3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Məhz həmin gün ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ölkənin siyasi, iqtisadi və ictimai həyatında dərin böhran yaşandığı, müstəqilliyin və dövlətçiliyin ciddi təhlükələrlə üz-üzə qaldığı bir dövrə təsadüf edirdi. 1993-cü ilin may-iyun aylarında ölkədə yaranmış ağır vəziyyət, siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi Heydər Əliyevin hakimiyyətə qayıdışını tarixi zərurətə çevirmişdi.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətin əsası qoyuldu. Qarşıya qoyulan başlıca vəzifələr dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın bərpası, beynəlxalq münasibətlərin qurulması və Azərbaycanın dünya birliyinə inteqrasiyası idi. Sonrakı illərdə həyata keçirilən siyasi və iqtisadi islahatlar dövlətçiliyin institusional əsaslarını gücləndirdi, ölkənin iqtisadi potensialının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdı.
Ümummilli Liderin rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyasında iqtisadi müstəqillik mühüm yer tuturdu. Xüsusilə neft strategiyasının formalaşdırılması və Azərbaycanın enerji potensialının beynəlxalq əməkdaşlığa açılması ölkənin gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən birinə çevrildi. Bu siyasət Azərbaycanın milli maraqlarını əsas götürən uzunmüddətli iqtisadi inkişaf modelinin formalaşmasına mühüm zəmin yaratdı.
Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm səhifələrindən biri də ən mürəkkəb və təhlükəli məqamlarda Azərbaycan xalqının və dövlətinin yanında olması idi. 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi cinayəti açıq şəkildə pisləməsi və günahkarların cəzalandırılmasını tələb etməsi onun prinsipial mövqeyinin göstəricisi idi. Daha sonra Dağlıq Qarabağ məsələsində SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq Kommunist Partiyasını tərk etməsi də onun milli mövqeyinin mühüm ifadələrindən biri oldu.
1993-cü ildə ölkənin son dərəcə ağır vəziyyətində Bakıya qayıtması da böyük siyasi məsuliyyət tələb edən qərar idi. O, dövlətçiliyin qorunması naminə üzərinə düşən tarixi məsuliyyəti qəbul etdi və Azərbaycanı parçalanma təhlükəsindən çıxarmaq üçün bütün siyasi iradəsini səfərbər etdi.
Heydər Əliyevin dövlət xadimi kimi fəaliyyətində onun natiqlik məharəti və xalq qarşısında fikirlərini aydın, məntiqli və inandırıcı şəkildə ifadə etmək bacarığı xüsusi yer tuturdu. Onun çıxışlarında dövlətçilik, milli birlik, müstəqillik, xalq-dövlət münasibətləri və Azərbaycanın gələcəyi ilə bağlı mühüm fikirlər sistemli şəkildə ifadə olunurdu. Dahi liderin siyasi nitqləri yalnız həmin dövrün problemlərinə münasibət bildirməklə məhdudlaşmır, eyni zamanda dövlət quruculuğunun strateji istiqamətlərini müəyyənləşdirirdi.
Heydər Əliyevin siyasi irsində söz və əməl vəhdəti xüsusi əhəmiyyət daşıyırdı. O, qarşıya qoyduğu məqsədləri konkret qərarlar və ardıcıl fəaliyyətlə reallaşdırmağa çalışır, mürəkkəb məsələlərə dövlətçilik məntiqi ilə yanaşırdı.
Heydər Əliyevin uzunmüddətli dövlətçilik fəaliyyəti peşəkar idarəetmənin mühüm nümunələrindən biri kimi xarakterizə olunur. O, müxtəlif dövlət vəzifələrində çalışdığı illər ərzində idarəçilik təcrübəsi toplamış, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ittifaqın iqtisadi, sosial və mədəni həyatının mühüm sahələrinə rəhbərlik etmişdi.
1993-cü ildə Prezident seçildikdən sonra isə həmin zəngin idarəçilik təcrübəsini müstəqil Azərbaycanın dövlət quruculuğuna yönəltdi. Dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, təhlükəsizliyin təmin olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət 1993–2003-cü illəri Azərbaycan tarixində mühüm islahatlar dövrünə çevirdi.
3 oktyabr 1993-cü il təkcə bir prezident seçkisinin tarixi deyil, Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyevin Prezident seçilməsi ilə dövlətçiliyin qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın təmin olunması istiqamətində ardıcıl siyasətin əsası qoyuldu. Bu tarix Azərbaycanın milli qurtuluşa gedən yolunda mühüm mərhələ kimi dövlətçilik salnaməsində özünəməxsus yer tutur.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı