Naxçıvan qədim və zəngin tarixə, özünəməxsus mədəniyyətə və möhtəşəm memarlıq nümunələrinə malik olan qədim Azərbaycan torpaqlarındandır. Əsrlər boyu formalaşan tarixi-mədəni irs bu gün də Naxçıvanın simasını müəyyənləşdirən əsas dəyərlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı bölgənin tarixi-mədəni irsinin qorunması məsələlərinə xüsusi diqqət yetirilib. Prezidentə Naxçıvanın tarixi-mədəni abidələri, o cümlədən Möminə xatun məqbərəsinin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Naxçıvanın tarixində Atabəylər dövlətinin xüsusi yeri vardır. XII əsrdə Atabəylər dövlətinin paytaxtı olmuş şəhər həmin dövrdə Azərbaycanın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Bu dövrdən qalan abidələr Naxçıvan memarlıq məktəbinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir.
Bu zəngin irsin ən qiymətli nümunələrindən biri Möminə xatun məqbərəsidir. XII əsrdə böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən inşa edilən məqbərə Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri hesab olunur. Onun özünəməxsus quruluşu, naxışları və memarlıq üslubu abidənin tarixi və sənət baxımından əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin diqqətinə təqdim olunan bərpa işləri Möminə xatun məqbərəsinin gələcək nəsillər üçün qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Naxçıvanın digər tarixi-mədəni obyektlərinin də konservasiyası, qorunması və bərpasının nəzərdə tutulması dövlətin milli-mədəni irsimizə göstərdiyi diqqətin göstəricisidir.
Möminə xatun məqbərəsinin müəllifi Əcəmi Naxçıvaninin şərəfinə abidənin ucaldılması da böyük memarın irsinə verilən yüksək dəyərin ifadəsidir. Əcəmi Naxçıvaninin yaratdığı ölməz sənət əsəri – Möminə xatun məqbərəsi isə əsrlərdir ki, Naxçıvanın memarlıq qüdrətini nümayiş etdirir.
Tarixi abidələrin qorunması yalnız keçmişin yad edilməsi deyil, milli kimliyimizin və mədəni yaddaşımızın gələcəyə ötürülməsidir. Naxçıvanın zəngin tarixi-mədəni irsinin bərpası və qorunması Azərbaycan dövlətinin milli dəyərlərə bağlılığının parlaq nümunəsidir.
Bu gün Naxçıvanın qədim abidələri yeni nəsillərə tariximizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi tanıdır. Möminə xatun məqbərəsi isə bu zəngin irsin ən parlaq simvollarından biri kimi öz əzəmətini qoruyaraq gələcəyə doğru yolunu davam etdirir.
Sona Əsədova
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəalı