PDF Oxu

Siyasət

  • 537

MƏKKƏDƏN XƏZƏRƏ: YENİ AVRASİYA NİZAMI YARANIRMI? - ŞƏRH

image

Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı müdafiə sazişi, Türk dünyasının yüksəlişi və Azərbaycanın qarşısında açılan tarixi geosiyasi imkan

Dünya dəyişir.

Bəzən böyük geosiyasi dəyişikliklər bir müharibənin bitməsi, yeni dövlətin yaranması və ya böyük dövlətlər arasında imzalanan tarixi müqavilə ilə başlayır. Bəzən isə dəyişiklik daha sakit, daha mürəkkəb və ilk baxışda ayrı-ayrı görünən hadisələrin bir-birinə bağlanması ilə baş verir.

Bu gün Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər müşahidə olunan proseslər ikinci modelə daha çox bənzəyir.

7 avqust 2026-cı ildə Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Birgə Müdafiə Sazişi bu baxımdan yalnız üç ölkənin təhlükəsizlik razılaşması deyil. Sazişin əsas prinsipi ondan ibarətdir ki, tərəflərdən birinə qarşı silahlı hücum üç ölkənin hamısına qarşı hücum kimi qiymətləndiriləcək. Sonrakı açıqlamalarda siyasi-hərbi koordinasiya, birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı və yeni institusional mexanizmlərin yaradılması da gündəmə gətirilib.

İlk baxışda bu, Yaxın Şərq hadisəsidir. Əslində isə xəritə daha böyükdür. Çünki Məkkədə yaranan xətt bir tərəfdən Körfəzi və Cənubi Asiyanı Türkiyəyə bağlayırsa, digər tərəfdən Türkiyənin Türk dünyası siyasəti vasitəsilə Xəzərə və Mərkəzi Asiyaya qədər uzana bilər. Və bu iki xəttin kəsişdiyi əsas ölkələrdən biri təbii ki, Azərbaycandır.

Ona görə əsas sual artıq "Məkkə sazişi nədir?" deyil. Əsas sual budur: Bu saziş yeni Avrasiya təhlükəsizlik və geoiqtisadi arxitekturasının elementlərindən birinə çevrilə bilərmi və Azərbaycan həmin arxitekturanın harasında dayanacaq?

Məkkə sazişi: yeni NATO, yoxsa yeni bir regional model?

Sazişin ən çox diqqət çəkən cəhəti kollektiv müdafiə prinsipidir. Sazişi imzalayan dövlətlərdən birinə hücum hamısına hücum kimi qəbul edilir.

Bu, təbii olaraq NATO-nun 5-ci maddəsini xatırladır. Türkiyənin xarici işlər naziri Hakan Fidan da sazişin texniki baxımdan NATO-nun kollektiv müdafiə prinsipinə bənzədiyini bildirib. Lakin burada zərgər dəqiqliyi ilə, ehtiyatlı olmaq lazımdır.

Bu, NATO deyil.

NATO-nu NATO edən yalnız "birinə hücum hamısına hücumdur" prinsipi deyil. NATO-nun vahid komanda strukturu, ortaq hərbi planlaşdırması, standartlaşdırılmış sistemləri, daimi institutları və onilliklər ərzində formalaşmış hərbi inteqrasiyası var.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında isə belə səviyyədə inteqrasiya hələ mövcud deyil. Sazişin konkret hərbi öhdəliklərinin necə icra olunacağı ilə bağlı da mühüm suallar qalır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS - International Institute for Strategic Studies) təhlilinə görə, gələcəkdə institusional mexanizmlərin, birgə təlimlərin, hərbi uyğunluğun və müdafiə sənayesi əməkdaşlığının hansı səviyyəyə çatacağı sazişin real çəkisini müəyyənləşdirəcək.

Buna görə "İslam NATO-su" ifadəsi siyasi baxımdan cəlbedici olsa da, analitik baxımdan hələlik dəqiq deyil. Zənnimcə, daha doğru ifadə budur - regional güclərin öz təhlükəsizlik sistemlərini qurmaq cəhdi. Bu isə bəlkə də daha böyük hadisədir.

Dünya ekspertləri nə deyir?

Maraqlıdır ki, beynəlxalq ekspert dairələrində sazişə münasibət birmənalı deyil. Bir tərəfdən, saziş Yaxın Şərqin təhlükəsizlik arxitekturasında regional güclərin daha çox təşəbbüs götürməsinin göstəricisi kimi qiymətləndirilir. IISS onu regiondakı daha geniş geosiyasi yenidüzülüşün mühüm elementi kimi təqdim edir.

Atlantic Council isə sazişi regionda ABŞ-ın təhlükəsizlik təminatına dair artan suallar və İran ətrafında yaranan təhlükəsizlik böhranı fonunda regional güclərin özlərini daha çox qorumağa başlamasının göstəricisi kimi qiymətləndirir.

Digər tərəfdən, ekspertlərin əsas sualı sazişin real böhran zamanı nə qədər işlək olacağıdır. Onların arqumentləri belədir - siyasi çəkindirmə yaratmaq başqa şeydir, real müharibə zamanı avtomatik hərbi müdaxilə etmək tamam başqa.

Sazişin ilkin mətninin bütün hərbi öhdəlikləri və icra mexanizmlərini açıq şəkildə ortaya qoymaması bu sualı hələlik açıq saxlayır. Reuters də sazişin ilk elanında konkret müdafiə öhdəliklərinin təfərrüatlarının açıqlanmadığını qeyd edib.

Deməli, sazişin qarşısında iki mümkün gələcək var. Birinci - siyasi bəyanat və çəkindirmə mexanizmi olaraq qalmaq. İkinci - getdikcə institusionallaşaraq real təhlükəsizlik strukturuna çevrilmək. Bu fərqi zaman göstərəcək.

ABŞ-ın təhlükəsizlik çətiri zəifləyir, yoxsa sadəcə diversifikasiya olunur?

Məkkə sazişinin əsas geosiyasi fonlarından biri Körfəz dövlətlərinin ABŞ-ın təhlükəsizlik təminatına münasibətində yaranan suallardır.

Səudiyyə Ərəbistanı ABŞ-dan uzaqlaşmır. Bu mühüm məqamdır.

Riyad hələ də Vaşinqtonla strateji münasibətlərini qoruyur. Lakin eyni zamanda başqa təhlükəsizlik dayaqları yaradır.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında əvvəlki müdafiə əlaqələrinin dərinləşməsi və indi Türkiyənin də bu xəttə daxil olması göstərir ki, Riyad təhlükəsizliyini yalnız bir tərəfdaşdan asılı vəziyyətdə saxlamaq istəmir.

ABŞ-dakı nüfuzlu analitik dairələrdən CFR (Council on Foreign Relations - Xarici Əlaqələr Şurası) sazişi daha geniş bir prosesin - ABŞ-ın Yaxın Şərqdə əvvəlki dominant təhlükəsizlik roluna dair şübhələrin artmasının - əlaməti kimi qiymətləndirir.

Söhbət region dövlətlərinin ABŞ-la münasibətləri qoruyaraq paralel təhlükəsizlik imkanları yaratmasından gedir. Və bu da XXI əsrin yeni geosiyasi reallığının əsas xüsusiyyətlərindən biridir.

Türkiyə - bu yeni xəttin mərkəzi

Məkkə sazişində ən mühüm aktor Türkiyədir. Çünki Türkiyə eyni anda bir neçə geosiyasi məkanın içindədir. Türkiyə NATO-nun üzvüdür, Avropa ilə bağlıdır, Qara dəniz gücüdür, Yaxın Şərq dövlətidir, Qafqazda təsir sahibidir və eyni zamanda yeni qurulan dünya düzənində ən vacib faktorlardan biridə odur ki, Türkiyə, Türk dünyasının siyasi mərkəzlərindən biridir.

Bu xüsusiyyətlər Türkiyəyə başqa dövlətlərin malik olmadığı strateji çeviklik verir.

Türkiyənin son illərdəki siyasətini "strateji muxtariyyət" və "orta güc" siyasəti çərçivəsində izah etmək mümkündür. Ankara böyük güclərdən birinin tam orbitinə girmək əvəzinə bir neçə güc mərkəzi ilə paralel münasibətlər quraraq öz manevr imkanlarını artırmağa çalışır.

Bu siyasətin mərkəzində isə bir fikir dayanır - strateji muxtariyyət. Və burada Türk dünyası meydana çıxır.

Əgər Məkkə sazişinə yalnız İslam dünyası prizmasından baxsaq, Azərbaycanın prosesdəki əsl rolunu görə bilmərik. Lakin Türkiyənin qarşısında başqa böyük geosiyasi məkan var - təbii ki, Türk dünyası.

Türk dünyası: hərbi blok yox, strateji şəbəkə

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər Türk dövlətləri ilə, Türkiyəni birləşdirən Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni platforma deyil.

Təşkilatın gündəliyində nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, investisiya, süni intellekt, Orta Dəhliz və regional bağlantı kimi məsələlər getdikcə daha çox yer tutur.

Son dövrdə Türk dövlətlərinin əməkdaşlığında Orta Dəhliz və bağlantı xüsusi strateji prioritetə çevrilib. Bu prosesə başqa cür baxmaq lazımdır. Türk dünyası tədricən mədəni məkan, iqtisadi məkan, nəqliyyat məkanı və texnoloji məkan istiqamətində ciddi şəkildə inkişaf edir.

Növbəti mərhələ isə təhlükəsizlik əməkdaşlığının müəyyən elementlərinin ortaya çıxması ola bilər.

Türk NATO-su olmayacaq. Amma "Türk təhlükəsizlik məkanı" mümkündür və realdır.

Bu fərqi qorumaq vacibdir.

Türk dövlətlərinin NATO kimi vahid hərbi ittifaq yaratması yaxın perspektivdə real görünmür. Onların Rusiya, Çin, İran, ABŞ və Avropa ilə münasibətləri fərqlidir. Amma təhlükəsizlik əməkdaşlığı başqa formada inkişaf edə bilər, məsələn PUA texnologiyaları, müdafiə sənayesi, kibertəhlükəsizlik, elektron müharibə, sərhəd təhlükəsizliyi, kəşfiyyat mübadiləsi, birgə hərbi təlimlər, kritik infrastrukturun qorunması və Orta Dəhlizin təhlükəsizliyi.

Bu, formal hərbi ittifaq deyil. Amma zaman keçdikcə faktiki təhlükəsizlik şəbəkəsi yarada bilər.

Bu model həm daha realdır, həm də Türk dövlətlərinin fərqli xarici siyasətlərinə uyğundur.

Azərbaycan - iki böyük xəttin kəsişdiyi ölkə

İndi əsas məsələyə gəlirik.

Məkkədə yaranan xətt: Pakistan → Səudiyyə Ərəbistanı → Türkiyə

Türk dünyasının xətti - Türkiyə → Azərbaycan → Mərkəzi Asiya

Bu iki xətt birləşəndə Azərbaycan xüsusi geosiyasi əhəmiyyət qazanır. Çünki Azərbaycan Türkiyə ilə müttəfiqdir, Pakistanla strateji tərəfdaşdır, Türk Dövlətləri Təşkilatının əsas üzvlərindəndir, Xəzərin qərb sahilində yerləşir, Mərkəzi Asiyaya çıxış verir, Orta Dəhlizin əsas halqalarından biridir, Avropa ilə enerji əlaqələrinə malikdir, İran və Rusiya ilə qonşudur.

Bu sadalananlara diqqət yetirmək vacibdir. Bu, adi coğrafi təsadüf deyil. Azərbaycan müxtəlif geosiyasi sistemlərin kəsişmə nöqtəsidir.

Orta Dəhliz - bu xəttin iqtisadi ürəyidir

Əslində bütün məsələnin ən böyük sirri hərbi müqavilələrdə yox, dəhlizlərdədir.

Gəlin xəritəyə nəzər salaq: Çin → Qazaxıstan → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa. Bu, Orta Dəhlizdir.

Orta Dəhlizin əhəmiyyəti son illərdə əhəmiyyətli dərəcədə artıb. Carnegie (Carnegie Endowment for International Peace - Beynəlxalq Sülh Fondu) məlumatına görə, 2024-cü ildə marşrut üzrə yük həcmi illik 63 faizdən çox artaraq 4,1 milyon tona çatıb.

Lakin burada da romantik yanaşmaq olmaz. Orta Dəhlizin qarşısında hələ də ciddi problemlər var: Xəzər keçidinin tutumu, liman və dəmir yolu infrastrukturu, sərhəd prosedurları, gömrük sistemlərinin rəqəmsallaşdırılması, müxtəlif ölkələrdə texniki standartların uyğunlaşdırılması və daşınma xərcləri.

Marşrutun qarşısında infrastruktur və idarəetmə ilə bağlı problemlərin mövcud olması haqqında bəzi ekspertlərin rəyləridə bəllidir.

OECD (Organisation for Economic Co-operation and Development - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) də marşrutun hələ özəl sektor üçün bəzi alternativlərlə müqayisədə kifayət qədər rəqabətqabiliyyətli olmadığını vurğulayır. Deməli, Orta Dəhliz hazır və problemsiz magistral deyil. Amma strateji istiqamət kimi onun əhəmiyyəti getdikcə artır və Azərbaycanın rolu məhz burada meydana çıxır.

Orta Dəhliz - hərbi xəritədən daha böyük xəritə

Məkkə sazişini yalnız hərbi xəritədə görmək yanlış olar. Əslində burada daha böyük bir xəritə yaranır: Pakistan → Körfəz → Türkiyə → Azərbaycan → Xəzər → Mərkəzi Asiya → Çin → Avropa

Bu xəttin bir hissəsi təhlükəsizlik, bir hissəsi enerji, bir hissəsi ticarət, bir hissəsi isə nəqliyyat xəttidir. Çin Avropaya alternativ bağlantılar axtarır. Avropa Asiyadan gələn ticarət yollarını diversifikasiya etmək istəyir. Türkiyə Mərkəzi Asiyaya çıxışını genişləndirir. Körfəz ölkələri investisiya və logistika şəbəkələrini böyüdür. Mərkəzi Asiya dövlətləri dünya bazarlarına daha çox çıxış əldə etmək istəyir. Bu proseslərin hamısında Azərbaycan öz coğrafiyasına görə mühüm mövqedədir.

Deməli, Orta Dəhliz Azərbaycanın geosiyasi əhəmiyyətini iqtisadi gücə çevirmək üçün mühüm vasitədir.

Çin Türk dünyasının yüksəlişinə necə baxacaq?

Bu, gələcəyin ən mühüm suallarından biridir.

Pekin üçün Türk dünyasının siyasi və mədəni yaxınlaşması öz-özlüyündə əsas məsələ deyil. Çinin əsas məsələsi sabitlik, ticarət və nəqliyyatdır.

Əgər Türk Dövlətləri Təşkilatının güclənməsi Çinlə ticarəti artırırsa, Orta Dəhlizi sürətləndirirsə, sərhədləri sabit saxlayırsa, enerji və logistika layihələrini genişləndirirsə, Pekin bununla əməkdaşlıq edə bilər.

Bu baxımdan Türk dünyasının yüksəlişini avtomatik olaraq Çinə qarşı layihə kimi təqdim etmək düzgün olmaz. Əksinə, Türk dünyasının yüksəlişi Çinlə Avrasiya bağlantısının bir hissəsinə çevrilə bilər. Və bu da Azərbaycan üçün çox mühüm diplomatik imkan yaradır. Çünki Bakı Türk dünyası ilə Çin arasında rəqabət xətti deyil, əksinə, mühüm əlaqə xətti ola bilər.

Pakistan amili - Türk dünyasından Cənubi Asiyaya keçid

Pakistan türk dövləti deyil. Amma məhz buna görə onun rolu xüsusi əhəmiyyət daşıyaraq Pakistan Türk dünyası ilə Cənubi Asiya arasında mühüm körpü ola bilər.

Türkiyə - Azərbaycan - Mərkəzi Asiya xətti ilə Pakistanın birləşməsi yeni geosiyasi üçbucaq yaradır: Türkiyə - Azərbaycan - Pakistan.

Məkkə sazişi isə həmin xəttə Səudiyyə Ərəbistanını əlavə edir. Beləliklə, daha geniş bir qövs təsəvvür etmək mümkündür: Mərkəzi Asiya → Azərbaycan → Türkiyə → Körfəz → Pakistan.

Bu xəttin mərkəzində təkcə din və mədəniyyət yoxdur. Bu xəttin mərkəzində enerji, kapital, texnologiya, logistika və təhlükəsizlik var.

Hindistan niyə bu xəritəyə baxacaq?

Pakistanın yüksələn geosiyasi çəkisi avtomatik olaraq Hindistan faktorunu meydana gətirir.

Fransanın Le Monde nəşrindəki son təhlildə də Məkkə sazişinin Pakistanı gücləndirməklə Hindistanın regional mövqeyinə təsir göstərə biləcəyi vurğulanır.

Hindistan üçün məsələ yalnız Pakistan deyil. Azərbaycan və Türkiyənin Pakistanla yaxınlığı, Mərkəzi Asiyada Ankara və Bakının fəallaşması, Ermənistanla Hindistan arasındakı müdafiə əlaqələri Cənubi Qafqazı artıq daha geniş Asiya rəqabətinin bir hissəsinə çevirə bilər.

Beləliklə, xəritəyə yeni xətt əlavə olunur: Hindistan → Ermənistan qarşısında isə: Pakistan → Azərbaycan → Türkiyə.

Bu, formal qarşıdurma bloku deyil. Amma Cənubi Qafqazın getdikcə Cənubi Asiya rəqabətinin də təsir etdiyi geosiyasi məkana çevrilməsi deməkdir.

Bu baxımdan, zənnimcə Azərbaycanın diplomatik məqsədi bu rəqabətin birbaşa iştirakçısına çevrilmək yox, öz tərəfdaşlıqlarını qoruyaraq müxtəlif tərəflərlə münasibətlər üçün manevr imkanlarını saxlamaq olmalıdır.

İsrail faktoru - yeni sistemin ən çətin sualı

Burada daha bir ziddiyyət var. Türkiyə İsrailə qarşı İsrailin Fələstin məsələsindən dolayı və Türkiyəyəyə qarşı mənfi münasibətindən dolayı çox sərt siyasi mövqedədir. İsrailin Pakistanla münasibətləri də mürəkkəbdir. Səudiyyə Ərəbistanının İsrail siyasəti isə ayrıca strateji hesablamalara əsaslanır. Bu fonda nəzərə alaq ki, Azərbaycan isə İsraillə strateji əlaqələri olan bir müsəlman ölkəsidir.

Deməli, eyni geosiyasi şəbəkənin potensial iştirakçılarının İsrailə münasibəti eyni deyil və bu da, yeni təhlükəsizlik sisteminin qarşısında müəyyən suallar yarada bilər.

IISS də sazişin üç ölkənin maraqları arasındakı fərqlərlə sınağa çəkilə biləcəyini vurğulayır. Xüsusilə Türkiyə və Səudiyyə Ərəbistanının regional təhlükə prioritetlərinin tam üst-üstə düşməməsi gələcəkdə əməkdaşlığın dərinliyinə təsir göstərə bilər.

Azərbaycana gəldikdə isə, məsələ hər kəsə aydındır. Azərbaycan zatən öz yolunu ən yüksək səviyyədə bəyan edib. Azərbaycanın böyük ailəsi - Türk dünyasıdır!

Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın üstünlüklərindən biri də, məhz müxtəlif tərəflərlə danışa bilməsindədir.

İranın qarşısında yeni təhlükəsizlik dilemması

İran məsələsi isə daha mürəkkəbdir. Çünki bütün bu xətlər İranın ətrafından keçir.

Türkiyə qərbdədir, Pakistan şərqdədir, Səudiyyə Ərəbistanı cənubdadır və Azərbaycan şimaldadır.

İran belə bir xəritəyə yalnız hərbi aspektdən baxa bilməz. Əgər Azərbaycan bu təhlükəsizlik və iqtisadi şəbəkələrdə rolunu artırsa, Tehranın qarşısında iki seçim yaranır: ya Azərbaycanın regional rolunu qəbul edib iqtisadi və siyasi əməkdaşlığı artırmaq, ya da təhlükəsizlik rəqabətini dərinləşdirmək. Onu da qeyd edək ki, İkinci variant İran üçün də riskli və çox da təhlükəli ola bilər.

Çünki Azərbaycan nə qədər çox regional tərəfdaşla əlaqələnirsə, ona təzyiq göstərməyin siyasi qiyməti bir o qədər artır. Və bu da, Azərbaycanın çəkindirmə gücünü yüksəldir.

Eyni zamanda, İranın özü də sazişə ilkin reaksiyasında onu region dövlətlərinin təhlükəsizlik məsələlərində daha çox öz imkanlarına söykənməsi kimi qiymətləndirib və sazişdən narahat olmaq üçün səbəb görmədiyini bildirib.

Bu fakt Azərbaycanın ehtiyatlı və çoxvektorlu diplomatiyası üçün müəyyən imkan pəncərəsi yaradır.

Rusiya üçün əsas məsələ - Türkiyənin coğrafi yüksəlişi

Bəllidir ki, Moskvanın narahatlığının əsas səbəbi nə Səudiyyə Ərəbistanı, nə də Pakistandır. Rusiya üçün əsas məsələ, Türkiyənin rolunun əhəmiyyətli dərəcədə böyüməsidir.

Çünki Türkiyə Qara dənizdədir, Qafqazdadır, Xəzər hövzəsi ilə əlaqəlidir, Mərkəzi Asiyada Türk dövlətləri ilə daha sıx bağlar qurur, Balkanlarda təsirlidir və Yaxın Şərqdə fəaldır.

Belə bir Türkiyənin Azərbaycan və bütün Türk dünyası ilə daha sıx inteqrasiyası Rusiyanın postsovet məkanındakı ənənəvi təsir modelini əsaslı şəkildə dəyişdirə bilər.

Bu səbəbdən Moskva Azərbaycan-Türkiyə-Mərkəzi Asiya xəttini gələcəkdə ən ciddi geosiyasi məsələlərdən birinə çevrilə biləcəyindən çox narahatdır.

Türk dünyasının real gücü nədir?

Gəlin diqqətlə nəzər salaq. Türk dövlətlərinin enerji resursları var, Xəzər dənizinə çıxışı var, Çinlə sərhədi olan dövlətləri var, Avropaya çıxışları var və Orta Dəhlizin əsas hissələri onların coğrafiyasından keçir. Türkiyənin böyük müdafiə sənayesi var. Azərbaycanın enerji və logistika imkanları genişdir. Qazaxıstanın nəhəng ərazisi və böyük resursları var. Özbəkistanın böyük demoqrafik və iqtisadi çəkisi var.

Bu elementlər bir-birinə bağlanarsa, ortaya sadəcə mədəni birlik yox, Avrasiyanın ortasında böyük geoiqtisadi məkan çıxır. Bu da ki, əsl gücdür!

Bəs Türk dünyası nə zaman real gücə çevriləcək?

Bu sualın cavabı isə çox sadədir. Türk dövlətləri bir-birinin məhsulunu almağa, bir-birinin texnologiyasından istifadə etməyə, bir-birinin dəhlizindən keçməyə və bir-birinin təhlükəsizliyinə sərmayə qoymağa başladığı zaman.

Yəni Türk dünyasının gələcəyi emosional şüarlardan yox, konkret olaraq institusional inteqrasiyadan asılıdır. Daha dəqiq, ilkin mərhələdə bunun əsas istiqamətləri birgə banklar, logistika, sənaye, müdafiə istehsalı, rəqəmsal inteqrasiya, uyğunlaşdırılmış nəqliyyat sistemləri, enerji layihələri və təhlükəsizlik əməkdaşlığı ola bilər.

Bunlar reallaşdıqda, Türk dünyası beynəlxalq münasibətlərdə ayrıca ciddi güc mərkəzinə çevrilə bilər.

Eyni zamanda unutmayaq ki, Türk dünyasının güc mərkəzinə çevrilməsinin qarşısında ciddi maneələr də var.

Qazaxıstan Rusiya və Çinlə münasibətlərini təhlükəyə atmaq istəməz. Özbəkistan öz strateji muxtariyyətini qorumağa çalışır. Türkiyə NATO üzvüdür və Qərblə əlaqələrini tamamilə dəyişmək niyyətində deyil. Azərbaycan eyni zamanda Rusiya və İranla qonşudur. Pakistan Çinlə dərin strateji münasibətlərə malikdir. Səudiyyə Ərəbistanı ABŞ-la əlaqələrini qoruyur.

Deməli, bu dövlətlərin hamısının maraqlarını vahid hərbi strategiyada birləşdirmək çox da asan deyil. Bu səbəbdən Türk dünyasının gələcəyi üçün mövcud vəziyyətdə ən real model vahid hərbi blok deyil, çoxsəviyyəli əməkdaşlıq şəbəkəsidir.

Bu fərqi görməmək analizi romantikləşdirər. Fərqin incəliyinə qədər görmək isə onu realist edir.

Məkkə sazişi uğursuz da ola bilərmi?

Heç bir geosiyasi layihənin avtomatik uğur qazanacağına zəmanət yoxdur. Sazişin qarşısında ən azı beş böyük sınaq var.

Birincisi və ən önəmlisi - siyasi iradə. Üç ölkənin liderləri dəyişdikdə strategiya dəyişə bilər. İkincisi - hərbi uyğunluq. Müxtəlif silah sistemləri, komanda strukturları və hərbi planlaşdırma mexanizmləri real inteqrasiyanı çətinləşdirə bilər. Üçüncüsü - maliyyə. Birgə müdafiə layihələri böyük resurs tələb edir. Dördüncüsü - xarici təzyiq. ABŞ, Çin, İran, Hindistan, Rusiya və İsrail kimi aktorların reaksiyası layihənin gələcəyinə təsir edə bilər. Beşincisi - real böhran sınağı.

Ən vacib suallardan biri də budur - əgər tərəflərdən biri həqiqətən hücuma məruz qalsa, digər iki tərəf nə qədər irəli getməyə hazır olacaq? Məhz həmin gün sazişin siyasi sənəd, yoxsa real kollektiv müdafiə mexanizmi olduğu daha aydın görünəcək.

Pakistanın yüksəlişi: zəifliklərə baxmayaraq "oyunun mərkəzinə" keçid

Pakistanın vəziyyəti ayrıca maraqlıdır. Ölkənin ciddi iqtisadi və daxili siyasi problemləri var. Lakin geosiyasi baxımdan Pakistanın əlində çox mühüm kartlar qalır - nüvə çəkindirməsi, böyük və döyüş ruhu yüksək olan ordu, Çinlə strateji tərəfdaşlıq, Ərəbistan yarımadası ilə tarixi əlaqələr, Hindistan faktoru, Hind okeanına çıxış və Türkiyə ilə tarixi köklərlə sağlam bağlanan münasibətlərin sürətlə dərinləşməsi.

Financial Times-ın son təhlilində də Pakistan "hinge power" - müxtəlif güc mərkəzlərini bir-birinə bağlayan strateji dövlət kimi təqdim olunur.

Ümumiyyətlə təhlillər göstərir ki, bu xüsusiyyətlər Pakistanı sadəcə regional oyunçu deyil, bir neçə geosiyasi məkan arasında keçid dövləti kimi də göstərir.

Bu baxımdan Pakistanla Azərbaycan arasında əməkdaşlığın gələcəkdə yalnız siyasi-diplomatik deyil, logistika və müdafiə sənayesi istiqamətində də genişlənməsi Bakı üçün əhəmiyyətlidir.

Azərbaycan - "qovşaq dövlət" modeli

Burada Azərbaycanın gələcək rolunu bir anlayışla ifadə etmək mümkündür - Qovşaq dövlət.

Azərbaycanın gücü yalnız ordusunda və ya enerji resurslarında deyil. Azərbaycan enerji və nəqliyyat qovşağıdır, Türk dünyasının qapısıdır, Avropa ilə Asiya arasında bağlantıdır, Türkiyə ilə Mərkəzi Asiya arasında körpüdür, İslam dünyası ilə Türk dünyasının kəsişmə nöqtələrindən biridir.

Əminəm ki, bu tarixi missiyanı Azərbaycan düzgün istifadə edəcək və beləliklə Azərbaycanın çəkisi coğrafi ölçüsündən daha böyük olacaq.

Maraqlı suallardan biridə budur: Azərbaycan üçün seçim blok, yoxsa qovşaq?

Bütün proseslər bir nəticəni göstərir. Azərbaycan ən doğru istiqamətdədir, Azərbaycan üçün daha doğru model qovşaq olmaqdır.

Belə ki, Türkiyə ilə müttəfiqdir, Pakistanla fəal tərəfdaş, Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələr mövcuddur, Türk dünyasında fəaldır, Çinlə iqtisadi əlaqədə, Avropa ilə enerji tərəfdaşı, Rusiya ilə dialoqda. Eyni zamanda, İranla qonşuluq münasibətlərini qoruyan.

Bu, ziddiyyət deyil. Bu, müasir çoxqütblü dünyanın diplomatik məntiqidir. Azərbaycan üçün əsas məsələ hansısa blokun üzvünə çevrilməkdən daha çox, müxtəlif güc mərkəzləri arasında öz əlaqələrini dərinləşdirmək və bu əlaqələrdən strateji üstünlük yaratmaqdır.

İndi gələcəyə baxaq - 2030-a doğru üç mümkün ssenari

Birinci ssenari - strateji sıçrayış. Birinci ssenari - strateji sıçrayış, Məkkə sazişi institusionallaşır. Üç ölkə arasında daimi siyasi-hərbi mexanizmlər yaranır. Birgə hərbi təlimlər artır. Türkiyənin müdafiə sənayesi Pakistan və Səudiyyə bazarlarında daha da möhkəmlənir. Türk Dövlətləri Təşkilatında təhlükəsizlik və müdafiə sənayesi əməkdaşlığı dərinləşir. Orta Dəhliz sürətlənir. Türkiyə - Azərbaycan - Qazaxıstan xətti Avrasiyanın əsas bağlantılarından birinə çevrilir.

Bu halda Azərbaycan sadəcə tranzit ölkə deyil, yeni geosiyasi sistemin əsas qovşaqlarından biri olur.

İkinci ssenari - kontrollu inkişaf. Bu daha real görünən ssenaridir.

Məkkə sazişi NATO tipli hərbi ittifaqa çevrilmir. Amma siyasi çəkindirmə, kəşfiyyat, müdafiə sənayesi və hərbi təlimlər sahəsində əməkdaşlıq davam edir.

Türk dünyasında iqtisadi inteqrasiya sürətlənir, Orta Dəhliz inkişaf edir. Lakin bütün dövlətlər Rusiya, Çin, ABŞ və digər güc mərkəzləri ilə öz münasibətlərini ayrıca qoruyurlar. Beləliklə, vahid blok yox, çoxqatlı və planlı şəbəkə yaranır.

Məncə, mövcud vəziyyətdə ən real istiqamət məhz budur.

Üçüncü ssenari - parçalanma. Regionda yeni böyük müharibə baş verir.

İran-İsrail qarşıdurması genişlənir. Hindistan-Pakistan münasibətləri kəskinləşir.

ABŞ-Çin rəqabəti sərtləşir. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının maraqları bir-birindən uzaqlaşır. Türk dövlətləri Rusiya və Çinlə münasibətlərinə görə təhlükəsizlik inteqrasiyasını məhdudlaşdırır. Orta Dəhliz də siyasi və iqtisadi maneələrlə üzləşir.

Bu halda Məkkə sazişi daha çox tarixi, amma məhdud siyasi sənəd kimi yadda qala bilər.

Deməli, gələcəyin hansı istiqamətdə gedəcəyini yalnız sazişin özü yox, regiondakı daha böyük güc rəqabəti müəyyən edəcək.

Yeni dünya nizamında "orta güclər" dövrü başlayırmı?

Bəlkə də bu təhlillərin ən böyük nəticəsi məhz budur. XX əsrdə dünya siyasətini əsasən supergüclər müəyyən edirdi, ABŞ və SSRİ. Sonra ABŞ-ın dominantlığı.

Bu gün isə başqa mənzərə yaranır. Çin sürətlə yüksəlir, Rusiya öz təsirini qorumağa çalışır. ABŞ hələ də dünyanın ən böyük hərbi və maliyyə güclərindən biridir.

Amma onların arasında regional güclər öz şəbəkələrini qururlar. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, İran, Hindistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan vəTürkmənistan.

Bunların heç biri təkbaşına ABŞ, Çin və ya Rusiya səviyyəsində supergüc deyil.

Amma şəbəkə halında onlar regional nizamı dəyişə bilərlər. Bu, yeni dünya nizamının ən mühüm xüsusiyyətlərindən biri ola bilər. Beləliklə supergüclər dünyasından şəbəkələr dünyasına keçid.

Məkkədən Xəzərə

İndi başlanğıcdakı suala qayıdaq. Məkkədə imzalanan saziş sadəcə üç ölkənin müdafiə müqaviləsidirmi? Cavab, xeyr. Eyni zamanda, onu "yeni NATO" adlandırmaq da hələ tezdir.

Zənnimcə, daha doğru baxış budur - Məkkə sazişi regional güclərin öz təhlükəsizliklərini öz aralarında daha çox təmin etməyə başladığı yeni dövrün simvollarından biridir.

Bu proses Türkiyənin strateji muxtariyyət siyasəti ilə birləşir. Türkiyənin siyasəti Türk dünyasına daha sız bağlanır. Türk dünyası Orta Dəhlizlə birləşir. Orta Dəhliz Çin və Avropaya çıxır. Pakistan bu xəttə Cənubi Asiya ölçüsü verir. Səudiyyə Ərəbistanı Körfəz kapitalını və enerji çəkisini gətirir. Və bütün bu xətlərin mühüm kəsişmə nöqtələrindən biri məhs Azərbaycandır.

Azərbaycanın qarşısında tarixi fürsət

Azərbaycanın Məkkə sazişinə qoşulması və ya hansısa yeni hərbi blokun üzvünə çevrilməsi əsas məsələ deyil. Zənnimcə Azərbaycanın "Məkkə sazişinə qoşulacaq" bəzi ekspertlərin qeyd etdikləri Azərbaycanı daha dar çərçivəyə qoymaqdır. Burada daha böyük - strateji məqsəd var.

Təhlillər onu göstərir ki, Azərbaycan yeni Avrasiya arxitekturasının qurucularından və əsas qovşaqlarından birinə çevrilə bilər.

Bunun üçün Azərbaycanın gücü yalnız hərbi potensialında və enerji resurslarında deyil. Əsas güc onun coğrafiyasını siyasi, iqtisadi və diplomatik üstünlüyə çevirə bilməsindədir.

Zənnimcə Azərbaycanın "Məkkə sazişinə qoşulacaq" bəzi ekspertlərin qeyd etdikləri istdikləri Azərbaycanı daha dar çərçivəyə qoymaqdır.

Daha böyük məqsəd var və bütün təhlillər onu göstərir ki, bu realdır. Düşünürəm ki, Azərbaycan yeni Avrasiya arxitekturasının qurucularından birinə çevriləcəkdir.

Beləliklə, Azərbaycan üçün daha əhəmiyyətlisi dayanıqlı şəbəkələr yaratmaqdır. Məsələn, Türkiyə ilə təhlükəsizlik, Pakistanla müdafiə sənayesi,

Səudiyyə Ərəbistanı ilə investisiya, Qazaxıstan və Türkmənistanla Xəzər və Orta Dəhliz, Özbəkistanla Mərkəzi Asiya bağlantısı, Çinlə tranzit, Avropa ilə enerji.

Və eyni zamanda İran və Rusiya ilə qarşıdurmanı idarə edən incə diplomatiya.

Bu siyasətin fəlsəfəsi bir cümlə ilə ifadə edilə bilər: Azərbaycan hansısa güc blokunun kənarındakı ölkə yox, müxtəlif güc mərkəzlərinin kəsişdiyi ölkə olmalıdır.

Son söz

Məkkədən Xəzərə uzanan xəritəyə baxdıqda əslində bir müdafiə sazişindən daha böyük proses görürük. Bu prosesin bir tərəfində Səudiyyə Ərəbistanının təhlükəsizlik axtarışı dayanır. Digər tərəfində Pakistanın yüksələn strateji çəkisi.

Mərkəzdə ən vacibi Türkiyənin regional gücə çevrilmək strategiyası. Şimalda Türk dünyasının iqtisadi və siyasi inteqrasiyası. Şərqdə Çin, Cənubda İran və Körfəz. Daha uzaqda Hindistan və Qərbdə Avropa.

Bu nəhəng geosiyasi mozaikanın ortasında isə Xəzər və Azərbaycan yerləşir.

Beləliklə, Azərbaycan bu yeni sistemlərin hadisələrini kənardan izləyən ölkə deyil, əksinə, onları bir-birinə bağlayan mühüm bir ölkəyə çevriləcək.

Və heç kim düşünməsin ki, gələcəyin dünyasında ən güclü dövlət mütləq ən böyük əraziyə, ən çox əhaliyə və ya ən çox silaha sahib olan dövlət olacaqdır.

Bəzən ən güclü dövlət, ən mühüm dəhlizin üzərində dayanan, ən vacib enerji xəttini birləşdirən, ən çox güc mərkəzi ilə danışa bilən, və bir-birinə rəqib dövlətlərin maraqlarını eyni coğrafiyada kəsişdirə bilən dövlət ola bilər. Azərbaycanın qarşısındakı tarixi imkan məhz budur.

XX əsrdə Azərbaycan imperiyalar arasında sərhəd idi. XXI əsrdə isə Azərbaycan imperiyalar, güc mərkəzləri və qitələr arasında körpüyə və qovşağa çevrilə bilər.

Fərq yalnız coğrafiyada deyil. Fərq Azərbaycanın öz coğrafiyasından nə qədər düzgün istifadə etməsindədir. Məkkədən Xəzərə uzanan yeni xəritənin ən böyük sualı da budur - Azərbaycan bu xəritədə sadəcə yol olacaq, yoxsa yolun sahibinə çevriləcək?

Çünki XXI əsrin yeni dünya nizamını yalnız supergüclər yaratmaya bilər. Onu onların arasında yaranan regional güc şəbəkələri də formalaşdıra bilər. Və əgər bu proses həqiqətən baş verirsə, Türk dünyasının yüksəlişi və Azərbaycanın bu yüksəlişdə tutacağı mövqe artıq yalnız regional məsələ deyil. Bu, dünya siyasətinin məsələsidir.

Tanrı TÜRKÜ qorusun!

Cavid İsmayıl

İqtisadçı alim, hüquqşünas,"Turan Araşdırma Mərkəzi" İB-nin sədri

Digər xəbərlər