Azərbaycanın müasir tarixində elə nailiyyətlər var ki, onların əhəmiyyəti ölkənin parlaq gələcəyinə olduqca müsbət təsir göstərir. Dövlət suverenliyinin tam bərpa edilməsi belə tarixi nailiyyətlərdəndir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yalnız əlamətdar bir tarixi deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və müstəqil siyasətinin nəticəsini ifadə edir.
Suverenlik hər şeydən əvvəl dövlətin öz ərazisinin və taleyinin sahibi olması deməkdir. Dövlət öz sərhədləri daxilində qanunun aliliyini təmin edir, konstitusiya quruluşunu qoruyur, təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll edir, daxili və xarici siyasətini milli maraqlar əsasında müəyyənləşdirir. Bu baxımdan suverenliyin təmin edilməsi dövlət müstəqilliyinin ən mühüm göstəricilərindən biridir.
Azərbaycan xalqı uzun illər bu hüququn tam həyata keçirilməsi uğrunda mübarizə aparıb. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə böhranlı vəziyyət vəziyyət hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin işğal altında saxlanılması 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Xocalı soyqırımı xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biri kimi yaddaşımıza həkk olundu. Ermənistanın işğal siyasəti Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı açıq təhdid yaratdı. Bununla belə, işğal Azərbaycan xalqının dövlətçilik iradəsini sarsıda bilmədi. Əksinə, illər keçdikcə ərazi bütövlüyünün bərpası məsələsi milli həmrəyliyi daha da gücləndirən ümumi məqsədə çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi bu məqsədə çatmaq üçün mühüm zəmin yaratdı. Ölkədə sabitliyin bərqərar olması, müasir dövlət qurumlarının formalaşdırılması, iqtisadi potensialın artırılması Azərbaycanın qarşıdakı tarixi mübarizəyə hazırlanmasını təmin etdi. Bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirildi. Azərbaycan iqtisadi qüdrətini artırdı, ordu quruculuğunu prioritet istiqamətə çevirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi. Ölkənin hərbi potensialının gücləndirilməsi yalnız təhlükəsizliyin təmin edilməsinə deyil, həm də pozulmuş ərazi bütövlüyünün bərpası üçün zəruri imkanların formalaşmasına xidmət etdi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bu uzunmüddətli hazırlığın nəticələrini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vurdu. İşğal altındakı ərazilərin böyük hissəsi azad edildi, Şuşanın azad olunması ilə müharibənin taleyi Azərbaycanın xeyrinə həll edildi.
Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ idi. Lakin qarşıda daha bir tarixi vəzifə dayanırdı: Azərbaycan dövlətinin öz ərazisinin bütün hissələrində hakimiyyətini tam şəkildə bərpa etməsi. Bu istiqamətdə atılan addımlar ardıcıl xarakter daşıdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədlərinə və ərazisinə nəzarətinin təmin olunması baxımından mühüm hadisə oldu. Bu addım dövlətin öz suveren hüquqlarını həyata keçirmək iradəsinin göstəricisi idi.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlayan antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin bölgədəki qalıqları tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan Respublikasının konstitusiya quruluşu bütün ərazidə bərpa olundu. Bu hadisə Azərbaycanın müasir tarixində yeni səhifə yaratdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də məhz bu tarixi nəticənin siyasi və hüquqi əhəmiyyətini təsdiqlədi.
Bu gün Azərbaycan artıq başqa bir mərhələyə qədəm qoyub. Qarşıda dayanan əsas məsələ əldə edilmiş Zəfərin nəticələrini möhkəmləndirmək, tam suverenlik şəraitində ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirməkdir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bunun ən aydın göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, yolların və digər infrastrukturun qurulması, məktəblərin, xəstəxanaların və sosial obyektlərin istifadəyə verilməsi, iqtisadi fəaliyyətin bərpası Azərbaycanın öz torpaqlarında tam suverenliyinin praktiki nəticələridir. Ən mühüm nəticələrdən biri isə insanların uzun illərdən sonra doğma yurdlarına qayıtmasıdır.
Tam suverenlik Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması üçün də yeni imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji və logistika imkanlarının artırılması ölkənin ümumi inkişafına əlavə impuls verir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın gələcək iqtisadi mənzərəsinin formalaşmasında mühüm rol oynayır.
Suverenliyin bərpası Azərbaycanın xarici siyasətində də yeni reallıqlar yaradıb. Artıq Azərbaycan bütün ərazisində konstitusiya quruluşunu təmin edən, öz milli maraqlarını sərbəst müdafiə edən və regional proseslərdə fəal rol oynayan dövlət kimi çıxış edir. Ölkəmizin müxtəlif beynəlxalq və regional təşəbbüslərdə fəallığı, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və milli maraqlara əsaslanan xarici siyasətin davam etdirilməsi tam suverenliyin yaratdığı siyasi imkanlarla sıx bağlıdır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi mərhələnin məntiqi davamı idi. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xüsusi vurğulanıb. Sənəddə 2025-ci ilin həm Konstitusiyanın qəbulunun 30-cu, həm də Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə əlamətdar olduğu qeyd edilib. Hüquqi dövlətin əsasını Konstitusiya təşkil etdiyi kimi, onun bütün ərazidə qüvvədə olması dövlət suverenliyinin əsas göstəricilərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyasının bütün ərazidə tam qüvvəyə malik olması dövlətçiliyimizin hüquqi bütövlüyünün də təmin edildiyini nümayiş etdirir.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, dövlətçilik iradəsinin və milli həmrəyliyinin təntənəsidir. Bu tarix bizə həm keçmişin qəhrəmanlıq salnaməsini xatırladır, həm də gələcəyə daha böyük inamla baxmaq üçün əsas verir. Suveren Azərbaycan öz inkişaf yolunu müəyyən edir və qarşıdakı hər yeni uğur bu tarixi Zəfərin davamı olacaqdır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı