PDF Oxu

Siyasət

  • 838

Milli mətbuatımızın inkişaf yolu - Zərdabi irsindən bu günə - ŞƏRH

image

1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının banisi, görkəmli pedaqoq, ictimai xadim, maarifçi Həsən bəy Zərdabinin gərgin əməyi sayəsində “Əkinçi” qəzeti işıq üzü görmüşdür. Bu hadisə ilə təkcə bir mətbu orqanı yaranmamış, eyni zamanda Azərbaycan xalqının milli oyanış və özünüdərk tarixinin əsası qoyulmuşdur. Çar Rusiyasının sərt senzurası, cəhalət və savadsızlığın hökm sürdüyü bir dövrdə ana dilində qəzet çıxarmaq fədakarlıq və böyük cəsarət tələb edirdi.

Milli mətbuatımızın inkişafında keyfiyyətcə yeni və demokratik mərhələ Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatı cəmiyyətin güzgüsü, dövlətçiliyin və demokratiyanın vacib sütunlarından biri hesab edirdi. Məhz bu səbəbdən 22 İyul Milli Mətbuat Günü kimi təsbit edilmiş, 1998-ci il avqustun 6-da mətbuat üzərindən senzuranın tamamilə ləğv edilməsi haqqında tarixi Fərman imzalamış və azad sözün inkişafına geniş yol açmış, həmçinin, qəzetlərin nəşriyyat borcları silinmiş, KİV-lər üçün vergi güzəştləri tətbiq edilmişdi. Ulu Öndərin qəbul etdiyi bu mühüm qərarlar Azərbaycanda mətbuatın inkişafının təməlini qoymuşdur.

Ulu Öndərin media siyasəti bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövrün, rəqəmsal əsrin tələblərinə uyğunlaşdırılmış və müasir bir struktura çevirmişdir. Prezidentin rəhbərliyi ilə Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Yeni Qanunun qəbulu və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində vacib addımlar atılmışdır. Dövlət başçısının media siyasəti sayəsində 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə operativ şəkildə çatdırılmış və çatdırılmaqda davam edir.

Azərbaycan mətbuatının keçdiyi bu şərəfli yolun öyrənilməsi, onun ilkin mənbələrinin qorunub gələcək nəsillərə ötürülməsi bu gün ölkənin ən mötəbər elm ocaqlarından biri olan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəaliyyəti ilə bağlıdır. Çünki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yalnız mütəfəkkirlərimizin divanlarının, dini-fəlsəfi əsərlərinin saxlanıldığlı deyil, həmçinin Azərbaycanın ilk jurnalistlərinin, publisistlərinin və naşirlərinin şəxsi arxivlərinin qorunduğu müqəddəs bir xəzinədir. Düşünürük ki, rəqəmsal və süni intellekt əsrində Azərbaycan mətbuatı tamamilə yeni inkişaf mərhələsinə qədəm qoysa da, internet jurnalistikası, sosial media və sürətli informasiya axını operativliyi təmin etsə də, peşəkar jurnalistikanın həqiqətə sadiqlik, maarifçilik və milli maraqların müdafiəsi kimi fundamental prinsipləri dəyişməz olaraq qalır.

Milli Mətbuat Günü Həsən bəy Zərdabinin yandırdığı maarifçilik məşəlinin, Əlyazmalar İnstitutunda qorunan tarixi yaddaşın, Heydər Əliyev tərəfindən təməli qoyulan azad sözün və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müasir zəfərlərin təcəssümüdür. Müasir Azərbaycan mətbuatı öz tarixi köklərinə sadiq qalaraq, dövlətçilik maraqlarının və milli həqiqətlərin müdafiəsində bundan sonra da inamla addımlayacaqdır.

Hacıqədirli Aynur Məhərrəm qızı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

YAP Ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər