PDF Oxu

Siyasət

  • 667

3 oktyabr 1993 – Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı - ŞƏRH

image

Azərbaycanın müasir tarixində elə mühüm tarixlər var ki, həmin günlər xalqın taleyində dönüş nöqtəsinə çevrilir. 3 oktyabr 1993-cü il də məhz belə tarixi günlərdəndir. Həmin gün ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Bu seçim müstəqilliyin ilk illərində mürəkkəb siyasi, iqtisadi və sosial proseslərin fonunda dövlətçiliyin qorunması, sabitliyin təmin edilməsi və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə kimi tarixə düşdü
Heydər Əliyevin prezidentliyi dövründə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi və iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atıldı. Dövlət quruculuğunun əsas məqsədi müstəqilliyin möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı inkişaf üçün möhkəm təməlin yaradılması idi. Məhz bu dövrdə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətləri formalaşdırıldı və dövlətçilik ideyası cəmiyyətin həyatında daha möhkəm dayaqlara söykəndi.
Ulu Öndərin dövlətçilik fəlsəfəsində iqtisadi inkişaf yalnız maddi rifah məsələsi deyil, həm də müstəqil dövlətin siyasi və iqtisadi dayaqlarının möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirilirdi. İqtisadiyyatın bərpası, ölkənin enerji potensialından səmərəli istifadə, xarici sərmayələrin cəlb olunması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı. Bu siyasətin nəticəsində Azərbaycan öz milli maraqlarına əsaslanan iqtisadi inkişaf modelini formalaşdırmağa başladı.
Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası idi. Ölkənin xarici əlaqələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi sistemli şəkildə həyata keçirildi.
Müstəqil dövlətin möhkəm təməl üzərində qurulması üçün ictimai-siyasi sabitlik və hüquq qaydasının təmin olunması xüsusi əhəmiyyət daşıyırdı. Bu baxımdan cinayətkarlığa, qanunsuz silahlı qruplaşmalara və hüquq pozuntularına qarşı ardıcıl mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Dövlət hakimiyyətinin möhkəmləndirilməsi və hüquqi dövlət prinsiplərinin bərqərar olması Azərbaycanın sabit və təhlükəsiz inkişafının əsas şərtlərindən idi.
Ulu Öndərin fəaliyyətində Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi və ölkəmizin üzləşdiyi problemlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da mühüm yer tuturdu. Diplomatik fəaliyyətin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi və Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə ardıcıl şəkildə təqdim olunması ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdi. Sonrakı illərdə bu siyasi xətt Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə daha fəal müdafiəsi üçün mühüm siyasi baza yaratdı.
Heydər Əliyevin siyasi irsinin əsas qayəsi Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi idi. Onun müxtəlif illərdə söylədiyi fikirlər bu məqsədin onun dövlətçilik fəlsəfəsində nə qədər mühüm yer tutduğunu aydın göstərir.
Ulu Öndər 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə demişdir: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.”
31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə isə Azərbaycanın suverenliyini hər bir vətəndaş üçün müqəddəs məqsəd və vəzifə kimi səciyyələndirərək bildirmişdir: “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.”
16 dekabr 1996-cı ildə söylədiyi nitqində Ulu Öndər müstəqilliyin xalqımız üçün tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.”
7 may 1997-ci ildə İzmirdə etdiyi çıxışında isə dövlət müstəqilliyinin dönməzliyini xüsusi vurğulamışdır: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.”
Ulu Öndərin bu fikirləri onun dövlətçilik konsepsiyasının mahiyyətini – müstəqilliyə sədaqəti, milli maraqların qorunmasını, güclü dövlət quruculuğunu və Azərbaycanın firavan gələcəyinə inamı ifadə edir. 8 may 1997-ci ildə İstanbulda qeyd etdiyi kimi: “Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir.”
3 oktyabr 1993-cü il məhz bu dövlətçilik fəlsəfəsinin siyasi iradə və xalqın seçimi ilə yeni mərhələyə qədəm qoyduğu tarix kimi yadda qaldı. Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqillik tarixində dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin bərqərar olunması, dayanıqlı inkişafın təmin edilməsi və ölkənin dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm mərhələnin başlanğıcı oldu. Bu baxımdan 3 oktyabr tarixi Azərbaycanın dövlətçilik salnaməsində xüsusi əhəmiyyət daşıyan və Ulu Öndərin siyasi irsinin mahiyyətini özündə əks etdirən əlamətdar günlərdən biridir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər