti sahəsində nüfuzlu bir platforma statusu qazanmışdır.
Prezident İlham Əliyev forumun açılışında çıxış edərək, bu tədbirin artıq bir ənənəyə çevrildiyini və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir.
Prezident İlham Əliyev çıxışında eyni zamanda, Şuşanın yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də sülhün və tarixi ədalətin bərpasının rəmzi olduğunu xüsusi vurğuladı. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işləri forum iştirakçılarına nümayiş etdirildi.
Azərbaycan on ildən artıq davam edən məqsədyönlü fəaliyyəti sayəsində əlverişli coğrafi mövqeyini çoxtərəfli əməkdaşlığın real platformasına çevirməyə nail olub. Fiziki infrastrukturun vaxtında qurulması və qonşu ölkələrlə yaradılan səmərəli qarşılıqlı əlaqələr ölkəmizi beynəlxalq tranzitin mərkəzinə çevirib. Hazırda regionda baş verən gərginliklər və Yaxın Şərqdəki vəziyyət Azərbaycan üzərindən keçən nəqliyyat, dəniz və hava yollarının cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi təhlükəsiz və yeganə "dar dəhlizə" çevirib.Uzaqgörən siyasət sayəsində Azərbaycan artan yük axınını təmin etməyə tam hazır idi. Hazırda bu logistik imkanlar daha da genişləndirilir. Xəzər dənizində ən iri liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük gücünün tezliklə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində görülən işlər də məhz bu dinamik inkişafın və strateji hazırlığın bariz göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri də regiondakı vəziyyət və müttəfiqlik əlaqələri oldu. Dövlət başçısı beş il əvvəl imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini xatırladaraq, iki ölkə arasındakı əlaqələrin artıq rəsmi müttəfiqlik səviyyəsində olduğunu qeyd etdi:"Biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik. Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu müdafiə etmək üçün hərbi potensialı da daxil olmaqla, əlindəki bütün vasitələrlə qardaşının yanında olacaq."
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin və sülh diplomatiyasının növbəti təntənəsi oldu. Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı mesajlar ölkəmizin beynəlxalq hüquqa, ədalətə və regional əməkdaşlığa sadiqliyini bir daha təsdiq etdi. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və ekspertlər bu forum vasitəsilə regional reallıqları birbaşa mənbədən öyrənmək imkanı əldə etdilər ki, bu da Azərbaycanın qlobal informasiya müharibəsində növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri