“Prezident cənab İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri reallaşdı. Bu, onun beş ildə üçüncü dövlət səfəri və ümumilikdə qardaş ölkəyə yeddinci səfəridir. Rəqəm özü belə Bakı-Daşkənd xəttinin nə dərəcədə intensiv və davamlı xarakter daşıdığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, səfərin ilk günü protokol tədbirlərindən institusional qərarlara qədər geniş spektri əhatə etid və münasibətlərin artıq rəmzi səviyyədən konkret, ölçülə bilən nəticələr müstəvisinə keçdiyini bir daha təsdiqlədi:“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi ilə qarşılandı, qonaqları şəxsən Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladı. Bunun ardınca "Kuksaroy" Dövlət İqamətgahında tam formatlı rəsmi qarşılanma mərasimi keçirildi. Prezident və xanımı ənənəyə sadiq qalaraq Daşkənddəki Heydər Əliyev meydanında Ümummilli Liderin memorial kompleksini, həmçinin Müstəqillik abidəsini ziyarət etdilər.Səfərin institusional ağırlıq mərkəzi Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası oldu. Bu mexanizm 2023-cü ilin avqustunda yaradılıb və artıq üçüncü dəfə keçirilir. İlk iclas 2024-cü ildə Daşkənddə, ikincisi isə 2025-ci ildə Bakıda keçirilmişdi. Formatın ardıcıllığı hər il, növbəli qaydada, iki paytaxtda keçirilməsi münasibətlərin artıq situativ deyil, institusionallaşmış, planlaşdırılan xarakter daşıdığının göstəricisidir. Şuranın iclasından əvvəl iki lider arasında təkbətək görüş keçirildi. Bu format adətən ən həssas və strateji məsələlərin — məsələn, regional təhlükəsizlik, Orta Dəhliz layihəsinin sürətləndirilməsi kimi mövzuların müzakirəsi üçün ayrılır və şuranın geniş tərkibli iclasından fərqli olaraq, iki dövlət başçısının şəxsi etimad səviyyəsini əks etdirir.Səfərin ilk günündə diqqəti çəkən əsas iqtisadi bəyanat Prezident Əliyevin birgə investisiyaların həcmi barədə açıqlaması oldu. O, bildirdi ki, bu rəqəm artıq əvvəllər elan olunan 500 milyon dollar həddindən xeyli yüksəkdir. Bu, sadəcə statistik yenilənmə deyil, siyasi siqnaldır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin formalaşdırdığı platforma real şəkildə genişlənib və ilkin kapital həcmini üstələyib.
Bununla paralel, iki lider Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərində birgə iştirak etdilər. Prezidentlərin şəxsən belə tədbirlərdə iştirakı adətən layihələrin siyasi əhəmiyyətini vurğulamaq və investisiya mühitinə etimadı gücləndirmək məqsədi daşıyır.Səfərin ilk günündə xüsusi diqqətəlayiq məqamlardan biri Prezident Əliyevin Özbəkistanı Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə kimi qeyd etməsi oldu. Bu bəyanat rəsmi Bakının narrativində mühüm çəki daşıyır. O, Füzulidəki Özbəkistan təşəbbüsü ilə tikilən məktəb və "Dostluq bağı" kimi konkret layihələri diplomatik səviyyədə rəsmiləşdirir və Daşkəndin Qarabağ məsələsindəki mövqeyini nümunəvi tərəfdaşlıq modeli kimi təqdim edir.Dövlət səfərinin əsas günündə dövlət başçıları səviyyəsində əlavə sənədlər imzalandı və mövcud sənədlərin mübadiləsi baş tutub.Şahidi olduğumuz imza mərasimi özlüyünfə üç mühüm mesajı daşıyır.Birincisi, sənədlərin sahəvi diapazonu onu göstərir ki, əməkdaşlıq artıq tək bir sektora deyil, iqtisadiyyatın demək olar ki, bütün əsas qollarına yayılıb.İkincisi, dövlət başçıları səviyyəsində imzalanan sənədlərin Ali Dövlətlərarası Şuranın 3-cü iclası ilə eyni gündə baş tutması institusional ardıcıllığı təsdiqləyir. Bu artıq adi əməkdaşlıq deyil, illik təkrarlanan, proqnozlaşdırıla bilən mexanizmdir.Üçüncüsü, qardaşlaşan şəhərlər (xüsusilə Xankəndi–Urgənc) və Qarabağ mövzusundakı açıq tanınma sənədləşdirilmiş əməkdaşlığın sırf iqtisadi maraqdan kənara çıxaraq, Azərbaycanın ərazi bütövlüyü və postmüharibə bərpa prosesinə siyasi dəstəyin rəsmiləşdirilməsi funksiyasını da daşıdığını göstərir.Dördüncüsü, "Əbədi Dostluq Müqaviləsi"nin özü münasibətlərin diplomatik nərdivanının son pilləsi kimi göstərir ki, Bakı-Daşkənd oxu artıq nə situativ maraqlara, nə də konkret liderlərin şəxsi münasibətlərinə deyil, hüquqi cəhətdən dönməz elan edilmiş uzunmüddətli strateji seçimə əsaslanır. Bu formatın Azərbaycanın diplomatik təcrübəsində yalnız Türkiyə ilə paralel olması Özbəkistanın Bakının xarici siyasət iyerarxiyasında tutduğu istisnai yeri açıq şəkildə göstərir.Bu baxımdan səfərin ilk günü, ilk növbədə, Azərbaycan-Özbəkistan münasibətlərinin artıq "inkişaf edən tərəfdaşlıq" mərhələsindən "nəticə verən müttəfiqlik" mərhələsinə keçdiyini göstərən simvolik və praktiki sübutların toplandığı gün kimi yadda qalacaq”.
Müəllif: Arzu Qurbanlı