“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin sənədə əsasən 26 avqust Laçın Şəhəri Günüdür. 2022-ci il avqustun 26-da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa bu müjdəni çatdırmışdır: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu, tarixi sahibinə qovuşan torpaqlarımızda Azərbaycan Bayrağı ucaldıldı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı: “AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq, fəlakət oldu. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Bu reallıqlar dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında, xalqa müraciətlərində daim vurğulanır. Təbii ki, günümüzün əsas çağırışlarından biri tariximizin hər bir səhifəsinin indiki və gələcək nəsillərə çatdırılmasıdır. Ötən ilin 27 may tarixində dövlətimizin başçısı İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən bu reallıqları bir daha diqqətə çatdırdı ki, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. Həmin görüşdə o da qeyd edilmişdir ki, indi gözəl tarixlərimiz, bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur”.
Malik Həsənov vurğulayıb ki, Laçın özünün yeni dövrünə qədəm qoyub: “İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev ötən dövr ərzində Laçın rayonuna 10-a yaxın səfər edib. Bu səfərlərin hər biri Laçının tarixinə möhtəşəm səhifələri yazıb, Böyük Qayıdış Proqramının uğurlu icrasına böyük stimul verib. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Ümumilikdə azad edilmiş digər ərazilərimiz kimi, Laçın rayonunun yol-nəqliyyat infrastrukturunun yenilənməsi və genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran mühüm layihəni- Laçın Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsini xüsusi qeyd etmək istərdik. Tarixi Zəfərimizdən ötən 6 ilə yaxın dövr ərzində üç beynəlxalq statusa malik hava limanın istifadəyə verilməsi bu torpaqların sahibi kimi Azərbaycan xalqının necə qurucu xalq olduğunu, eyni zamanda, ölkəmizin iqtisadi və maliyyə imkanlarını dünyaya təqdim etdi. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verildi. Hava limanının açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək”.
Millət vəkili bildirib ki, Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir: “Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. “LATIFA” Laçın tikiş fabrikdə 30 yeni iş yeri yaradılacaq. Göründüyü kimi, istehsal müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bərpa-quruculuq işlərində xüsusi yer tutur”.
Malik Həsənov qeyd edib ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib: “Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısı İlham Əliyevin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib”.
Millət vəkili bu mühüm məqamı da xüsusi vurğulayıb ki, azad edilmiş digər ərazilərimiz kimi, Laçın şəhəri də diplomatik mərkəz kimi dünyanın diqqətindədir: “Ötən il Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi. Dirçəliş dövrünü yaşayan Laçın genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanın diqqətindədir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi Laçın şəhərinin timsalında aydın görünür. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.