PDF Oxu

Siyasət

  • 1 002

Ulu Öndər Heydər Əliyev ideyaları ilə güclənən Azərbaycan - ŞƏRH

image

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən dərin, həm də həyati təhlükə kəsb edən siyasi, hərbi və sosial-iqtisadi böhranla üz-üzə qaldı. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəetmədəki özbaşınalıq, xaos və anarxiya dövlət aparatını tamamilə iflic etmişdi. Torpaqlarımızın bir hissəsinin işğala məruz qalması ilə yanaşı, ölkə daxilində baş qaldıran separatçılıq meylləri və qanunsuz silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi Azərbaycanı vətəndaş müharibəsi və parçalanma astanasına gətirmişdi. Xarici güclərin regiondakı geostrateji maraqları fonunda gənc respublikanın dünya xəritəsindən silinməsi reallığı yaranmışdı. Bütün bu mürəkkəb və təhlükəli şəraitdə xalq öz xilaskarını — zəngin idarəçilik təcrübəsinə, dərin siyasi zəkaya və sarsılmaz iradəyə malik Ümummilli Lider Heydər Əliyevi xilaskar kimi gördü.

Azərbaycanın tanınmış ziyalılarının və vətənpərvər insanlarının təkidli dəvəti ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqın böyük ümidini və inamını bərpa etdi. 1993-cü il oktyabrın 3-də keçirilən Prezident seçkiləri ölkənin taleyində həlledici dönüş nöqtəsi oldu. Həmin gün seçicilərin 98.84 faizi müdrik qərar qəbul edərək öz gələcəyini Ümummilli Lider Heydər Əliyevə həvalə etdi.

3 oktyabr seçkiləri sıradan bir siyasi proses deyil, mahiyyət etibarilə böyük tarixi nailiyyətlərin təməli idi. Bu tarixi seçim nəticəsində vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, daxili sabitlik və qanunçuluq bərpa edilərək dövlətçilik xilas olundu. Eyni zamanda, pərakəndə silahlı dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami milli ordunun təməli qoyuldu və bütün xalq azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdi.

Nəhayət, 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı tərəqqi, sabitlik və inkişaf yoluna çıxaracağını bəyan etdi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilən ən mühüm və taleyüklü addımlardan biri ölkənin iqtisadi müstəqilliyinin tam təmin olunması istiqamətində atıldı. Məhz 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanan və tarixə "Əsrin müqaviləsi" kimi həkk olunan nəhəng neft sazişi Azərbaycanı beynəlxalq iqtisadi arealın aparıcı və etibarlı tərəfdaşına çevirdi.

Ulu Öndərin müəllifi olduğu bu cəsarətli və uzaqgörən neft strategiyası sayəsində qısa müddət ərzində ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində xarici investisiyaların axını təmin olundu. Bu nəhəng kapital axını yalnız neft sektorunu deyil, bütövlükdə milli iqtisadiyyatın digər sahələrini də dirçəldərək yeni iş yerlərinin açılmasına və sosial rifahın yüksəlməsinə təkan verdi.

Eyni zamanda, bu strategiya çərçivəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz dəhlizi kimi analoqu olmayan qlobal enerji və nəqliyyat infrastruktur layihələrinin təməli qoyuldu. Məhz həmin fundamental iqtisadi dönüşün nəticəsində Azərbaycan uzun illər davam edən sovet dövrünün qapalı və səmərəsiz planlı iqtisadiyyat modelindən çoxmülkiyyətliliyə, azad rəqabətə və bazar iqtisadiyyatına dayanan müasir, çevik iqtisadi sistemə uğurla keçid sağlaya bildi.

Müstəqilliyimizin əbədiliyini, dönməzliyini və dövlət institutlarının dayanıqlığını təmin etmək üçün ilk növbədə sivil hüquqi dövlətin möhkəm təməllərinin atılması vacib bir zərurət idi. Bu istiqamətdə tarixi addım 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi, müəllifliyi və gərgin əməyi sayəsində müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması ilə atıldı. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən bu ali hüquqi sənəd ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının ehtiramla qorunmasının, çoxpartiyalı siyasi sistemin formalaşmasının, eləcə də söz, vicdan və mətbuat azadlığının təmin edilməsinin dövlət siyasətinin ana xəttinə çevrilməsini hüquqi baxımdan təsbit etdi.

Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Heydər Əliyevin hümanizm ideyalarına və insan amilinə verdiyi yüksək dəyərə söykənərək, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü tamamilə ləğv edildi. Eyni zamanda, hakimiyyətin bölgüsü prinsipinə uyğun olaraq üçpilləli məhkəmə sistemi quruldu, Konstitusiya Məhkəməsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis edildi və inzibati qanunvericilik beynəlxalq standartlara tam uyğunlaşdırıldı. Bütün bu dərin islahatlar Azərbaycanın beynəlxalq aləmdə demokratik, hüquqi və dünyəvi bir dövlət kimi mövqeyini köklü şəkildə möhkəmləndirdi.

1993-cü il oktyabrın 3-də qoyulmuş möhkəm təməl Azərbaycanın sonrakı illərdə də davamlı və dinamik yüksəlişini təmin etdi. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf xətti ölkəmizi regional liderə, söz sahibi olan qüdrətli dövlətə çevirdi.

Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün iqtisadi, hərbi və diplomatiya gücünü zirvəyə qaldırdı. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması məhz 1993-cü il 3 oktyabr tarixində başlayan müdrik stategiyanın və sarsılmaz dövlətçilik xəttinin məntiqi nəticəsidir.Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları ilə inamla irəliləyir və bu siyasi irs dövlətimizin əbədi təməlini təşkil edir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər