PDF Oxu

Siyasət

  • 910

Bakının işğaldan azad edilməsindən 108 il ötür - ŞƏRH

image

Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 108-ci ildönümüdür. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçdü və gənc respublikanın dövlətçilik tarixində yeni mərhələ başladı. Bu qələbənin arxasında Azərbaycan milli qüvvələri ilə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun çiyin-çiyinə apardığı ağır və fədakar mübarizə dayanırdı. Bu həm də Azərbaycan-Türkiyə qardaşlığının tarixi yaddaşında xüsusi yer tutan hadisə idi. Bu qardaşlığın kökləri 1918-ci ildən də əvvələ gedib çıxır.
1915-ci ildə Osmanlı dövləti ölüm-dirim savaşının içində idi. Çanaqqala döyüşləri türk xalqının tarixində olduğu kimi, xalqımızın yaddaşında da xüsusi iz salan hadisədir. O zaman Azərbaycanın müxtəlif bölgələrindən olan könüllülər Çanaqqala cəbhəsinə gedərək qardaş xalqın müdafiəsində iştirak etmişdilər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında Çanaqqala savaşında 3 minədək azərbaycanlı könüllünün şəhid olduğu qeyd edilmişdir. Beləliklə, Çanaqqala torpaqları Azərbaycan oğullarının qanını yaddaşına yazmışdı. Üç il sonra isə tarix başqa bir məkanda - Azərbaycanın paytaxtı uğrunda gedən döyüşlərdə yeni bir səhifə açmışdı.
Bu dəfə təhlükə yaranmaqda olan Azərbaycan dövlətçiliyini sınağa çəkirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı milli hökumətin yox, bolşevik-daşnak qüvvələrinin nəzarətində idi. Yeni yaranmış dövlət son dərəcə ağır hərbi-siyasi şəraitlə üz-üzə qalmışdı. Cümhuriyyətin elan edildiyi ərazilərin mühüm hissəsində milli dövlətçiliyi qorumağa qadir yetərli hərbi qüvvələr hələ tam formalaşmamışdı. Azərbaycan hökumətinin qarşısında duran başlıca vəzifələrdən biri məhz Bakının azad edilməsi idi. Belə bir şəraitdə Azərbaycan hökuməti Osmanlı dövlətindən hərbi yardım istədi. 4 iyun 1918-ci ildə Azərbaycan ilə Osmanlı dövləti arasında imzalanmış Batum müqaviləsinin dördüncü maddəsi ölkəmizə istiqlalını və təhlükəsizliyini qorumaq üçün Osmanlıdan hərbi yardım istəmək hüququ verdiyinə görə Azərbaycan tərəfi bu imkandan istifadə edərək Osmanlı hökumətinə müraciət etdi. Osmanlı dövləti müraciətə müsbət cavab verdi.
Bu qərarın arxasında ayrı-ayrı hərbi dəstələrin Azərbaycana göndərilməsi deyil, vahid hərbi qüvvənin yaradılması dayanırdı. Osmanlının hərbi naziri Ənvər Paşanın qərarı ilə Qafqaz İslam Ordusunun formalaşdırılmasına başlanıldı. Ordunun komandanlığı isə Osmanlı ordusunun təcrübəli hərbçisi Nuru Paşaya həvalə edildi. Azərbaycanda mövcud olan milli hərbi qüvvələr və paytaxta göndərilən Osmanlı hərbi hissələri bu ordunun əsasını təşkil edirdi. Nuru Paşanın paytaxta göndərilməsi ilə Azərbaycan hökumətinin hərbi yardım müraciəti konkret hərbi qüvvəyə çevrildi. Qafqaz İslam Ordusu Azərbaycan milli qüvvələri ilə birlikdə qarşıda duran tarixi vəzifənin icrasına başladı. Bakının azadlığı yalnız paytaxtın ələ keçirilməsi məsələsi deyildi. Söhbət yeni elan olunmuş Azərbaycan dövlətinin öz ərazisində hakimiyyətini bərqərar etməsindən, dövlətçiliyini qorumasından gedirdi.
Bu mərhələdə diqqət yetirməli olan xüsusi bir məqam var - Osmanlı dövlətinin Azərbaycana hərbi yardım göstərməsi barədə qərar qəbul etdiyi zaman Azərbaycan ərazisində ağır döyüşlər gedirdi. Gəncə istiqamətində irəliləyən, məqsədləri yeni yaranmış hökuməti beşiyindəcə boğmaq olan bolşevik-daşnak qüvvələrinin qarşısını kəsmək üçün Azərbaycanın milli hərbi qüvvələri və könüllüləri artıq mübarizəyə başlamışdılar. Dəmir yolu xətti boyunca sürətlə irəliləyən daşnak-bolşevik qüvvələrinin qarşısı Ucar rayonunun Müsüslü kəndində kəsildi. Azərbaycanlı zabit Həbib bəy Səlimovun rəhbərlik etdiyi Müsüslü dəstəsi düşmənə ciddi müqavimət göstərdi. Bu döyüşlər Azərbaycanın özünümüdafiə qüvvələrinin formalaşması və milli hərbi qüvvələrin döyüş qabiliyyətinin ortaya çıxması baxımından mühüm əhəmiyyət daşıyırdı. Məhz belə bir şəraitdə Osmanlı dövləti Azərbaycana hərbi yardım qərarını həyata keçirməyə başladı. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi ilə mübarizənin miqyası daha da genişləndi. Azərbaycan milli qüvvələri ilə Osmanlı hərbi hissələri birləşərək düşmənə qarşı vahid cəbhədə döyüşməyə başladılar.
Azərbaycan ərazisinə daxil olan türk hərbi hissələrinin ilk döyüş yolu Ucar-Göyçay istiqamətindən keçdi. Bu ərazilərdə aparılan ağır döyüşlərdə düşmənin müqaviməti qırıldı. Bundan sonra birgə qüvvələr geri çəkilən düşməni təqib edərək Bakı istiqamətində irəliləməyə başladılar. Hərbi əməliyyatların genişlənməsi ilə Qafqaz İslam Ordusunun tərkibində Şimal və Cənub qrupları formalaşdırıldı. Azərbaycan milli qüvvələrinin təcrübəli zabiti Həbib bəy Səlimov Cənub qrupunun komandanlığına gətirildi. Onun rəhbərlik etdiyi qüvvələr Bakı istiqamətində gedən döyüşlərdə mühüm rol oynadı.
Beləliklə, Bakıya doğru irəliləyən hərbi qüvvənin tərkibində azərbaycanlı döyüşçülər torpaqlarını və yeni yaranmış dövlətlərini müdafiə edirdilər, Osmanlı əsgərləri isə Azərbaycanın bu ağır mübarizəsində onların yanında vuruşurdular. Qarşıda isə mübarizənin əsas hədəfi Bakı idi. Məqsəd Bakını azad etməklə Azərbaycanın dövlətçilik taleyinin qorunması idi.
Azərbaycan və türk əsgərlərinin birgə mübarizəsi getdikcə daha böyük hərbi gücə çevrilirdi. İlk ağır döyüşlərdən keçən Qafqaz İslam Ordusu və Azərbaycan milli qüvvələri Göyçay istiqamətində qələbə qazandılar. Bu qələbə Bakı istiqamətində hərbi təşəbbüsün ələ keçirilməsində mühüm mərhələ oldu.
Qarşıda isə güclü müdafiə xətti, ağır döyüşlər və böyük itkilər vardı. Nəhayət, sentyabrın 14-də Bakıya həlledici hücum başladı. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə Azərbaycan milli qüvvələrinin birgə əməliyyatı sentyabrın 15-də qələbə ilə başa çatdı. Bakı azad edildi. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlətçilik vəzifələrindən biri yerinə yetirildi. Sentyabrın 17-də Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı.
Bakının azadlığa qovuşması böyük qələbə idi. Bu, olduqca baha başa gəlmişdi. Rəsmi tarixi mənbələrdə Qafqaz İslam Ordusunun Bakı əməliyyatı zamanı 1130 şəhid verdiyi göstərilir. Azərbaycanın istiqlaliyyəti uğrunda döyüşüb şəhid olan qəhrəmanların məzarları sonralar Bakının yaddaşına çevrildi. Türk Şəhidliyinin tikintisinə 1999-cu ildə başlanıldı, memorial 9 aprel 2000-ci ildə Ulu Öndər Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən açıldı.
Bu gün Bakının qoynunda ucalan Türk Şəhidliyi yalnız şəhidlərin xatirəsini yaşadan abidə deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında tarix boyu formalaşmış qardaşlığın yaddaşıdır.
Bu gün "Bir millət, iki dövlət" ifadəsi Azərbaycan-Türkiyə münasibətlərinin ən böyük siyasi və mənəvi düsturlarından biridir. Bu ifadənin arxasında yalnız müasir dövrün münasibətləri dayanmır, onun tarixi yaddaşında qanlı hadisələrə şahidlik edən Çanaqqala da, Bakı da var. 15 sentyabr 1918-ci il isə həmin yaddaşın ən parlaq səhifələrindəndir. Həmin gün Bakının azadlığı uğrunda Azərbaycan milli qüvvələri ilə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu birgə mübarizə aparırdı.
Ən əsası, 15 sentyabr yalnız bir şəhərin azad edildiyi gün deyil, həm də Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu, Azərbaycan və Türkiyə qardaşlığının tarix qarşısında özünü bir daha təsdiq etdiyi gündür. Çanaqqaladan Bakıya uzanan yol bu mübarizənin yalnız hərbi deyil, həm də dərin mənəvi və tarixi köklərə malik olduğunu göstərir.

Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər