PDF Oxu

Siyasət

  • 614

Tarixi qardaşlıqdan gələcəyin müttəfiqliyinə - ŞƏRH

image

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə mənim üçün ən diqqətçəkən məqam Azərbaycan - Özbəkistan münasibətlərinin hansı sürətlə dəyişdiyini göstərən mənzərədir. Əslində, xalqlarımız arasında yaxınlıq yeni deyil. Bizim ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, bir-birimizə doğmalığımız həmişə olub. Yeni olan budur ki, bu gün həmin doğmalıq dövlətlər arasında real siyasi və iqtisadi gücə çevrilir.
Bəzən dövlətlər arasında münasibətlərin səviyyəsini imzalanmış sənədlərin sayı ilə ölçürük. Halbuki münasibətlərin həqiqi mahiyyətini daha çox dövlətlərin bir-birinə hansı məqamlarda və necə dayaq olması göstərir. Özbəkistanın işğaldan azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi buna çox gözəl nümunədir. Bu, sadəcə, bir məktəb binası deyil. Azərbaycan üçün həssas və tarixi bir mərhələdə qardaş ölkənin bizim yanımızda olmasının ifadəsidir. Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə bu dəstəyə görə xüsusi minnətdarlıq bildirməsi də təsadüfi deyil.
Bu münasibətlər artıq yalnız mənəvi yaxınlıq üzərində dayanmır. Azərbaycan və Özbəkistan arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir. Ticarət dövriyyəsi 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Birgə investisiya şirkəti yaradılıb, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələr həyata keçirilir. Yəni qardaşlıq hissi tədricən ortaq maraqlara, ortaq layihələrə və ortaq gələcək baxışına çevrilib.
Cənab Prezidentin müsahibəsində daha geniş bir mənzərə də görünür. Azərbaycanla Özbəkistan bir-birinə yaxınlaşdıqca əslində Xəzərin iki sahili də bir-birinə yaxınlaşır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan Mərkəzi Asiyada yerləşir. Bu iki coğrafiyanın nəqliyyat, enerji və iqtisadi imkanlarının birləşməsi isə artıq yalnız iki dövlətin münasibətləri məsələsi deyil. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası perspektivi bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Burada Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulmasını ayrıca qeyd etmək lazımdır. Vaxtilə “C5” adlandırılan formatın faktiki olaraq “C6”ya çevrilməsi, məncə, sadəcə, rəqəmin dəyişməsi deyil. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində baş verən strateji dəyişikliyin ifadəsidir. Azərbaycan artıq bu coğrafiya ilə kənardan əməkdaşlıq edən ölkə deyil, formalaşan regional dialoqun birbaşa iştirakçılarından biridir.
Bütün bunların Türk Dövlətləri Təşkilatı çərçivəsində baş verən proseslərlə üst-üstə düşməsi də mühüm məqamdır. Türk dünyasının yaxınlaşması artıq yalnız ortaq tarix və mədəniyyət haqqında danışmaqdan ibarət deyil. Nəqliyyat marşrutları qurulur, enerji layihələri hazırlanır, investisiyalar yatırılır, qarşılıqlı ticarət artır. Başqa sözlə, mənəvi birlik iqtisadi və siyasi məzmun qazanır.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsinin ən mühüm xüsusiyyəti də elə budur. Biz tarixdən gələn qardaşlığı gələcəyin müttəfiqliyinə çevirə bilmişik. Prezident İlham Əliyevin müsahibəsində səslənən faktlar göstərir ki, bu müttəfiqlik yalnız Bakı ilə Daşkənd arasında münasibətləri gücləndirmir. O, Azərbaycanı Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Azərbaycana daha da yaxınlaşdırır və Türk dünyasının gələcək siyasi, iqtisadi və nəqliyyat xəritəsinin formalaşmasına xidmət edir.


Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Digər xəbərlər