Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə təkcə intensivləşməyib, həm də keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşan ənənəvi dostluq əlaqələri bu gün konkret siyasi qərarlar, iqtisadi layihələr, investisiyalar, nəqliyyat marşrutları və humanitar təşəbbüslərlə möhkəmlənən strateji müttəfiqlik xarakteri daşıyır.
Dövlətimizin başçısı, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində bu ölkənin Milli İnformasiya Agentliyinə - UzA-ya verdiyi müsahibə də Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatəli şəkildə ortaya qoyur. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq artıq ayrı-ayrı sahələr üzrə tərəfdaşlıqdan daha geniş geosiyasi və geoiqtisadi məzmun qazanıb. Müsahibəni diqqətlə oxuduqda bir məqam xüsusilə nəzərə çarpır. Prezident İlham Əliyev suallara yalnız dövlət başçısı kimi deyil, müzakirə etdiyi hər sahənin detallarına hakim siyasi lider kimi cavab verir. İqtisadi göstəricidən nəqliyyat marşrutuna, enerji layihəsindən regional diplomatiyaya qədər hər mövzuda konkret rəqəmlərin, tarixlərin və faktların ardıcıllıqla səsləndirilməsi müsahibəyə xüsusi ağırlıq verir.Bu, müsahibəni klassik sual-cavab çərçivəsindən çıxararaq bir növ siyasi baxış xəritəsinə çevirir.
Azərbaycan və Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri iki ölkə arasında formalaşmış yüksək siyasi etimaddır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanın münasibətlərini ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri kimi xarakterizə edib və son illərdə bu əlaqələrin ən yüksək pilləyə yüksəldiyini bildirib. Bu dinamikanın göstəricilərindən biri yüksək səviyyəli siyasi təmasların intensivliyidir. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi münasibətlərin nə qədər sistemli xarakter aldığını nümayiş etdirir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı qəbul edilən sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu siyasi yaxınlığın hüquqi bazasını daha da möhkəmləndirib. 2023-cü ildə yaradılmış Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurası isə münasibətlərin institusional xarakter almasında mühüm rol oynayır. Bu mexanizm artıq əməkdaşlığın yalnız cari məsələlərin həlli ilə məhdudlaşmadığını, uzunmüddətli prioritetlərin və birgə təşəbbüslərin müəyyənləşdirildiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərində diqqətçəkən məqamlardan biri siyasi dialoqla iqtisadi əməkdaşlıq arasında paralelliyin yaranmasıdır. Prezident İlham Əliyevin müsahibəsində açıqladığı rəqəmlər də son illərdə iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə genişləndiyini göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb.Bu əməkdaşlığın diqqətçəkən tərəfi münasibətlərin artıq sadəcə qarşılıqlı mal mübadiləsi çərçivəsində qalmamasıdır. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan yaradır. Azərbaycan və Özbəkistan şirkətləri sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, xidmət, avtomobil istehsalı və turizm kimi müxtəlif istiqamətlərdə birgə fəaliyyət göstərirlər.Azərbaycanda 130-dan çox Özbəkistan investisiyalı kommersiya təşkilatının qeydiyyatdan keçməsi, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda iri investisiya layihələri həyata keçirməsi iqtisadi münasibətlərin qarşılıqlı xarakter aldığını göstərir. Enerji sahəsi də əməkdaşlığın yeni perspektivlər açdığı istiqamətlərdəndir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında bərpaolunan enerjinin Xəzər vasitəsilə nəqlini nəzərdə tutan yaşıl enerji dəhlizi üzərində iş aparılması tərəfdaşlığın gələcəyin enerji gündəliyinə də uyğunlaşdırıldığını göstərir. Azərbaycan–Özbəkistan münasibətlərində siyasi yaxınlığın real nəticələrə çevrildiyi əsas istiqamətlərdən biri iqtisadi əməkdaşlıqdır. Prezident İlham Əliyev UzA-ya müsahibəsində bu sahədə əldə olunan nəticələri konkret rəqəmlərlə təqdim edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Dövlət başçısının bu nəticəni “Bu, əla göstəricidir” sözləri ilə qiymətləndirməsi də əldə olunan dinamikanın miqyasını aydın ifadə edir. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 33 faiz artaraq 144 milyon dollar təşkil edib.Müsahibədə diqqət çəkən məqam Prezidentin ayrı-ayrı rəqəmləri sadalamaqla kifayətlənməməsi, onları daha geniş iqtisadi mənzərənin tərkib hissəsi kimi təqdim etməsidir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti, Azərbaycanda fəaliyyət göstərən 130-dan çox Özbəkistan investisiyalı kommersiya təşkilatı, birgə avtomobil istehsalı, turizm və enerji layihələri bu tərəfdaşlığın artıq sadəcə qarşılıqlı ticarətlə məhdudlaşmadığını göstərir.Cənab Prezidentin müsahibədə səsləndirdiyi “Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır” fikri də bu əməkdaşlığın mahiyyətini dəqiq ifadə edir. Sənayedən kənd təsərrüfatına, nəqliyyatdan turizmə qədər genişlənən iqtisadi əlaqələrə indi yaşıl enerji istiqaməti də əlavə olunur. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında bərpaolunan enerjinin Xəzər vasitəsilə nəqlini nəzərdə tutan yaşıl enerji dəhlizi bunun bariz nümunəsidir.Müsahibədə diqqət çəkən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika məsələsidir.Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat arxitekturasının mühüm iştirakçılarına çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faizlik artımın qeydə alınması bu istiqamətin artıq real iqtisadi nəticələr verdiyini göstərir. Prezident İlham Əliyevin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyasına xüsusi diqqət yetirməsi isə məsələnin daha geniş miqyasını ortaya qoyur. Belə bir bağlantı Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya uzanan nəqliyyat marşrutlarının imkanlarını genişləndirə və regionun beynəlxalq yükdaşımalarındakı rolunu artıra bilər. Beləliklə, Azərbaycan–Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərdən kənara çıxaraq daha böyük Avrasiya bağlantısının mühüm elementlərindən birinə çevrilir.Azərbaycanla Özbəkistan arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır. İki xalq arasındakı tarixi və mədəni yaxınlığın konkret layihələrdə ifadə olunması münasibətlərin fərqləndirici xüsusiyyətlərindən biridir.Ötən illər ərzində qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Xivədə “Şuşa Günləri”nin təşkili, Bakıda “Özbəkistan” parkının yaradılması istiqamətində atılan addımlar, eləcə də Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması bu əlaqələrin mədəni ölçüsünü əks etdirir. Bu istiqamətdə ən rəmzi layihələrdən biri isə Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbdir. İşğaldan azad edilmiş ərazidə belə bir təhsil ocağının yaradılması Azərbaycan-Özbəkistan münasibətlərində siyasi dəstəyin humanitar həmrəyliklə tamamlanmasının nümunəsidir. İşğaldan azad edilmiş Füzulidə belə bir təhsil ocağının inşa olunması yalnız siyasi dəstəyin deyil, humanitar həmrəyliyin də konkret ifadəsidir. Bu gün azad edilmiş torpaqlarımızda həyat yenidən qurulur, ailələr doğma yurdlarına qayıdır, uşaqlar isə müasir məktəblərdə təhsil alırlar. Füzulidə şagirdlərin dərsə getməsi, sinif otaqlarında yenidən məktəb zənginin səslənməsi Qarabağın dirçəlişinin ən təsirli mənzərələrindən biridir. Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəb də bu böyük qayıdışın, quruculuğun və gələcəyə inamın simvollarından birinə çevrilib. Təhsil sahəsində qarşılıqlı əlaqələrin miqyası da genişlənir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Media forumları, QHT əməkdaşlığı, elm və mədəniyyət layihələri də dövlətlərarası münasibətlərin cəmiyyətlərarası əlaqələrlə tamamlanmasına imkan yaradır. Bu faktlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əsas üstünlüklərindən biri əlaqələrin yalnız rəsmi siyasi səviyyədə deyil, insanlar, şəhərlər, universitetlər, media və vətəndaş cəmiyyəti arasında da inkişaf etməsidir.
Bir səhiyyə işçisi olaraq Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də səhiyyədir. Burada qardaşlıq münasibətləri birbaşa insan həyatına toxunan konkret təşəbbüslərlə ifadə olunur. 2023-cü ildə Özbəkistanda keçirilən “Özbəkistan–Azərbaycan Səhiyyə Dekadası” zamanı Azərbaycanın yüksək ixtisaslı həkimləri özbəkistanlı həmkarları ilə birlikdə ölkənin müxtəlif bölgələrində 100-dən artıq yüksək texnologiyalı və azinvaziv cərrahi əməliyyat həyata keçiriblər. Transplantologiya, oftalmologiya, onkologiya, ginekologiya və travmatologiya kimi mürəkkəb sahələri əhatə edən bu əməkdaşlıq çərçivəsində birgə böyrək transplantasiyası da uğurla icra olunub. Əlaqələr yalnız praktik tibbi yardımla məhdudlaşmır. Azərbaycan Tibb Universiteti ilə Daşkənd Tibb Akademiyası və İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında elmi əməkdaşlıq qurulub, tibb mütəxəssislərinin təcrübə mübadiləsi genişlənib.
Prezident İlham Əliyevin müsahibəsində irəli çıxan daha geniş siyasi xətt Azərbaycan və Özbəkistan münasibətlərinin Türk dünyasının inteqrasiyası kontekstində qiymətləndirilməsidir.Hər iki dövlət Türk Dövlətləri Təşkilatını yalnız çoxtərəfli əməkdaşlıq platforması deyil, ortaq tarixi, mədəni və mənəvi dəyərləri gələcəyə daşıyan strateji birlik kimi görür. Azərbaycan və Özbəkistanın siyasi dialoqdan iqtisadiyyata, nəqliyyatdan təhsilə qədər müxtəlif istiqamətlər üzrə əməkdaşlığı TDT daxilində inteqrasiya proseslərinə də əlavə dinamika verir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə yeni mərhələyə qədəm qoyması da bu mənzərəni tamamlayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı və bunun nəticəsində əvvəllər “C5” kimi tanınan formatın faktiki olaraq “C6” formatına çevrilməsi Bakı ilə Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin artan strateji çəkisini nümayiş etdirir. Bu mənada Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, siyasi, iqtisadi, nəqliyyat və mədəni baxımdan regionla getdikcə daha sıx inteqrasiya olunur. Özbəkistan isə bu inteqrasiyanın Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsində əsas tərəfdaşlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsində səsləndirilən rəqəmlər, layihələr və siyasi mesajlar bir mühüm tendensiyanı ortaya qoyur. Azərbaycan–Özbəkistan münasibətlərində tarixi qardaşlıq artıq institusional və iqtisadi məzmunla tamamlanıb.Bir tərəfdə ortaq dil, tarix, mədəniyyət və qarşılıqlı rəğbət, digər tərəfdə isə müttəfiqlik müqaviləsi, birgə investisiya fondu, enerji layihələri, artan ticarət və tranzit daşımaları, təhsil və mədəniyyət təşəbbüsləri dayanır.
Məhz bu iki istiqamətin tarixi yaxınlıqla strateji maraqların üst-üstə düşməsi Azərbaycan və Özbəkistan münasibətlərinin dayanıqlılığını təmin edən əsas amillərdən biridir. Bu baxımdan Bakı–Daşkənd xətti artıq iki qardaş dövlət arasında uğurlu ikitərəfli əməkdaşlıq modeli olmaqla kifayətlənmir. O, eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiyanı, Xəzərin iki sahilini və bütövlükdə Türk dünyasını bir-birinə daha sıx bağlayan yeni siyasi, iqtisadi və humanitar əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilir.
Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız tarixi qardaşlıq və dostluq müstəvisində deyil, konkret siyasi iradə, iqtisadi maraqlar və ortaq strateji hədəflər üzərində inkişaf edir. Müsahibənin ümumi ruhu da bunu deməyə əsas verir ki, Azərbaycan və Özbəkistan bu gün sadəcə yaxın tərəfdaş deyil, eyni gələcəyə baxan iki müttəfiq dövlətdir. Prezident İlham Əliyevin ifadə etdiyi siyasi xətt isə göstərir ki, bu münasibətlərin qarşıdakı illərdə daha da dərinləşməsi, yeni layihələr və təşəbbüslərlə zənginləşməsi üçün möhkəm təməl artıq formalaşıb.
Aytən Qurbanova,
YAP Yasamal rayon “H.B.Zərdabi pr.61” (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi