Zəmanəsinin görkəmli maarifçisi, daim yeniliyi, mədəniyyətin təmsilçisi olan Əhməd bəy Cavanşir kimi bir ziyalının ailəsində dünyaya göz açan Həmidə xanım Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolunun müəllifi olub. Bəs Əhməd bəy Cavanşir kim olub? Əhməd bəy Cavanşir Cəfərqulu bəy oğlu Azərbaycan tarixçisi, Qarabağ xanları nəslindəndir. Əhməd bəy Cəfərqulu bəy oğlu 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlib. 15 yaşına qədər molla yanında oxumuş, sonra rusca öyrənmişdir. 1843-ci ildə Mehdiqulu xan Cavanşirin xahişinə görə, çar I Nikolay Əhməd bəyi Peterburqa tələb edir və onu dövlət hesabına Pavlov kadet korpusuna qəbul edir. O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul edirdilər. İzdihamlı Sankt-Peterburq mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə ciddi səy göstərir və bu dili mükəmməl surətdə öyrənə bilir.
Peterburq kadet korpusunda təhsil almış (1843–48), Krım müharibəsində (1853–56) iştirak etmişdir. Dueldə şikəst olduğundan 1854 ildə hərbi xidmətdən istefaya çıxmış, bir müddət Qarabağda mirab vəzifəsində işləmişdir.
ZƏMANƏSİNİN "URUS ƏHMƏD BƏY"İ
Mənbələrdə qeyd olunur ki, 1854-ci ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təssərüfat işləri ilə məşğul olmağa başlayır. Rus ordusundan istefaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yeni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında "Urus Əhməd bəy" ləqəbini almışdı. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub.
Eyni zamanda kimin həqiqətən bəy olduğunu araşdıran Şuşada yaradılmış komissiyanın tərkibində də fəaliyyət göstərmişdir. Zəngin şəxsi kitabxanası olmuşdur. Ərəb, fars, rus dillərini mükəmməl bilmiş, A.S.Puşkin, M.Y.Lermontov, V.A.Jukovski və b. şairlərdən tərcümələr etmiş, "Qafqaz", "Novoye obozreniye"qəzetlərində müntəzəm dərc olunmuşdur. Uşaqlar üçün mənzum "AsariƏhməd bəy Cavanşir" və Azərbaycan zərbi-məsəllərindən ibarət dördcildlik əsərlərin (bizə çatmamışdır) müəllifidir. Ən qiymətli əsəri 1883 ildə Şuşada rus dilində yazdığı və ilk mənbələrə əsaslanan "Qarabağ xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər)" əsəridir. 1884 ildə Tiflisdə, 1901 ildə isə Şuşada çapdan çıxmışdır. Qarabağ xanlığının tarixini xronoloji ardıcıllıqla şərh etmiş, Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu və Şuşanın mühasirəsi zamanı yerli əhalinin necə müqavimət göstərdiyi ilə bağlı maraqlı faktlar qələmə almışdır.
Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və ədəbiyyata aid kitabları mütailə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olurdu. Əhməd bəy 1903-cü il yanvarın 9-da vəfat etmiş və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir.
ƏHMƏD BƏY OCAĞININ YETİRMƏSİ
Belə bir alicənab şəxsin evində doğulan övlad kimi Həmidə xanım öz təhsili, rus dili biliyi, intellekti və dünyagörüşü ilə təbii ki, digər xanımlardan xeyli dərəcədə fərqlənirdi. Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Bütün Qarabağ əhalisinə çoxsaylı yardımlar edən, əl uzadan, arxa duran Həmidə xanım buna görə bəlkə də bütün həyatı boyu çətinliklərlə mübarizə aparmalı olmuşdur. Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən heç kəsi naümid qoymurdu. O, Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el-obasının əhalisi yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq sağalmalarını təmin edib.
AZƏRBAYCAN TARİXİNDƏ İLK MƏRUZƏÇİ QADIN
Həmidə xanım haqqında daha bir həqiqət onun Azərbaycan tarixində ilk məruzəçi qadın olmasıdır. Belə ki, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Həmidə xanım iri mülkədar kimi Qarabağı təmsil edirdi. Həmin Seym üçün onun çıxışını həyat yoldaşı Cəlil Məmmədquluzadə redaktə edir. Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" kitabı çapdan çıxıb. Kitabda dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumatlar verilir. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci il 6 fevralda vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir. 82 illik ömrün böyük hissəsini xalqına, el-obasına, mücadiləli bir şərfəli yola həsr edən Həmidə xanım illər keçsə də onu xatırlayacaq və şərəfli həyatın məğrurluqla vərəqləyəcək.
Nəzakət ƏLƏDDİNQIZI