PDF Oxu

Siyasət

  • 903

Azərbaycan–Özbəkistan qardaşlığı yeni strateji mərhələdə - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla zəngindir. 21 avqust 2026-cı il tarixində yayımlanan müsahibə Prezidentin Özbəkistana dövlət səfəri ərəfəsində Azərbaycan–Özbəkistan münasibətlərinin bütün əsas istiqamətlərinə dair mövqeyini əks etdirib.
Müsahibədə diqqəti cəlb edən əsas məqam Azərbaycanla Özbəkistan arasında əlaqələrin artıq ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasındakı münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, adət-ənənələr və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri yalnız diplomatik əlaqələr çərçivəsində deyil, xalqların tarixi və mənəvi yaxınlığından qaynaqlanan qardaşlıq münasibətləri kimi xarakterizə olunur.
Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın dövlətlərarası əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayıb. Bu şəxsi münasibətlər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəyə çatmasına, qarşılıqlı səfərlərin intensivləşməsinə və bir sıra mühüm strateji sənədlərin imzalanmasına mühüm zəmin yaradıb. Son illərdə dövlət başçıları arasında keçirilən çoxsaylı görüşlər Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik xarakter daşıdığını göstərir.
Müsahibənin mühüm istiqamətlərindən biri Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlıdır. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yalnız coğrafi deyil, həm də tarixi, mədəni və mənəvi baxımdan sıx bağlı olduğunu bildirib. Xəzər dənizi isə bu əlaqələrdə mühüm birləşdirici amil kimi çıxış edir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin getdikcə daha böyük strateji əhəmiyyət qazanan vahid geosiyasi və iqtisadi məkan formalaşdırması regionlararası əməkdaşlıq üçün yeni imkanlar açır.
Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti xüsusilə diqqət çəkir. Azərbaycan Prezidentinin müsahibəsində qeyd etdiyi kimi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər layihələr ölkəmizin Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının daha da genişlənməsinə mühüm töhfə verə bilər.
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin inkişafı da müsahibədə geniş yer tutub. Prezident İlham Əliyev iqtisadi-ticari əməkdaşlığın dinamikasını yüksək qiymətləndirərək qarşılıqlı sərmayələrin, birgə müəssisələrin və yeni layihələrin sayının artdığını diqqətə çatdırıb. Müsahibədə bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Həmçinin 2023-cü ildə 500 milyon ABŞ dolları ümumi kapital nəzərdə tutan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iqtisadi tərəfdaşlığın strateji xarakterini göstərən mühüm addımlardan biri kimi qiymətləndirilir.
İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri Qarabağda həyata keçirilən birgə layihələrdir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib və Qarabağın bərpası prosesinə töhfə verən ilk ölkələrdən biri olub. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi iki ölkə arasında həmrəyliyin və qardaşlığın real nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə təhsil obyektinin yaradılması deyil, həm də Azərbaycan xalqına göstərilən mənəvi dəstəyin ifadəsidir.
Enerji və nəqliyyat sahələrində əməkdaşlıq da iki ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqi ilə bağlı atılan addımlar regionun enerji təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından yeni perspektivlər formalaşdırır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın və Mərkəzi Asiyanın enerji potensialının dünya bazarlarına çıxarılması üçün də yeni imkanlar yaradır.
Müsahibədə mədəni-humanitar münasibətlərə xüsusi yer ayrılması isə Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini bir daha göstərir. Azərbaycan və Özbəkistan arasında keçirilən mədəniyyət, elm və incəsənət günləri, Şuşa və Xivə arasında qurulan əlaqələr, müxtəlif şəhərlərin qardaşlaşması xalqların bir-birini daha yaxından tanımasına və ortaq mədəni irsin qorunmasına xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının, Bakıda isə “Özbəkistan” parkının yaradılması iki xalqın qarşılıqlı ehtiramının simvolik ifadəsidir.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da getdikcə daha geniş məzmun alır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatında fəal iştirakı türk dünyasının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlıq iki dövlətin regional və qlobal məsələlərə dair mövqelərinin yaxınlığını nümayiş etdirir.
Müasir dövrdə media və informasiya sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında media forumlarının keçirilməsi, jurnalistlər və media qurumları arasında əlaqələrin genişləndirilməsi iki ölkənin informasiya məkanlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Prezident İlham Əliyevin məhz Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verməsi də bu baxımdan rəmzi əhəmiyyət daşıyır. Bu müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətinin qardaş ölkənin ictimaiyyətinə çatdırılması baxımından mühüm informasiya platformasıdır.
Müsahibədə idman sahəsində əməkdaşlığın da diqqətdən kənarda qalmaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın birgə səyləri nəticəsində 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin iki ölkədə təşkil olunması qərara alınıb. Bu, iki qardaş ölkənin beynəlxalq miqyaslı tədbiri birgə təşkil etməsi baxımından mühüm nailiyyətdir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq platformasının mühüm elementi kimi formalaşır. Nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət və investisiya imkanları, humanitar əlaqələr və türk dünyasında həmrəylik iki ölkənin strateji maraqlarının bir çox istiqamətdə üst-üstə düşdüyünü göstərir.
Müsahibənin məhz dövlət səfəri ərəfəsində yayımlanması onun siyasi əhəmiyyətini daha da artırır. Nitekim 23 avqust 2026-cı ildə Azərbaycan və Özbəkistan prezidentləri Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclasında iştirak edib, bir sıra sənədlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər keçiriblər. Bu hadisələr müsahibədə səsləndirilən fikirlərin praktik əməkdaşlıqla tamamlandığını nümayiş etdirir.
Beləliklə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin bu gün hansı mərhələdə olduğunu aydın şəkildə ortaya qoyur. Bu münasibətlər ortaq tarixdən güc alan, siyasi etimadla möhkəmlənən, iqtisadi layihələrlə zənginləşən və humanitar əlaqələrlə daha da dərinləşən strateji müttəfiqlik modelinə çevrilib. Qarşıdakı dövrdə bu modelin həm ikitərəfli münasibətlərin, həm də Azərbaycanla Mərkəzi Asiya arasında regional əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyi şübhəsizdir.
Azərbaycan və Özbəkistanın münasibətlərində əldə olunan nəticələr göstərir ki, tarixi və mənəvi bağlar üzərində qurulan siyasi iradə xalqların rifahına və regionun davamlı inkişafına xidmət edən real layihələrə çevrilə bilir. Prezident İlham Əliyevin müsahibəsində ifadə etdiyi əsas mesaj da məhz bundan ibarətdir: əsrlər boyu Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən dostluq, qardaşlıq və qarşılıqlı hörmət bundan sonra da dövlətlərarası münasibətlərin ən möhkəm dayaqlarından biri olacaq.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər