PDF Oxu

Siyasət

  • 761

TDT-17 il: Türk dünyasının birlikdən strateji əməkdaşlığa uzanan yolu

image

Təməli 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə imzalanan Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Ötən 17 ildə təşkilat türk dövlətləri arasında əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Bu gün TDT-nin gündəliyində yalnız ortaq tarix və mədəniyyət deyil, həm də iqtisadiyyat, nəqliyyat, enerji, ticarət, təhsil və digər sahələr üzrə praktiki əməkdaşlıq məsələləri dayanır.

İllər keçdikcə təşkilatın fəaliyyət istiqamətləri də genişlənir. Əgər ilkin mərhələdə əsas diqqət siyasi və mədəni əlaqələrin inkişafına yönəlirdisə, hazırda iqtisadi münasibətlər, nəqliyyat bağlantıları, investisiyalar, enerji və rəqəmsal əməkdaşlıq kimi məsələlər də TDT-nin gündəliyində mühüm yer tutur.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində Zəfər çalması, Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsi nəinki region dövlətləri, eləcə də TDT və dünyanın bir çox ölkələri üçün yeni imkanlar vəd etdiyi üçün artıq müharibədən sonrakı dövrün tələbləri də dəyişir. Bu gün artıq Azərbaycan bu dəhlizdən istifadə edəcək bütün dövlətlərlə əməkdaşlığı yeni mərhələdə qurur. TDT ilə əməkdaşlığın da müasir dövründə Zəngəzur dəhlizi dayandığı üçün əlbəttə, sıx görüşlər, müzakirələr, fikir mübadilələri bu nəhəng layihənin gələcəyini müəyyənləşdirən amillərdir.

Azərbaycanın təşəbbüsü hər zaman uğur qazandırır

Təşkilatın inkişafında dövlət başçılarının Zirvə görüşləri xüsusi əhəmiyyət daşıyır. Bu görüşlərdə həm mövcud əməkdaşlığın nəticələri müzakirə olunur, həm də qarşıdakı dövr üçün yeni istiqamətlər müəyyənləşdirilir.

Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanması isə dövlət başçıları arasında dialoqun daha intensiv xarakter almasına imkan yaradıb. İlk belə görüşün 2024-cü ildə Şuşada keçirilməsi təsadüfi deyildi. Şuşa görüşü türk dövlətləri arasında əməkdaşlığın siyasi gündəliyinin daha çevik şəkildə müzakirə olunması baxımından diqqət çəkirdi.

Təbii ki, görüşlər nə qədər sıx olarsa, gözlənilən nəticəni əldə etmək bir o qədər tez və asan olar. Prezident İlham Əliyev də dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyini bildirib. Bu yanaşma TDT daxilində daha müntəzəm məsləhətləşmələrin və fikir mübadiləsinin vacibliyini ortaya qoyur.

Son dövrdə TDT-yə üzv dövlət başçılarının ölkəmizə davamlı səfərləri, eləcə də dövlətimizin başçısının həmin ölkələrə rəsmi səfərləri məsələnin uğurlu həllidir.

Orta Dəhliz: ortaq maraq

TDT-nin gələcək inkişafında iqtisadi əlaqələrin genişləndirilməsi əsas məsələlərdən biri olaraq qalır. Üzv ölkələr arasında ticarətin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin asanlaşdırılması təşkilatın iqtisadi potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər.

Nəqliyyat sahəsi də xüsusi əhəmiyyət daşıyır. Türk dövlətlərini birləşdirən coğrafi mövqelər Şərqlə Qərb arasında daşımaların inkişafı üçün mühüm imkanlar yaradır. Bu baxımdan Orta Dəhliz kimi layihələr TDT ölkələri arasında həm iqtisadi, həm də nəqliyyat əlaqələrinin möhkəmlənməsində mühüm rol oynaya bilər.

Enerji əməkdaşlığı da təşkilatın gündəliyində getdikcə daha çox ön plana çıxır. Azərbaycanın enerji resursları və tranzit imkanları, Mərkəzi Asiya ölkələrinin potensialı və Türkiyənin nəqliyyat-logistika imkanları bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Beləliklə, Orta Dəhliz TDT ölkələri arasında ortaq marağa çevrilir.

Digər ortaq dəyərlər və gələcək nəsillər

TDT-ni digər regional əməkdaşlıq formatlarından fərqləndirən əsas məqamlardan biri ortaq tarixi və mədəni bağlardır. Türk xalqlarının dil, tarix və mədəniyyət baxımından yaxınlığı əməkdaşlıq üçün möhkəm sosial baza yaradır. Bu baxımdan təhsil, elm, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi uzunmüddətli perspektivdə xüsusi əhəmiyyət daşıyır. Çünki təşkilatın gələcəyini yalnız dövlətlərarası sazişlər deyil, həm də cəmiyyətlər arasında formalaşan münasibətlər müəyyənləşdirəcək. TDT-yə üzv dövlətlərin Qarabağın yenidən qurulmasına verdiyi töhfələr bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Əməkdaşlıq nə vəd edir?

TDT qarşısında duran əsas məqsədlərdən biri mövcud əməkdaşlıq imkanlarını daha da genişləndirmək və təşkilatı beynəlxalq münasibətlər sistemində daha təsirli platformaya çevirməkdir. Bunun üçün siyasi dialoqun davamlı olması ilə yanaşı, qəbul edilən qərarların konkret layihələrə çevrilməsi də vacibdir. Ticarət, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil və mədəniyyət sahələrində real nəticələrin artırılması təşkilatın gələcək imkanlarını daha da genişləndirəcək.

Ötən 17 ildə TDT-nin keçdiyi yol göstərir ki, türk dövlətləri arasındakı münasibətlər artıq yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır. Qarşıdakı mərhələdə əsas məsələ bu yaxınlığı davamlı siyasi və iqtisadi əməkdaşlığa çevirməkdir. TDT-nin beynəlxalq təşkilat kimi çəkisinin artması da məhz bu əməkdaşlığın nə dərəcədə konkret nəticələr verməsindən asılı olacaq.

Mətanət Məmmədova

Digər xəbərlər