PDF Oxu

Siyasət

  • 681

3 Oktyabr 1993: Azərbaycanın taleyini dəyişən seçim - ŞƏRH

image

1993-cü il oktyabrın 3-i Azərbaycan tarixinə nəinki sadəcə bir prezident seçkisi günü kimi, həm də müstəqil dövlətin taleyini yenidən müəyyənləşdirən dönüş nöqtəsi kimi daxil olmuşdur. Həmin gün xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev ölkəni parçalanma, iqtisadi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən xilas edən siyasi kursun əsasını qoydu.

1993-cü ilin ortalarında Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların bir hissəsi işğal altında qalmışdı, respublikanın hər yerində silahlı qruplar fəaliyyət göstərir, mərkəzi hakimiyyət faktiki olaraq iflic olmuşdu. İqtisadiyyat sürətlə dağılırdı, istehsal dayanmış, əhalinin böyük hissəsi yoxsulluq həddinə düşmüşdü. Gənc müstəqil dövlətin beynəlxalq aləmdə mövqeyi zəifləmiş, ölkə daxilində siyasi böhran dərinləşmişdi.

Məhz bu şəraitdə xalqın təkidli tələbi və geniş ictimai-siyasi dairələrin dəstəyi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun 1993-cü il iyun ayında Bakıya gəlişi və Ali Sovetin sədri seçilməsi böhranın ilk mərhələsinin aradan qaldırılmasında həlledici rol oynadı. Lakin ölkənin tam sabitləşməsi üçün daha geniş legitimlik lazım idi-bu legitimliyi isə yalnız ümumxalq seçkisi verə bilərdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın yeni tarixində ən mühüm siyasi hadisələrdən biri oldu. Seçkilərdə Ümummilli Lider Heydər Əliyev səsvermədə iştirak edən seçicilərin yüksək faizinin dəstəyini qazandı. Seçkinin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, o, respublikada qanuni hakimiyyətin bərqərar olmasını təsdiqlədi və ölkənin gələcək inkişaf strategiyası üçün möhkəm hüquqi-siyasi zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin prezident seçilməsindən sonrakı illər Azərbaycanın hərtərəfli dirçəlişi dövrü oldu: Dövlətçiliyin möhkəmləndirilməsi. Qısa müddətdə qanunsuz silahlı qruplar zərərsizləşdirildi, separatçı meyillər boğuldu, vahid hüquq və idarəetmə məkanı bərpa edildi. Ordu quruculuğuna başlanıldı və dövlət institutları formalaşdırıldı. İqtisadi islahatlar. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" xarici investisiyaların ölkəyə axınını təmin etdi, neft strategiyası Azərbaycanın iqtisadi inkişafının lokomotivinə çevrildi. Milli valyutanın tətbiqi, maliyyə sabitliyinin bərpası və bazar iqtisadiyyatına keçid prosesi sürətləndirildi. Xarici siyasət uğurları. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, Qərb və Şərq arasında balanslı siyasət yürüdülərək milli maraqlar maksimum dərəcədə qorundu. Milli birliyin təmin olunması. Müxtəlif siyasi qüvvələr, regionlar və sosial qruplar arasında dialoq yaradıldı, cəmiyyətdə sabitlik və əmin-amanlıq hissi bərqərar oldu.

3 oktyabr 1993-cü il seçkisi Azərbaycanın müasir tarixində elə bir mərhələdir ki, ondan sonra ölkənin inkişaf vektoru tamamilə dəyişdi. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə formalaşan dövlətçilik ənənələri, iqtisadi strategiya və xarici siyasət prioritetləri bu gün də Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edir. Həmin gün xalqın verdiyi qərar müstəqil Azərbaycanın gələcəyinin seçilməsi idi.

Güləhməd İmanov

Filologiya üzrə elmlər doktoru, BDU-nun baş müəllimi

Digər xəbərlər