"Dünya Köçəri Oyunları əsrlər boyu türk xalqlarının həyat tərzində formalaşmış mədəni dəyərlərin, ənənələrin, milli oyunların, atçılıq mədəniyyətinin, hərb və fiziki hazırlıq ənənələrinin müasir dünyaya təqdim edilməsinin mühüm vasitəsidir". Bu fikirləri SİA-ya açıqlamasında, AMEA A.A.bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirib.Onun sözlərinə görə, bu oyunların keçirilməsi türk xalqlarının ortaq tarixi və milli-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir:"Ümumən türk xalqlarının tarixində atçılıq, cıdır, oxatma, güləş və müxtəlif ənənəvi oyunlar həm gündəlik həyatın, həm də ictimai və hərbi mədəniyyətin ayrılmaz hissəsi olub. Bu baxımdan Dünya Köçəri Oyunları ənənələri günümüzdə də yaşadıldığını və yeni nəsillərə ötürüldüyünü nümayiş etdirən, yalnız keçmişə aid etnoqrafik nümunələr olmadığına bariz nümunədir. Eyni zamanda, bu tədbirlər türk xalqlarının ortaq mədəni kodlarının beynəlxalq auditoriyaya çatdırılmasına geniş imkan yaradır.Azərbaycanın bu prosesdə rolu xüsusilə diqqətəlayiqdir. Tarixən türk dünyasının Qafqazdakı mühüm mədəni-siyasi mərkəzlərindən biri olan Azərbaycan öz milli-mədəni irsində köçəri və yarımköçəri həyat tərzinin, xüsusilə də atçılıq və cəngavərlik ənənələrinin mühüm elementlərini qoruyub saxlayıb. Qarabağ atı, milli güləş növləri, atüstü oyunlar, oxatma ənənələri və digər xalq oyunları Azərbaycanın bu ortaq irsin formalaşmasında və yaşadılmasında mühüm yer tutduğunu göstərir.Bu mənada Azərbaycanın Dünya Köçəri Oyunlarında iştirakı və bu platformada öz milli irsini təqdim etməsi həm ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həm də türk dünyasının ortaq mədəni məkanında Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə Qarabağ atçılıq ənənəsinin və Qarabağ atının təqdimatı Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentlərindən birinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.Burada Azərbaycanın mədəni diplomatiya imkanlarını da qeyd etmək lazımdır. Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, onların mədəni irslərini dünyaya necə təqdim etmələri ilə də müəyyənləşir. Dünya Köçəri Oyunları Azərbaycan üçün məhz belə bir “yumşaq güc” platformasıdır. Ölkəmiz bu tədbirlər vasitəsilə öz tarixini, milli idman ənənələrini və türk dünyasının ortaq dəyərlərinə verdiyi töhfəni beynəlxalq auditoriyaya nümayiş etdirə bilir.Digər mühüm məqam isə türk dövlətləri və xalqları arasında mədəni əlaqələrin institusional şəkildə güclənməsidir. Dünya Köçəri Oyunları müxtəlif türk xalqlarının nümayəndələrini bir araya gətirməklə yalnız yarış mühiti yaratmır, həm də qarşılıqlı mədəni mübadilə üçün imkan formalaşdırır. Bu baxımdan Oyunları türk dünyasının mədəni inteqrasiyasına xidmət edən platformalardan biri kimi qiymətləndirmək mümkündür.Mən hesab edirəm ki, Dünya Köçəri Oyunlarının ən böyük üstünlüyü ortaq irsi “keçmişin yadigarı” kimi deyil, yaşayan və inkişaf edən mədəniyyət kimi təqdim etməsidir. Azərbaycan da bu prosesdə yalnız iştirakçı deyil, öz zəngin tarixi-mədəni irsi ilə türk dünyasının ortaq irsinə töhfə verən ölkələrdən biridir.Bu baxımdan Dünya Köçəri Oyunları həm türk xalqlarının tarixi yaddaşının qorunması, həm milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi, həm də türk dünyasının mədəni potensialının beynəlxalq səviyyədə tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın bu prosesdə fəal iştirakı isə ölkəmizin həm türk dünyasındakı mədəni mövqeyini, həm də beynəlxalq mədəni diplomatiya imkanlarını daha da gücləndirir".
Müəllif: Lətifə Musayeva