Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirdə Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişaf istiqamətləri və ölkənin investisiya imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev gələcək inkişafdan danışarkən bərpaolunan enerji, nəqliyyat-logistika, rəqəmsal infrastruktur, data mərkəzləri, mədənçilik və kənd təsərrüfatının imkanlarını xüsusi qeyd edib. Onun sözlərinə görə, son illərdə yaradılmış sabit iqtisadi system və maliyyə bazası ölkə qarşısında yeni imkanlar açıb. Qarşıdakı dövrdə əsas məqsəd isə bu imkanlardan istifadə etməklə iqtisadi artımı daha dayanıqlı və şaxələndirilmiş hala gətirməkdir.
Ölkənin enerji sektorunda ənənəvi neft-qaz imkanları əvvəlki kimi mühüm olaraq qalır. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına da daha çox diqqət yetirilir. Xəzərin Azərbaycan sektorundakı külək potensialı, quruda yaradılan günəş və külək stansiyaları, yeni elektrik ötürücü xətlər və enerji saxlanc sistemləri bu istiqamətdə əsas layihələr sırasında yer alır. Prezident İlham Əliyev əlavə enerji imkanlarının yalnız ixrac üçün deyil, ölkədə yeni iqtisadi fəaliyyətlərin yaranması üçün də istifadə edilə biləcəyini vurğulayıb. Xüsusilə data mərkəzləri və süni intellekt infrastrukturu kimi daha çox enerji tələb edən sahələrin inkişafı Azərbaycanın enerji imkanlarını yeni iqtisadi fəaliyyətlərə çevirmək üçün şərait yarada bilər.
Nəqliyyat və logistika da qarşıdakı illərdə ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri olaraq qalacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə tranzit imkanlarının artması ilə yanaşı, yükdaşımaların rəqəmsallaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi və daşınma proseslərinin daha səmərəli təşkili də əhəmiyyət qazanır. Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaq deyil, eyni zamanda regional logistika və bağlantı mərkəzinə çevrilməkdir. Cənab Prezident İlham Əliyev qeyd edib ki, bu istiqamətdə qonşu ölkələrin və onlarla strateji münasibətlərin rolu olduqca vacibdir. Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, Xəzər üzərindən enerji və fiber-optik bağlantıların qurulması da bu baxımdan əlavə imkanlar yaradır.
İnvestisiya mühitində sabitlik, aşağı dövlət borcu, valyuta sabitliyi və proqnozlaşdırılan biznes şəraiti Azərbaycanın əsas üstünlükləri sırasında göstərilir. Bununla yanaşı, iqtisadi şaxələndirmənin ixracda da özünü daha aydın göstərməsi qarşıdakı əsas məsələlərdən biridir. Qeyri-neft sektorunun iqtisadiyyatda payı artsa da, ixracda enerji məhsullarının üstünlüyü hələ də qalır. Buna görə də texnologiyanın inkişafı, insan kapitalının gücləndirilməsi və qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması növbəti mərhələdə xüsusi əhəmiyyət daşıyacaq.
Forumda səslənən fikirlər Azərbaycanın iqtisadi siyasətində qarşıdakı dövrün əsas istiqamətlərini də göstərir. Azərbaycanın enerji resursları, əlverişli coğrafi mövqeyi, formalaşmış nəqliyyat infrastrukturu, bərpaolunan enerji imkanları və maliyyə sabitliyi ölkənin investisiya baxımından əsas üstünlükləri sırasındadır. Neft və qaz yaxın illərdə də iqtisadiyyat üçün əsas gəlir mənbələrindən biri olaraq qalacaq. Bununla yanaşı, mövcud imkanların yeni texnologiyalar, logistika, rəqəmsal iqtisadiyyat, mədənçilik və kənd təsərrüfatı ilə tamamlanması iqtisadi artımın daha geniş sahələrə yayılmasına şərait yarada bilər. Azərbaycanın qarşısında duran əsas imkanlardan biri də malik olduğu resursları, coğrafi üstünlükləri və insan kapitalını yeni investisiyalarla birləşdirərək daha şaxələndirilmiş və dayanıqlı iqtisadi model formalaşdırmaqdır.
Hüseynxan Hacızadə
YAP Gənclər Birliyinin üzvü