PDF Oxu

Siyasət

  • 729

AZƏRBAYCANIN İNVESTİSİYA XƏRİTƏSİNDƏ YENİ ÜNVAN - ŞƏRH

image

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin və ölkənin beynəlxalq investorlar üçün yaratdığı imkanların müzakirəsi baxımından mühüm hadisəyə çevrilmişdir. Forum çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və beynəlxalq investisiya dairələrinin nümayəndələri ilə aparılan fikir mübadiləsi Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlarla yadda qalmışdır. Tədbirin “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu təsadüfi seçilməmişdir. Müasir dövrdə dünyada geosiyasi və iqtisadi proseslər sürətlə dəyişir, təchizat zəncirləri yenidən qurulur, enerji bazarlarında yeni istiqamətlər meydana çıxır və ölkələr üçün etibarlı tərəfdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır. Belə bir şəraitdə Azərbaycanın sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və investisiya imkanları ilə bağlı mövqeyi xüsusi maraq doğurur. Prezident İlham Əliyevin çıxışının əsas ideyalarından biri Azərbaycanın gələcək inkişafının artıq yalnız neft-qaz gəlirlərindən asılı olmaması ilə bağlıdır. Dövlət başçısı vurğulamışdır ki, neft və qaz sektoru uzun müddət iqtisadiyyatın mühüm istiqamətlərindən biri olaraq qalacaq, lakin əldə edilən gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməlidir. Bu yanaşma iqtisadi şaxələndirmənin mahiyyətini təşkil edir. Azərbaycanın qeyri-neft sektorunda əldə etdiyi nəticələr bu strategiyanın real əsaslara söykəndiyini göstərir. Prezidentin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır. Bu göstərici iqtisadiyyatın strukturunda baş verən dəyişikliklərin miqyasını nümayiş etdirir. Eyni zamanda, qeyri-neft sənayesinin genişlənməsi və qeyri-neft ixracının artması ölkənin yeni iqtisadi imkanlarının formalaşdığını göstərir.

İnvestisiya siyasətində əsas məqsəd yalnız kapitalın ölkəyə gətirilməsi deyil. Azərbaycan texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni bazarlara çıxış imkanlarını da investisiyanın mühüm nəticələri hesab edir. Bu yanaşma xüsusilə müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə böyük əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya və süni intellekt kimi sahələrdə beynəlxalq şirkətlərlə əməkdaşlıq Azərbaycanın gələcək iqtisadi rəqabət qabiliyyətinə birbaşa təsir edə bilər. Forumda diqqət çəkən istiqamətlərdən biri bərpaolunan enerji potensialıdır. Azərbaycanın Xəzər dənizində külək enerjisi baxımından böyük imkanlara malik olması ölkəni gələcəkdə yaşıl enerjinin istehsalı və ixracı baxımından mühüm mərkəzlərdən birinə çevirə bilər. Quru ərazilərdə günəş və külək layihələrinin inkişaf etdirilməsi də bu strategiyanın tərkib hissəsidir.

Enerji sektorunda baş verən dəyişiklik Azərbaycanın regional roluna da təsir edir. Ölkə artıq yalnız ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində təşəbbüslər irəli sürür. Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında enerji əlaqələrinin genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan yeni imkanlar yaradır.

Nəqliyyat və logistika da Azərbaycanın investisiya potensialının əsas istiqamətlərindəndir. Ölkənin coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm bağlantı imkanları yaradır. Prezident İlham Əliyev çıxışında dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil yollarına yatırılan investisiyaların ölkənin tranzit imkanlarının inkişafına xidmət etdiyini diqqətə çatdırmışdır. Lakin müasir tranzit sisteminin yalnız fiziki infrastrukturla məhdudlaşmadığı da xüsusi vurğulanmışdır. Rəqəmsal infrastruktur, gömrük prosedurlarının sürətləndirilməsi, yüklərin elektron idarə olunması və logistika proseslərinin optimallaşdırılması gələcək rəqabətin əsas şərtlərindən olacaq. Bu baxımdan Azərbaycan üçün nəqliyyat-logistika sahəsində rəqəmsallaşma yeni investisiya imkanları yaradır. Prezidentin çıxışında siyasi və iqtisadi sabitlik investisiya cəlbediciliyinin başlıca şərtlərindən biri kimi təqdim edilmişdir. Uzunmüddətli sərmayə qoyuluşu üçün investorlar təhlükəsiz və proqnozlaşdırılan mühit axtarırlar. Azərbaycanda makroiqtisadi sabitliyin qorunması, investisiyaların müdafiəsi, vergi və gömrük sahəsində tətbiq olunan mexanizmlər, sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi imkanlar ölkənin investisiya mühitinin əsas elementlərini təşkil edir. İnvestisiya siyasətinin digər mühüm istiqaməti dövlət-özəl tərəfdaşlığıdır. Dövlətin yaratdığı infrastruktur və özəl sektorun maliyyə, texnologiya və idarəetmə imkanlarının birləşdirilməsi iri layihələrin həyata keçirilməsinə imkan verir. Bu model xüsusilə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və enerji sahələrində yeni layihələrin reallaşdırılması üçün səmərəli mexanizm ola bilər.

Prezident İlham Əliyev xarici investorların Azərbaycana yalnız maliyyə resursları gətirməsini deyil, ölkədə fəaliyyət göstərməsini və yerli insan kapitalının inkişafına töhfə verməsini də vacib hesab etdiyini bildirib. Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlıq nəticəsində yerli kadrların yetişməsi bu baxımdan əhəmiyyətli nümunədir. Xarici şirkətlərin təcrübəsi ilə yerli mütəxəssislərin potensialının birləşməsi uzunmüddətli iqtisadi inkişaf üçün mühüm üstünlük yaradır. Kənd təsərrüfatı və ərzaq istehsalı da gələcək investisiya imkanları sırasında xüsusi yer tutur. Dünyada iqlim dəyişiklikləri, su ehtiyatları, təchizat zəncirlərindəki risklər və ərzaq təhlükəsizliyi məsələləri investorların diqqətini bu sahəyə yönəldir. Azərbaycan üçün müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, emal sənayesinin genişləndirilməsi, məhsuldarlığın artırılması və ixrac imkanlarının böyüdülməsi mühüm perspektivlər açır. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və inkişaf layihələrinin də investisiya imkanları yaratdığı diqqətə çatdırılmışdır. Müasir infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin salınması, enerji və nəqliyyat sistemlərinin inkişafı, sənaye və kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi həmin ərazilərin iqtisadi potensialının üzə çıxarılmasına xidmət edir. Bu proses Azərbaycanın ümumi iqtisadi inkişaf strategiyasının mühüm hissəsinə çevrilir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əvvəlki forumun nəticələri ilə müqayisədə daha geniş beynəlxalq iştirakla keçirilməsi də ölkəyə marağın artmasının göstəricisi kimi qiymətləndirilə bilər. Forum iştirakçıları arasında hökumət nümayəndələrinin, maliyyə institutlarının, aparıcı şirkətlərin və investorların olması Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq səviyyədə müzakirəsinə şərait yaratmışdır.

Prezident İlham Əliyevin forumdakı çıxışının əsas mesajını bir cümlə ilə ifadə etmək mümkün olsa, bu, Azərbaycanın gələcəyə açıq, investisiya və tərəfdaşlıq üçün hazır ölkə olmasıdır. Lakin bu açıq qapı siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır: Azərbaycan kapital və texnologiya cəlb etməklə yanaşı, investorlar üçün uzunmüddətli və dayanıqlı layihələr, regional bazarlara çıxış və əməkdaşlıq imkanları yaratmaq istəyir.

Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi siyasətinin yeni mərhələsinin mühüm təqdimat platforması olmuşdur. Bu mərhələnin əsas xüsusiyyətləri iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji, logistika və tranzit imkanlarının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, kənd təsərrüfatı və emal sənayesinə investisiyaların artırılması, insan kapitalının gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların dərinləşdirilməsidir.

Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız mövcud imkanlardan istifadə etmək deyil, həmin imkanları yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq vasitəsilə daha yüksək əlavə dəyərə çevirməkdir. Prezident İlham Əliyevin forumdakı fikirləri göstərir ki, ölkənin iqtisadi siyasəti həm ənənəvi güclü tərəfləri qorumağa, həm də gələcəyin iqtisadiyyatına vaxtında keçid etməyə istiqamətlənib.

Bu baxımdan Bakıdakı investisiya forumu sadəcə iqtisadi tədbir deyil, Azərbaycanın regional və qlobal iqtisadi sistemdə öz mövqeyini daha da gücləndirmək niyyətinin nümayişidir. Azərbaycanın enerji, logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar və qeyri-neft sektorundakı imkanları yeni tərəfdaşlıqlar üçün geniş meydan açır. Forumda səslənən fikirlər isə bu imkanların uzunmüddətli, qarşılıqlı faydalı və dayanıqlı əməkdaşlığa çevrilməsi üçün siyasi iradənin və strateji baxışın mövcud olduğunu göstərir.

Emil Vəliyev

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər