PDF Oxu

Siyasət

  • 1 415

"İqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycan-İran münasibətlərinə əlavə dinamika verəcək” - POLİTOLOQ

image

"İran-Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişlənməsi, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə keçməsi, təbii ki, iki ölkə arasında siyasi əlaqələrin də möhkəmlənməsinə və inkişafına gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, ötən gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranda səfərdə oldu və İran Prezidenti ilə görüşdü: "İran Prezidenti Azərbaycanı dost, qohum və qardaş xalq adlandıraraq, iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımların atılacağını vurğuladı.Bundan əvvəl İranın yol və nəqliyyat naziri də Azərbaycanda səfərdə olub. Eyni zamanda, Zəngəzur dəhlizinin əsas həlqələrindən biri hesab olunan Araz çayı üzərində İran istiqamətində yeni körpünün inşası həyata keçirilir. Bundan əlavə, dəmir yolu xəttinin inkişafı və Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində avtomobil nəqliyyatının genişləndirilməsi istiqamətində də işlər aparılır.Bütün bunlar göstərir ki, Azərbaycan-İran əlaqələri, xüsusilə iqtisadi və nəqliyyat sahəsində, inkişaf dinamikası əldə edir. Düzdür, İranda müəyyən dairələrdən Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr var və onlar zaman-zaman təxribat xarakterli bəyanatlar səsləndirirlər. Lakin biz görürük ki, İran Prezidenti və onun hökuməti Azərbaycanla iqtisadi və siyasi əlaqələrin inkişafına önəm verir, bunu prioritet istiqamətlərdən biri hesab edir və qonşu ölkələrlə münasibətlərin genişləndirilməsini önə çəkir.Hesab edirəm ki, İranda Prezident və hökumətinin regional əməkdaşlığa yönəlmiş siyasəti daha da güclənərsə, Azərbaycan-İran münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranacaq. Təbii ki, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi iki ölkə arasındakı münasibətlərə əlavə dinamika verəcək.Eyni zamanda, son dövrdə baş verən proseslərdə Azərbaycan İrana iqtisadi və humanitar dəstək göstərib. İrana humanitar yüklərin göndərilməsi istiqamətində də müəyyən addımlar atılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan-İran münasibətləri yalnız siyasi maraqlara deyil, həm də tarixi, coğrafi və humanitar əlaqələrə söykənən təməl köklərə malikdir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər