Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonundan olan şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılardan ibarət 62 nəfərlik qrupun Xankəndi–Şuşa–Laçın-Zəngilan istiqamətində iki günlük səfəri baş tutub.
Artıq üçüncü ildir ki, millət vəkili Ağalar Vəliyevin şəxsi təşəbbüsü ilə təşkil olunan bu səfərlər Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaq, Böyük Qayıdış çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini yerində görmək baxımından mühüm əhəmiyyət daşıyır.
İki gün ərzində səfər iştirakçıları Qarabağın müxtəlif bölgələrində tarixi və mədəni əhəmiyyət daşıyan məkanları, eləcə də azad edilmiş ərazilərdə yaradılan yeni şəhər və kəndləri ziyarət ediblər. Ağdamda Muğam Mərkəzi, Şəhidlər xiyabanı və Cümə məscidi ilə tanışlıq olub. Xankəndidə Qarabağ Universitetinə və Zəfər Parkına baş çəkilib.
Səfərin ən duyğulu dayanacaqlarından biri Şuşa olub. İştirakçılar Cıdır düzündə Qarabağın möhtəşəm mənzərəsini seyr edib, Şuşa qalasını, güllələnmiş büstləri və Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Şuşanın hər qarışında Azərbaycanın zəngin tarixi və mədəni irsinin izlərini görmək səfər iştirakçılarına xüsusi hisslər yaşadıb.
Laçın səfəri də böyük maraqla qarşılanıb. Qrup Zabux qəsəbəsində, Ceyran Qızlar bulağında və seyrangahda olub. Zəngilan rayonunda isə Ağalı kəndinə səfər edilərək burada həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq baş tutub.
Səfərin xüsusi məqamlarından biri şəhid ailələrinin nümayəndələrinin övladlarının Vətən müharibəsi zamanı döyüşdüyü torpaqları öz gözləri ilə görməsi olub. Şəhid ailələri üçün bu məkanlara səfər sadəcə bir tur deyil, həm də övladlarının qəhrəmanlıq yoluna, onların uğrunda canlarından keçdiyi torpaqlara mənəvi bir ziyarət olub.
İştirakçılar eyni zamanda Qarabağda son illərdə həyata keçirilən nəhəng quruculuq və abadlıq layihələrinin şahidi olublar. Yenidən qurulan şəhər və kəndlər, müasir infrastruktur, yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər Böyük Qayıdışın miqyasını bir daha əyani şəkildə nümayiş etdirib.
Qarabağın füsunkar təbiəti, axarlı-baxarlı torpaqları, tarixi abidələri və sürətlə yenilənən yaşayış məntəqələri səfər iştirakçılarında böyük təəssürat yaradıb.
Şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Məclisin deputatı Ağalar Vəliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu cür təşəbbüslərin Qarabağın Zəfər tarixinin canlı şəkildə yaşadılması, insanların azad edilmiş ərazilərlə daha yaxından tanış olması və Böyük Qayıdış prosesinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.