“İran və ABŞ arasında hərbi toquşmalar yenidən başlayıb. Belə ki, öncə ABŞ İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəf alıb. Vaşitnon buna cavab olaraq isə Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirib”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsində yazıb ki, zərbələr güclüdür və İranın hazırda mina olmayan boğaza dəniz minaları yerləşdirmək cəhdinə, İordaniyadakı ABŞ bazasına səkkiz raket atmasına cavab olaraq endirilib:“İran ilə ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mənzərəsini daha da gərginləşdirir.Əslində, tərəflər arasında gərginliyin artması gözlənilirdi. Lakin İranın bu zərbələrə cavabı çox riskli və onun əleyhinədir. Misal üçün Tehran bu dəfə İordaniyadakı ABŞ hərbi obyektini hədəf seçib. İstisna deyil ki, yaxın günlərdə körfəz ölkələri də yenidən hədəf ola bilər.İranın ABŞ-la birbaşa qarşıdurma imkanları məhduddur. Daha doğrusu, Tehran ABŞ-ın birbaşa özünü vura bilmədiyi üçün zərbələrə cavab kimi regiondakı hərbi bazalarını hədəf alır. Burada mühüm paradoks ortaya çıxır. İran ABŞ-ın regiondakı hərbi mövcudluğunu zəiflətmək və Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərmək istəyərkən, əksinə, həmin dövlətlərin ABŞ ətrafında daha sıx birləşməsinə səbəb ola bilər. Yəni Tehranın regional təzyiq siyasəti Vaşinqtonun uzun müddətdir arzuladığı təhlükəsizlik arxitekturasının formalaşmasına müəyyən mənada zəmin yarada bilər. Daha dəqiq desəm, İordaniya başda olmaqla, İranın zərbələrinə məruz qalan və ya öz ərazisində ABŞ hərbi obyektlərini yerləşdirən bir sıra ərəb dövlətlərinin gələcəkdə “Məkkə Sazişi”nə qoşulması mümkündür.Məlum olduğu kimi, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə bir müdət öncə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə Sazişi”ni imzalayıblar. Bu, hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq, mahiyyət etibarilə Yaxın Şərqdə NATO tipli təhlükəsizlik mexanizminin formalaşmasına doğru gedən prosesdir.Əslində, Vaşinqtonun əsas strateji maraqlarından biri də regionda təhlükəsizlik yükünün yalnız ABŞ-ın üzərində qalmaması, müttəfiqlərinin vahid təhlükəsizlik sistemi daxilində daha sıx koordinasiya olunmasıdır. Bunun üçün isə ortaq təhlükə anlayışının formalaşması vacibdir. İranın regional dövlətlərə və onların ərazisində yerləşən ABŞ obyektlərinə zərbələri belə bir ortaq təhlükə anlayışının yaranmasını sürətləndirə bilər”.
Müəllif: Günay Hacıyeva