Dünyada baş verən müharibələr və münaqişələr arasında ən amansızı Rusiya-Ukrayna müharibəsidir. Sonu bəlli olmayan bu müharibə getdikcə daha amansız qırğınlara, dağıntılara səbəb olan qarşıdurma ilə davam edir. Dünyanın aparıcı dövlətləri, hətta BMT müharibəni dayandırmaq gücünə malik deyil. Çünki Rusiya tərəfi sərt şərtlər irəli sürür və şərtlərinin qəbul edilməyəcəyi təqdirdə, müharibənin dayandırılmayacağını bəyan edir. Hətta Rusiya rəsmiləri Avropa ölkələrinin Ukraynaya hərbi yardımlarını davam etdirəcəyi təqdirdə, müharibənin sərhədlərinin aşmasına təkan olan addımlar ata biləcəklərinə dair işarələr vururlar. Bununla yanaşı, dünya nüvə təhlükəsi qarşısındadır. Çünki nüvə dövlətləri bir-birini nüvə zərbəsi ilə hədələyirlər. Rusiya Prezidenti V.Putin “Rusiyasız dünya bizim nəyimizə lazımdır”, - deyə dünyanı nüvə ilə təhdid etmişdir. Təbii ki, nüvə toqquşması baş verəcəyi halda dünya məhv olacaq, insanlıq tamamilə sıradan çıxacaq. Hələlik isə meydanda qanlı müharibə gedir.
Müharibələrin uzanması isə dünyada yanacağın qiymətinin bahalaşmasına gətirib çıxarır. Artıq kritik durumda olan Avropa ölkələri benzinin və dizelin əhaliyə satışında limit tətbiq etməyə başlayıb. ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə yüksələn yanacaq qiymətlərini azaltmaq məqsədilə dizel ixracına 90 günlük qadağa tətbiq etmək imkanını nəzərdən keçirir. Bu barədə məlumat yayan “Politico” nəşri qeyd edir ki, mümkün addım noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində yanacağın bahalaşmasının yaratdığı təzyiqi azaltmaq məqsədi daşıyır. Bununla belə, təklif Tramp administrasiyası daxilində və neft sənayesində fikir ayrılığı yaradıb. Sənaye nümayəndələrinin bir qismi, bəzi respublikaçı konqresmenlər və administrasiya rəsmiləri hesab edirlər ki, ixracın məhdudlaşdırılması qısa müddətdə qiymətləri aşağı sala bilsə də, sonradan yanacağın daha da bahalaşmasına səbəb ola bilər. Qadağa tətbiq olunarsa, bu, Barak Obama administrasiyasının 2015-ci ildə onilliklər boyu qüvvədə olan neft ixracı məhdudiyyətini aradan qaldırmasından sonra ABŞ-nin enerji ixracına tətbiq etdiyi ilk belə məhdudiyyət olacaq.
Qeyd edək ki, ABŞ-də bir qallon - 3,785 litr - dizelin qiyməti ötən illə müqayisədə 2,83 dollar artaraq 6,50 dollar səviyyəsinə yüksəlib. Yanacağın bahalaşması noyabrın 3-də keçiriləcək aralıq seçkiləri öncəsi respublikaçı namizədlər üçün əsas iqtisadi məsələlərdən birinə çevrilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”
Hazırda öz işinə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında əsas müzakirə olunan mövzulardan birincisi dünyada baş verən müharibələrin dayandırılmasıdır. 193 üzv ölkənin dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və digər yüksəkvəzifəli rəsmiləri bir araya gətirən tədbir sentyabrın 22-dən 28-dək keçiriləcək. Tədbirin elə ilk günündən tərəflərin, eləcə də kənar oyunçuların sərt ritorikadan çıxış etmələri Yaxın Şərq və Rusiya-Ukrayna müharibələrinin dayandırılması istiqamətində aparılacaq növbəti danışıqların nəticə verməyəcəyini göstərir. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasını vəzifə olaraq üzərinə götürmüş BMT reallıqda deyildiyi kimi, “debatlar üçün diskussiya klubu”ndan uzağa gedə bilmir. Bunu artıq BMT rəsmiləri də etiraf etməyə başlayıblar. BMT Baş katibliyi kreslosunu tərk etməyə hazırlaşan Antoniu Quterreş açıq şəkildə bəyan edib ki, BMT dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında, eləcə də müharibələrin dayandırılmasında acızdir. Antoniu Quterreş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirlən 81-ci tədbirndə vida çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. A.Quterreş bunu dünyanın çağırışlarına cavab verilməsi üçün, legitimliyin və effektivliyin təmin olunması ilə əsaslandırıb: “Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra yaradılıb. Amma dünya o vaxtdan bəri fundamental dəyişikliklərə məruz qalıb”.
“Dünya beşdən böyükdür” tarixi fikri ilə haqlı mövqe sərgiləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə də sentyabrın 22-də baş tutan BMT Baş Assambleyasında çıxışında BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan dünyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvün qərarlarından asılı olmasını tənqid edib: “Beş ölkənin iradəsindən asılı olan bir strukturun nə ədalətli olduğunu, nə də tam mənada etimad yarada biləcəyini qəbul etməliyik. Təhlükəsizlik Şurasında “dünya beşdən böyükdür” prinsipi əsasında mütləq islahatlar aparılmalıdır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn güclü və zəif dövlətlərə fərqli şəkildə tətbiq edildiyi mövcud yanaşmanın dəyişdirilməli olduğunu bildirib: “Əməllərin cəzasız qaldığı, üstəlik, cəzasızlığın adiləşdiyi beynəlxalq sistem çürüməyə məhkumdur”.
BMT fəaliyyətsiz quruma çevrilir
Görünən reallıq ondan ibarətdir ki, hazırkı dönəmdə BMT lazımsız quruma çevrilib. Çünki qurum dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında əsas nüfuzlu qurum hesab olunsa da, əslində, müharibələrin, münaqişələrin dayandılmasında real gücü olmayan qurumdur. BMT-nin yarandığı gündən bu günə qədər dünyada baş verən hansısa münaqişənin aradan qaldırdığı faktı mövcud deyil. Uzağa getməyək, Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı və işğal faktı ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Nə baş verdi? Ermənistan həmin dörd qətnaməni kağız parçası hesab edərək, kənara atdı. Nəhayət, Azərbaycan ortaya böyük hərbi, siyasi, diplomatik güc qoyaraq, cəmi 44 gün ərzində BMT-nin kağız üzərində qalan qətnamələrini icra etdi və ərazilərini işğalçılardan təmizlədi.
BMT yaradılan zaman dünya xalqları məmnunluq hissi keçirirdilər. Hesab edirdilər ki, böyük güclərin müdaxiləsi ilə nəhayət, orta əsrlər təfəkkürü, xüsusilə də, bir dövlətin digər dövlətləri işğal etmək ənənəsi aradan qalxacaq. 1941-ci ildə imzalanan Atlantik Xartiyası müharibədən sonrakı dünya nizamının əsas prinsiplərini müəyyənləşdirdi. Atlantik Xartiyasının qəbulundan sonra ABŞ, Böyük Britaniya, SSRİ və Çin kimi dövlətlər yeni beynəlxalq təşkilatın yaradılması ilə bağlı intensiv müzakirələr apardılar. 1943-cü ildə keçirilən Moskva Konfransında “Ümumdünya Təşkilatı” anlayışı ilk dəfə rəsmi sənədlərə daxil edildi.1945-ci ilin aprelində 50 ölkənin nümayəndələri San-Fransiskoda toplaşaraq BMT Nizamnaməsinin layihəsini müzakirə etdilər. Konfransda təşkilatın strukturu, səlahiyyətləri və fəaliyyət prinsipləri müəyyənləşdirildi. 26 iyun 1945-ci ildə Nizamnamə 50 ölkə tərəfindən imzalandı, sonradan Polşa da sənədi təsdiqləyərək imzalayan dövlətlərin sayını 51-ə çatdırdı. Nizamnamənin qüvvəyə minməsi üçün onu imzalayan dövlətlərin əksəriyyəti, o cümlədən təhlükəsizlik şurasının beş daimi üzvü ratifikasiya etməli idi. BMT Nizamnaməsi ratifikasiya prosedurlarının tamamlanmasından sonra 24 oktyabr 1945-ci ildə qüvvəyə mindi. Bu tarix təşkilatın rəsmi yaranma günü hesab olunur. Həmin günün seçilməsi təsadüfi deyildi – çünki bu, beynəlxalq hüquqa əsaslanan yeni sistemin işə düşməsi demək idi. BMT Günü dünyanın bir çox ölkəsində xüsusi tədbirlərlə qeyd edilir. Bu tədbirlərdə sülhün əhəmiyyəti, beynəlxalq əməkdaşlıq və insan hüquqlarının qorunması kimi mövzular ön plana çıxır. Bu tarix həm də beynəlxalq münasibətlər tarixində yeni bir mərhələnin başlanğıcını simvolizə edir.BMT-nin fəaliyyət istiqamətləri Nizamnamənin 1-ci maddəsində dəqiq ifadə olunub. Əsas məqsədlərdən biri beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Bu məqsədə çatmaq üçün təşkilat mübahisələrin sülh yolu ilə həlli, silahsızlanma təşəbbüsləri və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir.Digər mühüm məqsəd xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və insan hüquqlarının müdafiəsidir. BMT həmçinin iqtisadi, sosial və mədəni sahələrdə beynəlxalq əməkdaşlığı təşviq etməklə dövlətlərin dayanıqlı inkişafına töhfə verir.
Necə deyərlər, BMT nizamnaməsi yaxşıdan da yaxşı tərtib olunub və dövlətlər tərəfindən təsdiq edilib. Lakin nizamnamənin tələbləri yerinə yetirilmir. Bu baxımdan da BMT lazımsız quruma çevrilir. BMT-nin fəaliyyətsizliyindən istifadə edən böyük güclər, xüsusilə də BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər hegemonluq edir, müharibələr yaradır və xalqları qırmağa, şəhərləri dağıtmağa çalışır. İstəklərinə də nail olurlar. Hazırda dünyada baş verən 155 münaqişə bölgəsinin hər birində ABŞ-nin, Rusiyanın, Fransanın, Böyük Britaniyanın, Çinin bu və digər formada əlləri var. Hətta bəzi müharibələrin aktiv iştirakçılarıdırlar. İstədikləri zaman BMT Təhlükəsizlik Şurasının qərarlarını, hətta müzakirələrini gözləmədən müstəqil dövlətlərə hücum edir, hakimiyyətləri devirir, yeri gələndə prezidentləri iş otaqlarından oğurlayırlar. Belə işğalçı dövlətlərlə bir araya gəlib, BMT kimi qurumu nüfuza mindirmək çətindir. Yaxşı olardı ki, BMT daxilində əsaslı islahatlar aparılsın, Təhlükəsizlik Şurasının üzvləri veto qoymaq hüquqlarından məhrum edilsinlər.
İ.ƏLİYEV