İki xalq arasında əlaqələr təkcə diplomatik və iqtisadi maraqlarla məhdudlaşmır; bu münasibətlər eyni soy-kökə, dil, din və mədəniyyət birliyinə söykənir. Əsrlər boyu formalaşan mənəvi bağlar müasir dövrdə strateji tərəfdaşlığın sağlam bünövrəsini təşkil edir.
Bakı və Daşkənd arasında inkişaf edən intensiv dialoq, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan mühüm sənədlər münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Liderlər arasındakı səmimi dostluq və siyasi iradə xalqların mənəvi rəğbətini əməli müstəviyə keçirən əsas hərəkətverici qüvvədir.
Prezident İlham Əliyevin 23–24 avqust 2026-cı il tarixlərində Özbəkistana reallaşan son dövlət səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və digər mühüm sənədlərin imzalanması strateji tərəfdaşlığın hüquqi baza ilə daha da möhkəmləndiyini sübut etdi. Bu səfər həm də ticarət-iqtisadi, sənaye kooperasiyası və investisiya sahələrində yeni hədəflərin müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid mövqedən çıxış edərək regional təhlükəsizliyin, sabitliyin və inteqrasiyanın əsas sütunlarına çevrilib. Beynəlxalq platformalarda bir-birinə nümayiş etdirilən şərtısz dəstək bu rəğbətin bariz nümayişidir.
Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində inşa etdiyi Mirzə Uluqbəy adına məktəb iki ölkə arasındakı mənəvi bağın və dostluğun əbədi rəmzinə çevrilmişdir. Bu addım özbək xalqının Azərbaycan xalqının sevincinə və kədərinə şərik olmasının əyani sübutudur.
Son illərdə ticarət dövriyyəsinin sürətlə artması, maşınqayırma, tekstil, kənd təsərrüfatı və energetika sahələrində həyata keçirilən birgə layihələr, həmçinin Birgə İnvestisiya Fondunun fəaliyyəti iqtisadi münasibətləri yeni müstəviyə çıxarır. Turizm və humanitar sahələrdə dinamik artım müşahidə olunur, xalqlararası təmaslar getdikcə intensivləşir.
Orta Dəhliz (Transxəzər Beşəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əməkdaşlıq hər iki ölkənin geosiyasi əhəmiyyətini artırır. Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqazı bağlayan mühüm nəqliyyat qovşağı rolunu oynayır.
Yekun olaraq vurğulamaq lazımdır ki, Bakı və Daşkənd arasındakı bu strateji həmrəylik sadəcə iki dövlətin tərəfdaşlığı deyil, ümumilikdə Türk dünyasının geostrateji güclənməsinə, regionda dayanıqlı sülhün və tərəqqinin bərqərar olmasına xidmət edən tarixi bir nümunədir. Bu sarsılmaz dostluq gələcək nəsillərə ötürüləcək en böyük mənəvi və siyasi irsdir.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri