PDF Oxu

Siyasət

  • 373

Azərbaycan müxtəlif mədəniyyətlərin, ideyaların və mənəvi dəyərlərin qovuşduğu məkandır - ŞƏRH

image

Sentyabrın 15-də Prezident İlham Əliyev Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi sadəcə təqvim uyğunluğu deyil. Bu iki tədbirin məhz Bakıda və eyni vaxtda təşkil olunması Azərbaycanın Türk dünyası, İslam aləmi və Cənubi Qafqaz arasında siyasi, mədəni və mənəvi əlaqələrin inkişafında artan roluna diqqət çəkən mühüm hadisədir
Ölkə rəhbərinin səsləndirdiyi fikirlər mahiyyət etibarilə yalnız dini liderlərlə görüş çərçivəsində qiymətləndirilə biləcək mesajlarla məhdudlaşmır. Çıxışda Azərbaycanın Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında yerləşən geosiyasi və mədəni mövqeyi, ölkənin regional əməkdaşlıqdakı rolu, Qarabağ münaqişəsindən sonrakı mərhələ və Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Bu baxımdan Seyid Yəhya Bakuvinin irsi xüsusi məna daşıyır. XV əsrdə yaşamış böyük mütəfəkkirin yaradıcılığı Azərbaycanın milli-mədəni yaddaşının mühüm hissəsi olmaqla yanaşı, İslam dünyasının intellektual və mənəvi tarixində də özünəməxsus yer tutur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, ideyaların və mənəvi dəyərlərin qovuşduğu məkan olduğunu göstərir. Qafqaz Albaniyasının qədim dövlətçilik tarixi, Atabəylər dövlətinin siyasi və mədəni irsi, Bakı və digər şəhərlərin dini-memarlıq abidələri bu coğrafiyanın çoxqatlı tarixi yaddaşını əks etdirir. Bu baxımdan Yəhya Bakuvi irsinin beynəlxalq konfrans çərçivəsində müzakirəsi yalnız bir alimin yaradıcılığına həsr olunmuş elmi tədbir deyil, həm də ortaq tarixi-mədəni dəyərlərin öyrənilməsi və nəsillərə ötürülməsi baxımından əhəmiyyətli təşəbbüsdür.
Dövlət başçısının çıxışında tarixi-mədəni irsin qorunması, dini liderlərin birləşdirici rolu, işğaldan azad edilmiş ərazilərin bərpası və Azərbaycan-Ermənistan sülh gündəliyi qarşılıqlı əlaqədə təqdim olunur. Cənab Prezidentin çıxışında dini liderlərin müxtəlif ölkələrdən və regionlardan Bakıya toplaşması İslam həmrəyliyinin və mədəniyyətlərarası dialoqun mühüm göstəricisi kimi təqdim edilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini rəhbərləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazın müxtəlif respublikalarından nümayəndələrin iştirakı tədbirin coğrafi əhatəsini genişləndirir. Azərbaycanın bu formatda ev sahibi kimi çıxış etməsi onun Türk dünyası ilə Qafqaz arasında tarixi və coğrafi əlaqələrini, eləcə də İslam dünyası ilə əməkdaşlıq imkanlarını bir araya gətirən mövqeyini nümayiş etdirir.
Azərbaycanın İslam həmrəyliyinə verdiyi əhəmiyyətin konkret nümunələri də mövcuddur. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları müxtəlif müsəlman ölkələrindən olan insanların bir araya gəlməsi və həmrəylik ideyasının təşviqi baxımından mühüm platforma olmuşdu. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi isə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin daha geniş siyasi müstəvidə inkişaf etdiyini göstərən növbəti mühüm hadisə olacaq.
Çıxışın digər mühüm istiqaməti Qarabağ məsələsidir. Ölkə rəhbəri Qarabağda 30 il davam etmiş işğalın nəticələrini, məcburi köçkünlük problemini, dağıdılmış yaşayış məntəqələrini və dini-mədəni irsin vəziyyətini geniş şəkildə gündəmə gətirir. Bu təqdimatda Qarabağ məsələsi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tarixi problemi kimi deyil, eyni zamanda beynəlxalq hüquq, ərazi bütövlüyü, tarixi yaddaş və mədəni irsin qorunması məsələsi kimi çərçivələndirilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və dini-mədəni abidələrin bərpası bu siyasətin əsas komponentləridir. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri həmin proseslərlə yerində tanışlıq baxımından əhəmiyyət daşıyır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri dövlət başçısının çıxışında milli-mənəvi dəyərlərin qorunması ilə sıx əlaqələndirilir. Ağdam məscidinin bərpası ilə başlayan bu prosesin davam etdirilməsi, işğal zamanı zərər görmüş məscidlərin yenidən qurulması və Şuşada yeni məscidin inşası dini irsə göstərilən diqqətin nümunələridir. Məscidlərin bərpası yalnız memarlıq abidələrinin yenilənməsi deyil, həm də xalqın dini-mənəvi yaddaşının, tarixi kimliyinin və mədəni irsinin qorunması kimi təqdim olunur.
Avropa Parlamenti və digər Avropa institutları ilə bağlı səsləndirilən sərt ifadələr isə çıxışın ən kəskin siyasi hissəsini təşkil etdi. Bu fikirlər Prezidentin şəxsi siyasi mövqeyi kimi təqdim olunur və həmin qurumların Azərbaycanla bağlı siyasətinə dair ciddi tənqid ehtiva edir. Burada əsas siyasi mesaj Azərbaycanın öz milli maraqlarını və suverenliyini xarici siyasi təzyiqlər qarşısında qorumaq niyyətinin vurğulanmasıdır. Çıxışın İslamofobiya ilə bağlı hissəsi də eyni siyasi məntiqin davamı oldu. Prezident İslam dininin terrorla eyniləşdirilməsinə, müqəddəs dini dəyərlərə qarşı təhqiramiz davranışlara və müsəlmanların ayrı-seçkiliklə üzləşməsinə etirazı İslam həmrəyliyinin vacib səbəblərindən biri kimi təqdim edir. Bu yanaşmada əsas fikir ondan ibarətdir ki, müsəlman ölkələrinin ayrı-ayrılıqda deyil, ortaq mövqedən çıxış etməsi onların beynəlxalq müstəvidə öz maraqlarını daha effektiv müdafiə etməsinə imkan verə bilər
Bu tədbirlər Azərbaycan üçün yalnız beynəlxalq görüşlər deyil, həm də ortaq dəyərlərin, mədəni irsin və sülh ideallarının təşviqi baxımından mühüm platformalardır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər