Prezident İlham Əliyev: “Bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub”
Eyni ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarını əhatə edir. Azərbaycan və Özbəkistanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdəndir. “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub”. Bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bu sintezə dünya siyasətində o qədər də tez-tez rast gəlinmədiyini vurğulayaraq qeyd edib ki, hər iki ölkənin hökumətlərinin inkişafa, insanların həyatı üçün daha yaxşı şərait yaradılmasına və səylərin birləşdirilməsinə yönəlmiş istəyi uğur qazanacağımızın ən mühüm amilidir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Özbəkistanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. “Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, lakin bundan da böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur”. Bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu böyük və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da daha çox Özbəkistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
“HƏR İKİ ÖLKƏNİN HÖKUMƏTLƏRİNİN İNKİŞAF, DAHA YAXŞI HƏYAT ŞƏRAİTİ YARATMAQ, SƏYLƏRİ BİRLƏŞDİRMƏK ÜÇÜN ÇALIŞMASI BİZİM UĞUR QAZANACAĞIMIZIN ƏN MÜHÜM AMİLİDİR”
Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin mühüm rolu var. Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdilən mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə töhfələr verir. Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzalayıblar. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq haqqında Memorandum”u, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ı və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nı (Yol Xəritəsi)”,“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı” və digər sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Prezidentinin Özbəkistana növbəti dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. “Bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”, - deyə Prezident bildirib.
“BİZ BÜTÜN İSTİQAMƏTLƏRDƏ FƏAL ƏMƏKDAŞLIĞI, SƏMƏRƏLİ NƏTİCƏLƏRİ HƏDƏF SEÇMİŞİK”
Özbəkistan hər zaman ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Qırx dörd günlük zəfər yolumuzda bir çox ölkələr kimi Özbəkistan da bizi dəstəkləyir, bütün dünya kimi haqlı mübarizəmizi görürdü. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Qeyd edək ki, bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Xatırlatmaq yerinə düşər ki, Özbəkistan Prezidentinin 2019-cu ildə Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.” Vurğulamaq yerinə düşər ki, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
“BU GÜN BİZ BİR MİLYARDLIQ TİCARƏT DÖVRİYYƏSİ HƏDƏFİNDƏN HANSISA UZAQ BİR XƏYAL KİMİ DEYİL, YƏQİN Kİ, BİR NEÇƏ İLDƏN SONRA ÇATACAĞIMIZ NƏTİCƏ KİMİ DANIŞIRIQ”
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”, - deyə Prezident bildirib.
Özbəkistan da dost ölkələr kimi, Qarabağın bərpasına öz töhfəsini verir. “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.” Qeyd edək ki, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkdilər. Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verilib. 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib. Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var. Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir. Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi - Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir. Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb. “Yeni Daşkənd” ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Görüşdə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin Azərbaycan–Özbəkistan qardaşlığının rəmzi olduğu, universitetin yeni binasının isə iki ölkəni birləşdirən qədim və müasir dəyərləri, həmçinin xalqlarımızın birliyini əks etdirdiyi vurğulanıb. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin fəaliyyətə başlamasından ötən üç il ərzində Azərbaycan və Özbəkistan şagirdləri arasında dostluq və əməkdaşlıq əlaqələri daha da inkişaf edib. Bu çərçivədə məktəbin müəllimləri Daşkənddə XXI əsr müəllimi üçün zəruri olan istiqamətlər üzrə təlimlərdə iştirak edirlər. Məktəbin məzunlarının 20 faizi Daşkənddəki Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetə qəbul olunub.
Bütün bunlarla yanaşı, Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub. Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar. Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub. Azərbaycan-Özbəkistan əlaqələri bir daha onu göstərir ki, istər çətin zamanlarda, istərsə də əminəmanlıq şəraitində biz dost münasibətində olmuşuq. Hər iki tərəfin uzaqgörənliyi nəticəsində ümid edir ki, hələ uzun müddət bu dostluq, qardaşlıq münasibətləri davam edəcək. Bütün bunlar iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini,sürətləndiyini deməyə imkan verir.
Zümrüd BAYRAMOVA