PDF Oxu

Siyasət

  • 657

Təbii sərvətlərdən istifadə zamanı təbiətin qorunması əsas şərtdir - ŞƏRH

image

Azərbaycanın yeraltı sərvətləri sənayenin inkişafı üçün böyük imkanlar yaradır. Lakin dağ-mədən fəaliyyəti torpağa, su ehtiyatlarına və ətraf mühitə təsir göstərə bilən sahədir. Buna görə yeni yataqların istismarı ilə bağlı qərarlar yalnız gözlənilən iqtisadi gəlir əsasında verilə bilməz. Layihənin həyata keçiriləcəyi ərazinin təbii xüsusiyyətləri, mümkün təsirlər və onların qarşısını almaq üçün görüləcək tədbirlər əvvəlcədən qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirədə ekoloji məsuliyyətə xüsusi diqqət yetirildi. Dövlət başçısı Qərb Sənaye Parkı və “Daşkəsən” filiz yatağı ilə bağlı nəzərdə tutulan işlərdən danışarkən ekoloji ekspertizanın aparılmasını, bütün ekoloji normaların gözlənilməsini tələb etdi. Prezidentin əsas fikri aydın idi: yeraltı ehtiyatlardan istifadə edilərkən təbiətin dəyəri unudulmamalıdır.
Dağ-mədən sənayesində ekoloji tələblərə əməl olunması işə yalnız müəssisə fəaliyyətə başlayanda qoşulan məsələ deyil. Bu tələblər layihələndirmə mərhələsindən nəzərə alınmalıdır. Yatağın hansı üsulla işlənəcəyi, filizin necə daşınacağı, emal müəssisələrinin harada yerləşəcəyi və istehsalın ətraf mühitə mümkün təsiri bir-biri ilə əlaqəli suallardır. Erkən mərhələdə aparılan düzgün qiymətləndirmə həm təbiətin qorunmasına, həm də sonradan yarana biləcək problemlərin qarşısının alınmasına xidmət edir.
Prezident İlham Əliyev müşavirədə ekoloji normalara riayət olunmasının həm xarici tərəfdaşlardan, həm də dövlət şirkəti olan “AzerGold”dan tələb edildiyini bildirdi. Bu mövqe onu göstərir ki, layihəni kimin həyata keçirməsindən asılı olmayaraq, təbiətin qorunması hamı üçün eyni dərəcədə vacib şərt olmalıdır. İnvestisiya cəlbediciliyi və istehsalın həcmi ekoloji məsuliyyəti arxa plana keçirməməlidir.
Bu məsələnin Azərbaycan üçün tarixi tərəfi də var. Prezident çıxışında işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında meşə fonduna vurulan zərəri xatırlatdı. Dövlət başçısının bildirdiyinə görə, həmin rayonlarda 60 min hektar meşə fondu məhv edilib. Təbiətə vurulan belə zərərin miqyası göstərir ki, təbii ehtiyatlara münasibətdə məsuliyyətli yanaşma yalnız iqtisadi deyil, həm də gələcək nəsillər qarşısında mühüm vəzifədir. İşğaldan azad edilmiş ərazilərdə yeni layihələrin planlaşdırılması zamanı bu həssaslıq xüsusi əhəmiyyət daşıyır.
Təbii sərvətlərdən səmərəli istifadə ilə onların ehtiyatla idarə olunması bir-birini tamamlayır. Əgər layihə ölkədə yeni iş yerləri yaradırsa, sənayeni inkişaf etdirirsə və ixrac imkanlarını genişləndirirsə, onun uzunmüddətli faydası ətraf mühitə münasibətlə də ölçülməlidir. Torpağın və suyun qorunması, müəyyən edilmiş normalara əməl olunması və fəaliyyətə nəzarət layihənin keyfiyyətini müəyyən edən əsas məsələlərdəndir. Ekoloji tələblər kağız üzərində qalmamalı, görülən işlərin hər mərhələsində tətbiq edilməlidir.
2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair təqdim olunan Dövlət Proqramının layihəsi yeni yataqların araşdırılmasını və istehsal imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bu hədəflər həyata keçirilərkən iqtisadi nəticələrlə yanaşı, ərazilərin təbii mühitinin qorunması da diqqətdə saxlanılmalıdır. Dövlət başçısının müşavirədə qoyduğu tələb məhz budur: sənaye inkişaf etməli, amma bu inkişaf təbiətə məsuliyyətli münasibət əsasında qurulmalıdır.

Hilal Əhmədov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkiltının sədri
Xol Qaraqaşlı kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçisi

Digər xəbərlər