2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunmuşdur. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya mühiti, enerji siyasəti və ölkənin regional bağlantı imkanları barədə fikirlərini bölüşmüşdür. Dövlət başçısı qeyd etmişdir ki, son illərdə həyata keçirilən genişmiqyaslı layihələr, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaradıb. Onun sözlərinə görə, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. Çıxışda iqtisadiyyatın şaxələndirilməsi əsas istiqamətlərdən biri kimi vurğulanıb. Prezident İlham Əliyev xüsusilə bərpaolunan enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər qeyri-neft sektorlarında böyük potensialın olduğunu bildirib. Xəzər dənizinin Azərbaycan sektorunda bərpaolunan enerji potensialının 157 giqavat olduğunu qeyd edən dövlət başçısı qarşıdakı illərdə yaşıl enerjinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olacağını diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən işlərə də toxunub. Dəmir yolları, limanlar, hava və avtomobil yollarına yatırılan investisiyaların ölkənin tranzit imkanlarını genişləndirdiyi qeyd olunub. Bu baxımdan Azərbaycanın regional bağlantıların inkişafında rolunun daha da artırılması iqtisadi inkişafın mühüm amili kimi təqdim edilib. Çıxışda neft-qaz sektorunun yaxın perspektivdə də Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutacağı, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Prezident İlham Əliyev investorlar üçün təhlükəsizlik və sabitlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılan vergi sistemi və iqtisadi şəraitin mühüm amillər olduğunu bildirib. Sonda dövlət başçısı Azərbaycanın xarici investorlar üçün açıq olduğunu və investisiyalara yalnız kapital baxımından deyil, həm də yeni texnologiyaların, innovasiyaların, təcrübənin və müasir idarəetmə üsullarının ölkəyə gətirilməsi baxımından yanaşıldığını diqqətə çatdırıb. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilib. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənədin imzalanması Azərbaycanın investisiya imkanlarına beynəlxalq marağın göstəricilərindən biri kimi təqdim olunub.
Rəsul Babayev
YAP Yasamal rayon təşkilatının fəal gənci