Qürur, ehtiram və tarixi zəfərin başlanğıcı olan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Lerik rayonunda silsilə tədbirlər keçirilib .Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirlər çərçivəsində rayon ərazisində ağacəkmə aksiyasında Vətən yolunda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan oğlanlarımızın əziz xatirəsinə ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlaşdırma işləri görülüb.
Ardınca “Şəhidlər” abidə kompleksi ziyarət edilib, ehtiram əlaməti olaraq kompleksin qarşısında gül-çiçək dəstələri qoyulub .
Daha sonra rayon icra hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək deyib:- 2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib və şəhidlərin canı, qanı bahasına 44 gün ərzində möhtəşəm qələbə qazanılıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir.
Digər natiqlər- Milli Məclisin deputatı Vasif Qafarov və şəhid atası Rəbbil Heydərov öz çıxışında 30 il yağı əsarətinə düşən əzəli torpaqlarımızın azad olunması uğrunda 44 günlük haqq savaşımızda qeyrətli, qəhrəman oğullarımızın göstərdiyi misilsiz rəşadətin xalqımızı qürurlandırdığını deyib, hünəri ilə tarix yazan Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər.
27 Sentyabr - Anım Günü münasibətilə saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü