PDF Oxu

Siyasət

  • 473

Azərbaycan və Özbəkistan: tarixə və mədəniyyətə söykənən qardaşlıq əlaqələri

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında tarixi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər və mətbuat üçün verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər yalnız geostrateji maraqlar deyil, eyni zamanda dərin köklərə söykənən tarixi, mədəni və mənəvi bağlardır. Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğuladığı "İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub" tezisi iki ölkə arasındakı əməkdaşlığın fəlsəfəsini və gələcək inkişaf vektorunu tam dəqiqliyi ilə əks etdirir.
Mənəvi təməl dedikdə, ilk növbədə, xalqlarımızın əsrlər boyu saxladığı qardaşlıq münasibətləri, ortaq tarix, din, dil, mədəniyyət və milli-mənəvi dəyərlər nəzərdə tutulur. Azərbaycan və Özbəkistan xalqları tarixin bütün çətin sınaqlarında bir-birinə dəstək olmuş, sevincini və kədərini paylaşmışlar. Prezident İlham Əliyevin Özbəkistana hər bir səfəri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri sadəcə rəsmi protokol xarakteri daşımır, yüksək mənəvi səmimiyyət və qarşılıqlı hörmət mühitində keçir. Mənəvi birliyin və qardaşlığın ən parlaq təcəssümü kimi Özbəkistanın işğaldan azad edilmiş Qarabağın bərpasında göstərdiyi qardaşlıq dəstəyini xüsusi qeyd etmək lazımdır. Özbəkistan tərəfindən Füzuli şəhərində inşasına təşəbbüs göstərilən və istifadəyə verilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu mənəvi təməlin sarsılmaz rəmzidir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında ilk kömək əlini uzadan ölkələrdən birinin məhz Özbəkistan olması Azərbaycan xalqının qəlbində dərin minnətdarlıq hissi doğurmuşdur.
Münasibətlərin maddi təməli isə sürətlə artan ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşları, sənaye kooperasiyası, energetika və nəqliyyat-loqistika sahələrində həyata keçirilən irimiqyaslı layihələrlə ölçülür. İki ölkə arasında təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti, birgə İnvestisiya Fondunun yaradılması iqtisadi əlaqələrin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına xidmət edir. Sənaye, kənd təsərrüfatı, toxuculuq, maşınqayırma və bərpa olunan enerji sahələrində birgə layihələrin icrası hər iki ölkənin iqtisadi potensialını artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Azad İqtisadi Zonası vasitəsilə Özbəkistan məhsullarının dünya bazarlarına çıxarılması, eləcə də Orta Dəhliz çərçivəsində sıx əməkdaşlıq maddi təməlin nə qədər əhəmiyyətli və strateji olduğunu göstərir.
Prezident İlham Əliyev öz bəyanatında diqqəti ona yönəltdi ki, bu iki sütun – mənəvi səmimiyyət və praqmatik iqtisadi maraqlar – bir-birini tamamlayaraq Azərbaycan-Özbəkistan müttəfiqliyini sarsılmaz edir. Bu gün hər iki dövlət Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir. Regional inteqrasiyanın dərinləşməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə addımların atılması iki ölkənin beynəlxalq müstəvidə də vahid mövqedən çıxış etdiyini sübut edir.
Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Dövlət başçılarının müntəzəm xarakter alan şəxsi dostluğu və siyasi iradəsi ikitərəfli münasibətlərin dinamik inkişafına güclü təkan verir. 2026-cı ilin avqust səfəri zamanı imzalanan ikitərəfli sənədlər, strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsinə dair bəyannamələr gələcək fəaliyyətlər üçün aydın yol xəritəsi müəyyən etmişdir. Bu sənədlər həm siyasi dialoqun, həm də iqtisadi-ticari tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.
Azərbaycan və Özbəkistanın iqtisadi kooperasiyası yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Xüsusilə nəqliyyat və loqistika sahəsində həyata keçirilən birgə təşəbbüslər Avrasiya məkanında yeni geoiqtisadi reallıqlar yaradır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəal istifadəsi Özbəkistanın Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Avropa və Yaxın Şərq bazarlarına çıxışını təmin edir. Bu layihələr hər iki ölkənin tranzit potensialını dəfələrlə artırmaqla yanaşı, regionun iqtisadi cazibədarlığını da yüksəldir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpa olunan və yaşıl enerji sahəsində təcrübə mübadiləsi və birgə layihələrin planlaşdırılması müasir dövrün çağırışlarına uyğundur. Azərbaycanın Xəzər dənizinin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində atdığı addımlar və Özbəkistanın bu sahədəki strategiyası gələcəkdə birgə enerji dəhlizlərinin formalaşmasına şərait yaradır. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bu cür genişmiqyaslı planlar münasibətlərin maddi təməlini daha da dayanıqlı edir.
Mədəni-humanitar sahədə əməkdaşlıq isə mənəvi təməlin daim canlı və fəal qalmasını təmin edir. İki ölkənin mədəniyyət xadimlərinin, elm adamlarının, gənclərin və tələbələrin qarşılıqlı səfərləri, mədəniyyət günlərinin keçirilməsi, birgə elmi və bədii layihələrin icrası xalqlarımızı daha da yaxınlaşdırır. Nizami Gəncəvi və Əlişir Nəvai irsinin birgə tədqiqi və təbliğ olunması ortaq mədəni köklərimizin zənginliyini bütün dünyaya nümayiş etdirir. Bu mənəvi bağlılıq gələcək nəsillərə ötürülən ən qiymətli mirasdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və mətbuata bəyanatı bir daha sübut etdi ki, Azərbaycan-Özbəkistan dostluğu və müttəfiqliyi sadəcə konyuktur maraqlara deyil, dərin siyasi iradəyə, sarsılmaz mənəvi dəyərlərə və qarşılıqlı faydalı iqtisadi əsaslara söykənir. Mənəvi və maddi təməlin belə harmonik şəkildə birləşməsi iki ölkə arasındakı əlaqələrin uzunömürlü, davamlı və sarsılmaz olmasının əsas zəmanətidir. Azərbaycan və Özbəkistan bundan sonra da bir-birinin yanında olacaq, regional və qlobal səviyyədə birgə uğurlara imza atmağa davam edəcəklər.

Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər