PDF Oxu

Siyasət

  • 1 156

Qarabağda yeni siyasi reallığın rəmzi

image

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mahiyyəti yalnız təqvimlə ölçülmür. Belə tarixlər xalqın yaddaşında dövlətçilik iradəsinin, milli həmrəyliyin və siyasi qətiyyətin rəmzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması Qarabağda formalaşmış yeni reallığın dövlət səviyyəsində siyasi və tarixi qiymətləndirilməsinin ifadəsidir.

Bu tarix təsadüfən seçilməyib. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində həlledici mərhələ başa çatdı. Beləliklə, uzun illər ərzində davam edən münaqişənin hərbi-siyasi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yekunlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyırdı. Bu hadisə uzun illər əvvəl qarşıya qoyulmuş strateji məqsədin gerçəkləşməsinin simvoluna çevrildi. Həmin il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə tarixi Zəfərin siyasi və hərbi nəticələrinin nümayişi baxımından mühüm hadisə idi. Bu yalnız hərbi güc nümayişi deyildi, həm də Azərbaycanın regionda yeni siyasi reallıq yaratdığını göstərən mesaj idi.
2023-cü il dekabrın 21-də Xankəndi stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən futbol oyunu da xüsusi siyasi və ictimai məna daşıyırdı. Otuz illik fasilədən sonra Xankəndidə rəsmi futbol matçının keçirilməsi şəhərdə normal həyatın bərpasının simvoluna çevrildi.
Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu ali təhsil müəssisəsi Qarabağın yeni inkişaf modelinin mühüm institusional dayaqlarından biridir. Regionun əmək bazarına uyğun mütəxəssislərin hazırlanması, gənclərin Qarabağda təhsil alması və burada gələcək quruculuq prosesinə cəlb edilməsi uzunmüddətli dövlət strategiyasının tərkib hissəsidir.
Ərazi üzərində suverenliyin bərpası yeni mərhələnin başlanğıcıdır. Qarabağda dövlət siyasətinin əsas istiqamətlərindən biri həmin ərazilərin yenidən qurulması, iqtisadi və sosial həyatın bərpası, əhalinin doğma yurdlarına qaytarılmasıdır. Eyni yanaşmanı Ağdərə, Xocalı, Xocavənd və Ağdərə rayonlarının yaradılmasında da görmək mümkündür. Yeni inzibati rayonların yaradılması Qarabağda idarəetmə sisteminin formalaşdırılması və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm addımdır.
Əgər işğal illərində Qarabağ Azərbaycan ictimaiyyətinin yaddaşında həsrət və məcburi köçkünlük anlayışları ilə assosiasiya olunurdusa, yeni dövrdə həmin ərazilər artıq təhsil, idman, yaşayış, iqtisadiyyat və dövlət idarəçiliyi ilə əlaqələndirilir. Bu dəyişiklik Qarabağda baş verən proseslərin ən mühüm siyasi nəticələrindən biridir.
Ərazi bütövlüyünün bərpası yalnız xəritədə dəyişiklik demək deyil. Əsl qələbə insanların öz doğma torpaqlarına qayıtması ilə tamamlanır. Bu istiqamətdə həyata keçirilən Böyük Qayıdış proqramı Qarabağda yeni sosial reallıq formalaşdırır.
Böyük Qaydış proqramı çərçivəsində Prezident İlham Əliyevin göstərişi ilə Xankəndi şəhəri və ətraf rayonlarda bütövlükdə minlərlə ailənin məskunlaşması yalnız statistik göstəricilər deyil. Hər bir rəqəmin arxasında illərlə doğma yurduna qayıtmaq arzusu ilə yaşayan bir ailə dayanır. Qarabağda və Şərqi Zəngəzurda yaradılan yeni müasir yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar, enerji infrastrukturu, sənaye və kənd təsərrüfatı layihələri vahid inkişaf konsepsiyasının elementləridir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcəyi də bu prosesin mühüm hissəsidir.
2024-cü ildən başlayaraq hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi dövlət səviyyəsində qeyd olunması həm də Azərbaycanın münaqişədən sonrakı dövrdə yaratdığı siyasi reallığın təsdiqidir. Bu baxımdan 20 Sentyabr yalnız keçmiş qələbələrin xatırlanması günü kimi deyil, həm də gələcəyə baxış günü kimi dəyərləndirilə bilər.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixində xüsusi yeri olan şəhər və rayonlardır. Bu ərazilərin adı uzun illər münaqişə, işğal və həsrət anlayışları ilə yanaşı çəkilib. Bu gün isə həmin adlar başqa bir reallığın – qayıdışın, yenidənqurmanın və dövlət suverenliyinin bərpasının simvoluna çevrilir. 20 Sentyabrın əsas siyasi və mənəvi mahiyyəti də məhz bundadır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər