PDF Oxu

Siyasət

  • 1 140

"Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlir" - POLİTOLOQ

image

"Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ölkələrinin ən yüksək dövlət ordenləri ilə təltif olunmasını yalnız diplomatik protokol hadisəsi kimi qiymətləndirmək doğru olmaz".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu addım iki ölkə arasında münasibətlərin şəxslərdən və konkret siyasi dövrdən daha geniş məna daşıdığını, dövlət səviyyəsində strateji etimadın formalaşdığını nümayiş etdirən mühüm siyasi simvoldur:"Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordeninin, Prezident Şavkat Mirziyoyevə isə Azərbaycanın “Heydər Əliyev” ordeninin təqdim edilməsi məhz bu kontekstdə diqqət çəkir.Burada əsas mesaj qarşılıqlılıqdır. Yəni tərəflər bir-birinin dövlət başçısının münasibətlərin inkişafındakı rolunu eyni siyasi çəkidə qiymətləndirir. Bu, Azərbaycan–Özbəkistan münasibətlərində etimadın yüksək səviyyəsini göstərməklə yanaşı, liderlərin siyasi iradəsinin dövlətlərarası əlaqələrin institusional xarakter almasına verdiyi töhfəni də təsdiqləyir.Digər mühüm məqam isə bu təltiflərin “Əbədi dostluq haqqında Müqavilə” ilə eyni siyasi gündəmin tərkibində baş verməsidir. Yeni müqavilə münasibətləri əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qurur. Deməli, ordenlər bu münasibətin simvolik ifadəsidirsə, müqavilə onun hüquqi-siyasi əsasını möhkəmləndirir.Bunun Türk dünyası baxımından da ayrıca əhəmiyyəti var. Azərbaycan və Özbəkistan həm əhali, həm iqtisadi potensial, həm də geosiyasi mövqeyinə görə Türk dünyasının iki mühüm dövlətidir. Bakı ilə Daşkənd arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi Türk Dövlətləri Təşkilatı daxilində siyasi koordinasiyanın, iqtisadi əməkdaşlığın və nəqliyyat bağlantılarının daha da güclənməsi üçün əlavə imkanlar yaradır.Xüsusilə Orta Dəhliz kontekstində bu əməkdaşlıq strateji məna daşıyır. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən əsas qovşaqlardan biridir, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı iqtisadi mərkəzlərindəndir. Buna görə Bakı–Daşkənd xəttində siyasi etimadın artması yalnız ikitərəfli münasibətlərə deyil, daha geniş regional inteqrasiyaya da təsir göstərə bilər.Məncə, ali ordenlərin qarşılıqlı təqdim edilməsinin ən böyük mesajı budur: Azərbaycan və Özbəkistan artıq sadəcə dost dövlətlər deyil, bir-birini uzunmüddətli perspektivdə etibarlı müttəfiq kimi görən iki qardaş ölkədir. Bu münasibət Türk dünyasında siyasi həmrəyliyin emosional şüardan real dövlət siyasətinə çevrilməsinin də mühüm nümunəsidir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər