PDF Oxu

Siyasət

  • 1 335

Laçın: quruculuq, qayıdış və inkişaf

image

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar günlərdəndir. Bu tarix Laçın şəhərinin işğaldan azad edilməsinin ildönümünü qeyd etməklə yanaşı, uzun illər doğma yurdlarından ayrı salınmış insanların geri qayıdışını, şəhərin yenidən qurulmasını və yeni inkişaf mərhələsinə qədəm qoymasını simvolizə edir.Laçın Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən parlaq nümunələrindən birinə çevrilib. Şəhərdə yeni yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir, istehsal müəssisələri yaradılır, yollar və enerji infrastrukturu yenilənir. Eyni zamanda, Laçının təbii potensialından istifadə etməklə turizmin və yaşıl enerjinin inkişafına xüsusi diqqət yetirilir.Laçın qədim yaşayış ənənələrinə malik ərazilərdən biridir. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun yaradılması şəhərin inzibati inkişafında mühüm mərhələ olmuşdur. Laçının yerləşdiyi coğrafi ərazi onun tarix boyu strateji əhəmiyyətini artırmışdır. Dağlıq relyef, zəngin meşələr, yaylaqlar və su ehtiyatları rayonun həm təbii sərvətlərini, həm də iqtisadi potensialını müəyyənləşdirmişdir. Lakin 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması şəhərin və rayonun inkişafını uzun illər dayandırmışdır. İşğal nəticəsində əhali doğma torpaqlarından məcburi köçkün düşmüş, rayonun yaşayış məntəqələri, sosial və iqtisadi infrastrukturu dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur.

Laçının taleyində dönüş nöqtəsi 2020-ci ildə baş verdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər işğal altında olan ərazilərin azad edilməsinə və ərazi bütövlüyünün bərpasına imkan yaratdı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu tarix Laçın üçün yeni dövrün başlanğıcı oldu. İşğalın yaratdığı dağıntıların aradan qaldırılması, insanların doğma torpaqlarına qaytarılması və şəhərin müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi başladı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis olunması milli yaddaş baxımından mühüm addım oldu. 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyən edilməsi şəhərin azadlıq tarixinin hər il qeyd olunmasına imkan yaradır.
Bu gün həm şəhidlərin və qəhrəman hərbçilərin xatirəsinə ehtiram ifadəsidir, həm də Laçının yeni inkişaf mərhələsinin nəticələrini nümayiş etdirən mühüm tarixdir. Laçının azad olunması uğrunda döyüşlərdə iştirak etmiş 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması tarixi Zəfərin qəhrəmanlıq salnaməsinin mühüm səhifəsidir.
Laçında həyata keçirilən bərpa işləri geniş miqyası ilə seçilir. Şəhərin inkişafını müəyyən edən Baş Plan əsasında yeni yaşayış məhəllələrinin, ictimai məkanların, sosial obyektlərin və iqtisadi zonaların yaradılması nəzərdə tutulur. Şəhərdə məktəbəqədər və tam orta təhsil müəssisələri, xəstəxana, peşə məktəbi, mədəniyyət və turizm obyektləri yaradılır. Yeni yaşayış məhəllələrinin planlaşdırılmasında müasir şəhərsalma prinsiplərinə üstünlük verilməsi Laçının gələcəkdə rahat və funksional şəhər kimi formalaşmasına imkan verəcək. Şəhərdə tətbiq edilən “15 dəqiqəlik şəhər” yanaşması da bu məqsədə xidmət edir. İnsanların gündəlik ehtiyac duyduğu əsas xidmətlərə yaşayış məkanlarından qısa məsafədə çıxış əldə etməsi şəhər həyatının keyfiyyətini yüksəldəcək.
Laçının bərpasının ən mühüm məqsədi insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. 2023-cü il mayın 28-dən laçınlıların şəhərə qayıdışına başlanılıb. 2026-cı ilin iyuluna qədər Laçın şəhərində 614 ailənin – 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərinə də yüzlərlə ailə köçürülüb. Bu proses uzun illər davam edən məcburi köçkünlük tarixinin başa çatmasını ifadə edir. İnsanların öz doğma şəhərində və kəndində yaşaması ilə yanaşı, burada işləməsi, övladlarının təhsil alması, sosial və mədəni həyatda iştirak etməsi Böyük Qayıdışın əsas məzmununu təşkil edir.
Laçının bərpası iqtisadi fəallığın artırılması ilə paralel aparılır. Laçın Aqro-Sənaye Parkının yaradılması rayonun istehsal potensialının inkişaf etdirilməsi baxımından mühüm addımdır. Burada müxtəlif istiqamətlər üzrə müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel, tekstil, ayaqqabı, yeyinti sənayesi, balıqçılıq və digər sahələrdə yaradılan müəssisələr yerli istehsalın inkişafına və yeni iş yerlərinin formalaşmasına imkan yaradır. Laçında fəaliyyət göstərən müəssisələrdə əsasən yerli sakinlərin işlə təmin olunmasına xüsusi diqqət yetirilməsi isə iqtisadi inkişafı Böyük Qayıdışla birləşdirən mühüm amildir.
Laçının regional əhəmiyyətinin artmasında yol-nəqliyyat layihələri mühüm rol oynayır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası rayonun nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edir. Yolun uzunluğunun 75,8 kilometr olması, çoxzolaqlı hərəkət imkanlarının yaradılması, tunel və körpülərin inşası layihənin miqyasının göstəricisidir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin nəqliyyat imkanlarına yeni ölçü gətirib. Bu hava limanı dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır. Bu obyekt həm rayonun nəqliyyat əlçatanlığını artırır, həm də gələcəkdə turizm və biznes əlaqələrinin genişlənməsinə xidmət edə bilər.
2026-cı il iyulun 11-də təməli qoyulan layihəyə əsasən 100 milyon kubmetr tutuma malik su anbarının yaradılması və təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası nəzərdə tutulur. Layihənin həyata keçirilməsi Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının içməli su təminatına mühüm töhfə verə bilər. Bu faktor Laçının yalnız yerli deyil, regional əhəmiyyətli infrastruktur layihələrinin mərkəzinə çevrildiyini göstərən mühüm nümunədir.
Laçının bugünkü mənzərəsi Azərbaycanın Zəfərdən sonrakı quruculuq siyasətinin mahiyyətini əks etdirir. Bir neçə il əvvəl işğalın ağır nəticələrini daşıyan şəhərdə bu gün yeni yaşayış evləri, məktəblər, sosial obyektlər, yollar, istehsal müəssisələri və istirahət məkanları yaradılır. Ən mühüm dəyişiklik isə şəhərin yenidən sakinlərinə qovuşmasıdır.
Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Qarşıda müasir şəhər, güclü iqtisadiyyat, yaşıl enerji, inkişaf etmiş turizm, zəngin mədəni həyat və dayanıqlı məskunlaşma perspektivi dayanır. Laçın yenidən qurulur və gələcəyə inamla addımlayır. Bu şəhərin dirçəlişi Azərbaycanın Zəfərinin yalnız hərbi nəticə olmadığını, həmin Zəfərin ardınca genişmiqyaslı quruculuq, qayıdış və inkişaf mərhələsinin gəldiyini bütün aydınlığı ilə nümayiş etdirir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər