PDF Oxu

Siyasət

  • 305

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol - ŞƏRH

image

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə tariximizin yeni mərhələsi başlayıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların məskunlaşması, yeni sosial və iqtisadi infrastrukturun yaradılması Zəfərin yalnız hərbi-siyasi nəticə ilə məhdudlaşmadığını, onun real inkişaf və dirçəliş mərhələsi ilə tamamlandığını göstərir.
Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də bu şəhərlərdə Dövlət Bayrağını ucaltdığı günlərdən etibarən həmin ərazilərdə dövlət idarəçiliyinin, təhlükəsizliyin, sosial həyatın və iqtisadi fəaliyyətin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu gün həmin şəhərlərin və rayonların siması sürətlə dəyişir, yaşayış məntəqələri yenidən qurulur, sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunur.
Artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Bu tarix həmin yaşayış məntəqələrinin ölkənin ictimai-siyasi və sosial həyatına yenidən inteqrasiyasının, onların tarixi və inzibati əhəmiyyətinin bir daha diqqətə çatdırılmasının ifadəsidir.
2023-cü il oktyabrın 15-i Azərbaycanın müasir tarixində mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla həmin ərazilərdə dövlət suverenliyinin bərpası əyani şəkildə nümayiş etdirildi.
Xankəndidə Dövlət Bayrağının ucaldılması ilə yanaşı, şəhərin Kərkicahan qəsəbəsinə baxış keçirilməsi, Xocalıda isə Dövlət Bayrağının şəhərlə yanaşı Əsgəran qəsəbəsində də ucaldılması xüsusi rəmzi məna daşıyırdı. Xocavənd və Ağdərədə üçrəngli bayrağın dalğalanması isə bu ərazilərdə dövlət idarəçiliyinin bərpasının daha bir ifadəsi oldu.
Aradan keçən dövr göstərdi ki, Azərbaycan üçün suverenliyin bərpası yalnız siyasi-hüquqi proses deyil. Bu prosesin əsas istiqamətlərindən biri də ərazilərin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtması və burada dayanıqlı həyatın təmin edilməsidir.
Xankəndi bu prosesin mühüm mərkəzlərindən birinə çevrilib. Şəhərdə təhsil, mədəniyyət, iqtisadiyyat, nəqliyyat və digər sahələr üzrə yeni layihələr həyata keçirilir. Qarabağ Universitetinin yaradılması Xankəndinin regional elm və təhsil mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlardan biridir. Universitetin müxtəlif fakültələrinin yeni binalarının istifadəyə verilməsi, klinikanın və tibb təhsili infrastrukturlarının yaradılması şəhərin gələcək inkişaf perspektivlərini genişləndirir.
Xankəndidə Zəfər parkının, Konqres Mərkəzinin, biznes və istehsal obyektlərinin yaradılması, dəmir yolu və avtovağzal kompleksinin təməlinin qoyulması şəhərin müasir urbanistik və iqtisadi məkan kimi formalaşdırılması istiqamətində görülən işlərin miqyasını göstərir. Mədəniyyət Mərkəzinin yenidən qurulması, mehmanxanaların fəaliyyətə başlaması və yeni istehsal müəssisələrinin yaradılması isə şəhərdə sosial-iqtisadi həyatın canlanmasına xidmət edir.
Xocalının Azərbaycanın dövlət suverenliyi çərçivəsində bərpası həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Xocalı uzun illər ərzində xalqımızın yaddaşında faciə və ağrı ilə bağlı olan bir məkan kimi qalsa da, bu gün şəhərdə və rayonun kəndlərində yeni həyat qurulur.
Xocalı şəhərində və rayonun müxtəlif kəndlərində aparılan bərpa-quruculuq işləri geniş vüsət alıb. Şəhərin özündə artıq yüzlərlə ailənin məskunlaşması təmin olunub. Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq, Xanabad və digər yaşayış məntəqələrində də ailələrin mərhələli şəkildə yerləşdirilməsi həyata keçirilir.
Təqdim olunan göstəricilərə əsasən, Xocalı rayonunda ümumilikdə 1 167 ailənin, 4 841 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəm Böyük Qayıdış prosesinin konkret nəticələrindən biri kimi diqqət çəkir.
Xocalıda həyata keçirilən layihələr yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Elektrik infrastrukturu, rəqəmsal idarəetmə, istehsal müəssisələri, kənd təsərrüfatı obyektləri və sosial infrastruktura dair layihələr rayonun iqtisadi potensialının bərpasına yönəlib.
Xüsusilə Xocalı Soyqırımı Memorialının yaradılması tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, Xocalıda həm tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, həm də müasir şəhər həyatının formalaşdırılması paralel şəkildə həyata keçirilir.
Xocavənddə də bərpa prosesi sistemli şəkildə davam etdirilir. Hadrut qəsəbəsi, Tuğ, Xocavənd, Xanoba, Sos, Güneyxırman, Quzeyxırman və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr ərazinin sosial-iqtisadi potensialının yenidən formalaşdırılmasına xidmət edir.
Hadrutda yaşayış məhəllələrinin, məktəbin, inzibati mərkəzin, məscidin və digər obyektlərin yaradılması qəsəbənin gələcək inkişafı üçün mühüm baza formalaşdırır. Tuğ kəndində aparılan işlər isə tarixi-mədəni irsin qorunması ilə müasir yaşayış mühitinin yaradılmasının paralel şəkildə həyata keçirildiyini göstərir.
Xocavənd rayonunda artıq 988 ailənin, 4 070 nəfərin məskunlaşması təmin edilib. Bu proses doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların geri qayıdışının real nəticələrini nümayiş etdirir.
Rayonun kənd və qəsəbələrində həyata keçirilən layihələr həm də yeni iqtisadi imkanların yaradılmasına hesablanıb. Yol-nəqliyyat infrastrukturunun, enerji sistemlərinin və sosial obyektlərin bərpası əhalinin davamlı məskunlaşması üçün zəruri şərait yaradır.
Ağdərə də Böyük Qayıdışın mühüm ünvanlarından biridir. Rayonun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində aparılan işlər burada yeni yaşayış məkanlarının formalaşdırıldığını göstərir.
Hazırda Ağdərə rayonunda 917 ailənin, 3 587 nəfərin məskunlaşması təmin edilib. Bu göstəricilər qısa müddətdə görülən işlərin miqyasını əks etdirir.
Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılması, kəndlərarası yolların bərpası, enerji obyektlərinin yaradılması və digər layihələr rayonun sosial-iqtisadi həyatının yenidən qurulmasına xidmət edir. Eyni zamanda Ağdərənin Baş planının hazırlanması şəhərin gələcək inkişafının uzunmüddətli perspektivdə planlaşdırıldığını göstərir.
Ağdərə rayonunda enerji və sənaye sahələrində də layihələr həyata keçirilir. “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi və Dəmirli Filiz Emalı Kompleksinin fəaliyyəti ilə bağlı görülən işlər rayonun iqtisadi potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən proseslər bir-birindən ayrı layihələr deyil, vahid dövlət strategiyasının tərkib hissəsidir. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, müasir standartlara cavab verən, dayanıqlı və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.
Bu baxımdan Prezident İlham Əliyevin azad edilmiş ərazilərə çoxsaylı səfərləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müxtəlif tarixlərdə bu şəhər və rayonlarda olması, yeni layihələrin təməlini qoyması, istifadəyə verilən obyektlərin açılışında iştirakı və sakinlərlə görüşməsi Böyük Qayıdış prosesinin dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanıldığını göstərir.
2023-cü ilin dekabrında Xankəndidə “Qarabağ” futbol klubunun oyununun keçirilməsi də şəhərin ictimai həyatının bərpası baxımından diqqətçəkən hadisələrdən biri oldu. 2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə şəhərin Azərbaycanın dövlət həyatına qayıdışının mühüm simvollarından birinə çevrildi.
Bu gün isə Xankəndidə universitet fəaliyyət göstərir, yeni istehsal müəssisələri yaradılır, yaşayış binaları və sosial obyektlər istifadəyə verilir. Xocalıda, Xocavənddə və Ağdərədə kəndlər yenidən qurulur, yollar və enerji infrastrukturu bərpa edilir, sakinlər öz doğma yurdlarına qayıdırlar.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün qeyd olunması bu ərazilərin Azərbaycanın ictimai-siyasi həyatındakı yerinin daha aydın şəkildə ifadə edilməsinə imkan verir. Bu şəhərlərin və rayonların tarixi keçmişi, işğal dövründə üzləşdiyi dağıntılar və bu gün keçdiyi bərpa mərhələsi Azərbaycan tarixinin mürəkkəb, lakin mühüm səhifələrini təşkil edir.
Hazırda əsas diqqət insanların təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsinə, iqtisadi fəaliyyətin genişləndirilməsinə, təhsil və səhiyyə imkanlarının artırılmasına, tarixi-mədəni irsin qorunmasına və yaşayış məntəqələrinin müasir standartlar əsasında inkişafına yönəlib.
Bu mənada Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görülən işlər Böyük Zəfərin yeni mərhələsinin — quruculuq, qayıdış və inkişaf mərhələsinin real mənzərəsini yaradır.
Azərbaycan Böyük Zəfərə imza atmaqla öz ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi mərhələni başa çatdırdı. Bu gün isə həmin Zəfərin nəticələri azad edilmiş ərazilərdə quruculuq, məskunlaşma və sosial-iqtisadi inkişafla möhkəmləndirilir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə yenidən həyatın canlanması bu tarixi prosesin ən mühüm göstəricilərindəndir.
Beləliklə, Dövlət Bayrağının dalğalandığı bu şəhərlər artıq yalnız keçmişin yaddaşı kimi deyil, Azərbaycanın gələcəyinin qurulduğu məkanlar kimi də diqqət çəkir. Zəfərdən Böyük Qayıdışa, Böyük Qayıdışdan davamlı inkişafa uzanan bu yol Azərbaycanın müasir tarixində yeni bir mərhələnin formalaşdığını göstərir.

İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər