PDF Oxu

Siyasət

  • 634

Ana dilimiz: milli kimliyimiz və suverenliyimizin rəmzi - ŞƏRH

image

Dil hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəniyyətini və ruhunu özündə yaşadan, onu müstəqil bir millət kimi formalaşdıran ən qiymətli xəzinədir. Xalqın varlığı onun dili ilə, dilin yaşaması və ucalması isə birbaşa dövlətin varlığı və müstəqilliyi ilə bağlıdır. Bu baxımdan, Azərbaycan dilinin dövlət dili statusu daşıması, onun hüquqi və praktiki müstəvidə tam bərqərar olunması müstəqil dövlətçiliyimizin təməl sütunlarından birini təşkil edir. Hər il 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi təkcə təqvimdəki əlamətdar bir tarix deyil, eyni zamanda milli özünüdərkin, dövlət suverenliyinin və ana dilimizə olan sonsuz ehtiramın parlaq təzahürüdür.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması və inkişafı mürəkkəb, ziddiyyətli, lakin şərəfli bir tarixi yoldan keçmişdir. Əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşayan, siyasi basqılara və assimilyasiya təhlükələrinə məruz qalan xalqımız öz ana dilini qoruyub saxlamaqla həm də milli kimliyini qorumuşdur. Ana dilimizin müasir mənada dövlət dili statusu almaq cəhdi ilk dəfə 1918-ci ildə – Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdi. Cümhuriyyət Hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. Bu, gənc respublikanın müstəqillik ideallarına bağlılığının və milli özünəqayıdışın ilk parlaq siyasi addımı idi.
Lakin Cümhuriyyətin süqutundan və sovet rejiminin qurulmasından sonra ana dilinin rəsmi müstəvidə istifadəsi ciddi şəkildə məhdudlaşdırıldı. İdeoloji təzyiqlər, rus dilinin hökmran mövqeyə gətirilməsi ana dilimizin dövlət dili kimi inkişafına böyük maneələr törətdi. Bütün bunlara baxmayaraq, XX əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliyi, misilsiz cəsarəti və milli təəssübkeşliyi sayəsində tarixi bir dönüş yarandı. Sovet imperiyasının sərt rejimi şəraitində – 1978-ci il Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin daxil edilməsi o dövr üçün əsl mənada qəhrəmanlıq idi. Həmin addım təkcə hüquqi norma deyil, gələcək müstəqil dövlətçiliyin ideoloji təməl daşlarından biri oldu.
Müstəqilliyin bərpasından sonra ana dilimizin dövlət dili kimi tam və real fəaliyyəti üçün geniş üfqlər açıldı. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili rəsmi olaraq dövlət dili statusunu aldı. Bununla yanaşı, latın qrafikalı əlifbaya keçid məsələsi müstəqil dövlət quruculuğunun və milli ideologiyanın prioritet istiqamətinə çevrildi. Sovet dövründə tətbiq edilən kiril əlifbası xalqı əsrlərlə formalaşmış yazılı irsindən və digər Türk xalqlarından təcrid etmək məqsədi daşıyırdı. Latın qrafikasına keçid bu tarixi qopuqluğu aradan qaldırmaq, milli təfəkkürü azadlaşdırmaq və Azərbaycanı dünya birliyinə inteqrasiya etdirmək baxımından strateji əhəmiyyət kəsb edirdi.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman və həmin il avqustun 9-da imzalanan Sərəncam ilə bu sahədə qətiyyətli addım atıldı. 2001-ci il avqustun 1-dən ölkədə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına tam keçid sağlandı və 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. Bu qərar Azərbaycanın mədəni, siyasi və ictimai həyatında yeni bir mərhələnin əsasını qoydu.
Bu gün Prezident İlham Əliyev tərəfindən ana dilimizin qorunması, zənginləşdirilməsi və tətbiq alanlarının genişləndirilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. "Azərbaycan dilinin elektron məkanda daha geniş tətbiqi", "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi" haqqında fərmanlar, eləcə də Dövlət Dil Komissiyasının fəaliyyəti bunun bariz göstəricisidir.
Müasir dünyada qloballaşma processeslərinin sürətlənməsi, texnologiyanın sürətli inkişafı dövlət dili qarşısında bir sıra mühüm vəzifələr qoyur. Birincisi, Azərbaycan dilinin elektron resurslarda, axtarış sistemlərində, rəqəmsal kitabxanalarda və süni intellekt alətlərində geniş, düzgün və zəngin şəkildə təmsil olunması günümüzün əsas tələbidir. Dil rəqəmsal aləmdə nə qədər aktividirsə, onun gələcək yaşaması bir o qədər təmin olunmuş sayılır. İkincisi, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, reklam və küçə adlarında, rəsmiyətdə ədəbi dilin normalarına riayət olunması vacibdir. Lüzumsuz xarici sözlərin (varvarizmlərin) dilimizə daxil olmasının qarşısı alınmalı, ana dilimizin özünəməxsus ahəngi, leksik zənginliyi qorunmalıdır. Üçüncüsü, iqtisadiyyat, tibb, hüquq, kibernetika və digər müasir elmi sahələrdə terminologiyanın Azərbaycan dilində dəqiq formalaşdırılması, elmi üslubun zənginləşdirilməsi dilin funksionallığını və nüfuzunu artırır.
Dövlət dili sadəcə bir ünsiyyət vasitəsi deyil, o, müstəqil dövlətin varlığını, onun suverenliyini, ərazi bütövlüyünü və milli birliyini təcəssüm etdirən ən ali rəmzlərdəndir. Dilini qorumayan, ona laqeyd yanaşan xalq zamanla öz milli özünəməxsusluğunu və müstəqil düşüncə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalır. 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilimiz bizə babalarımızdan qalan ən böyük əmanət, müstəqil Azərbaycanın isə ən etibarlı pasportudur. Onu sevib qorumaq, saflığını saxlamaq və gələcək nəsillərə daha da zənginləşmiş şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də ziyalıların və mətbuat nümayəndələrinin müqəddəs borcudur. Dilimizin qüdrəti – dövlətimizin qüdrətidir.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər