Həmin gün keçirilən ümumxalq səsverməsi nəticəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu hadisə ölkənin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmuş, dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və milli inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm addımların atılmasına şərait yaratmışdır.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir, torpaqlarımız işğala məruz qalır, iqtisadi vəziyyət ağırlaşır, daxili siyasi qarşıdurmalar isə dövlətçiliyi ciddi təhlükə qarşısında qoyurdu. 1993-cü ilin yay aylarında ölkədə yaranmış böhran vəziyyəti Azərbaycan xalqını çıxış yolu axtarmağa məcbur etmişdi. Məhz belə bir tarixi şəraitdə xalqın tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev qısa müddət sonra ölkə rəhbərliyini öz üzərinə götürdü və dövlətçiliyin xilası naminə fəaliyyətə başladı.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyəti öz etimadını Heydər Əliyevə göstərdi. Onun Prezident seçilməsi Azərbaycan xalqının sabitlik, təhlükəsizlik və inkişaf arzusunun ifadəsi idi. Bu seçki ölkədə siyasi böhranın aradan qaldırılması, dövlət institutlarının möhkəmləndirilməsi və milli həmrəyliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyi gücləndirildi və qanunçuluğun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya birliyinə inteqrasiyası və xarici siyasət kursunun müəyyənləşdirilməsi də məhz həmin dövrün mühüm nəticələrindən biri oldu.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkənin gələcək inkişafının əsasını qoydu. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, özəlləşdirmə proqramlarının həyata keçirilməsi və xarici investisiyaların cəlb olunması Azərbaycanın iqtisadi potensialını gücləndirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə ölkənin enerji strategiyasının əsasını təşkil edərək Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadi inkişafına güclü təkan verdi.
Heydər Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri də müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi idi. Onun rəhbərliyi altında qəbul edilmiş mühüm qərarlar Azərbaycanın suverenliyinin qorunmasına, milli maraqların müdafiəsinə və dövlətin gələcək inkişafının təmin edilməsinə xidmət etmişdir. 1993–2003-cü illər Azərbaycan tarixində dərin islahatlar və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir.
Bu gün 3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, sabitliyin bərpası və inkişaf yolunun başlanğıcı kimi yaşayır. Heydər Əliyevin Prezident seçilməsi ölkənin müstəqillik tarixində mühüm hadisə olmaqla yanaşı, müasir Azərbaycanın formalaşmasında həlledici rol oynamışdır. Onun müəyyən etdiyi inkişaf strategiyası sonrakı dövrlərdə də Azərbaycanın tərəqqisinə və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət etmişdir.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri