PDF Oxu

Siyasət

  • 566

Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsi - ŞƏRH

image

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi potensialının, investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu.

Tədbirdə səsləndirilən fikirlər Azərbaycanın iqtisadi inkişafının yalnız ayrı-ayrı göstəricilərlə məhdudlaşmadığını, ölkədə uzunmüddətli və dayanıqlı inkişaf üçün mühüm təməlin formalaşdırıldığını göstərdi. Son illərdə fiziki infrastrukturun geniş şəkildə yenilənməsi, yolların, dəmir yollarının, enerji və su təchizatı sistemlərinin, məktəb və xəstəxanaların inkişafına, sosial proqramlara və müdafiə sahəsinə böyük həcmdə vəsait yönəldilməsi ölkənin iqtisadi və institusional imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bütün bunlarla yanaşı, dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirilməsi Azərbaycanın maliyyə dayanıqlığı baxımından diqqət çəkən göstəricilərdən biri kimi təqdim edildi.

Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş müsbət dinamikanı qorumaqla yanaşı, iqtisadiyyatın yeni inkişaf istiqamətlərini genişləndirməkdir. Ölkənin son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün formalaşdırdığı iqtisadi mühitin miqyasını göstərir. Növbəti mərhələdə əsas hədəf isə bu potensialı neft-qaz sektorundan kənar sahələrin inkişafı ilə daha da genişləndirməkdir. Bu baxımdan bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində külək enerjisi potensialının mövcudluğu, eləcə də quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi ölkənin yaşıl enerji sahəsində imkanlarını genişləndirir. Qarşıdakı beş il ərzində Azərbaycanın bütün ərazisində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiqi nəzərdə tutulur. Məqsəd elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qənaət olunan qazın ixrac üçün yönəldilməsidir. Digər mühüm istiqamət Azərbaycanın nəqliyyat-logistika imkanlarının daha da genişləndirilməsidir. Ölkə uzun illər ərzində dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava nəqliyyatına böyük investisiyalar yatıraraq müasir infrastruktur formalaşdırıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və bu prosesin davam etdirilməsi də nəqliyyat sisteminin yenilənməsinin mühüm göstəricilərindəndir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə regional və qlobal ticarət bağlantılarında əlavə imkanlar yaradır.

Hazırda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində artım müşahidə olunur. Bu il göstəricinin 16 milyon tona çatacağı, 2030-cu ilədək isə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi bildirilib. Bu məqsəd yalnız nəqliyyat infrastrukturunun inkişafını deyil, həm də gömrük idarəçiliyinin, rəqəmsal xidmətlərin və logistika sisteminin təkmilləşdirilməsini tələb edir.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi də bu prosesin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya ilə getdikcə daha sıx inteqrasiya olunur. Bu əməkdaşlıq Azərbaycanın Şərq–Qərb bağlantısında rolunun genişlənməsinə və regional nəqliyyat şəbəkələrinin bir-biri ilə daha sıx əlaqələndirilməsinə şərait yaradır. İqtisadi inkişafın perspektiv istiqamətləri sırasında mədənçilik və metallurgiya sənayesi də xüsusi yer tutur. Bu sahənin inkişafına dair dövlət proqramının qəbul edilməsi yeni istehsal imkanlarının yaradılması və qeyri-neft sektorunun genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Məqsəd ölkənin təbii resurslarından daha səmərəli istifadə etməklə xammal hasilatından emala və son məhsul istehsalına qədər daha geniş istehsal zəncirinin formalaşdırılmasıdır.

Bütün bunlarla yanaşı, neft-qaz sektoru da Azərbaycan iqtisadiyyatında öz əhəmiyyətini qoruyacaq. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu sahədən əldə olunan gəlirlərin digər iqtisadi istiqamətlərə investisiya şəklində yönəldilməsi ölkənin gələcək inkişaf strategiyasının mühüm elementlərindən biridir. Beləliklə, Azərbaycanın iqtisadi siyasətində enerji resurslarından əldə olunan imkanların yeni iqtisadi sahələrin inkişafına transformasiyası davam etdirilir.

İnvestisiya mühitinin əsas dayaqlarından biri isə siyasi və iqtisadi sabitlikdir. Azərbaycanın son 30 ildən artıq müddətdə formalaşdırdığı sabitlik, güclü maliyyə sistemi, aşağı dövlət borcu və əhəmiyyətli valyuta ehtiyatları ölkənin iqtisadi dayanıqlığının əsas göstəriciləri kimi təqdim olunur. Xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz təşkil etməsi və valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi maliyyə imkanlarının genişliyini göstərən amillərdəndir.

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı inkişaf mərhələsinə dair əsas xətti aydın şəkildə ortaya qoydu: mövcud sabitlik və iqtisadi imkanlar yeni investisiyaların cəlb edilməsinə, qeyri-neft sektorunun genişləndirilməsinə, yaşıl enerjinin inkişafına, nəqliyyat-logistika imkanlarının artırılmasına, rəqəmsal iqtisadiyyatın və mədən-metallurgiya sənayesinin inkişafına yönəldilir. Azərbaycanın qarşısında duran əsas məqsəd isə əldə etdiyi iqtisadi potensialı daha yüksək əlavə dəyər yaradan, şaxələndirilmiş və uzunmüddətli inkişaf modelinə çevirməkdir.

Esmira Həsənova

YAP Naxçıvan şəhər təşkilatının “Atatürk 26” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü, Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı

Digər xəbərlər