PDF Oxu

Siyasət

  • 640

Cəbrayıl şəhəri günü: şanlı Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

image

Meydanəli Yolçiyev
​​YAP Daşkəsən rayon təşkilatının sədri

4 oktyabr Cəbrayıl şəhərinin tarixində xüsusi əhəmiyyət daşıyan gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən edilib. Bu tarix Cəbrayılın işğaldan azad olunmasını, şəhərin və rayonun yeni inkişaf mərhələsinə qədəm qoymasını ifadə edir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonun ərazisi 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda 52 min nəfərə yaxın əhali yaşayırdı. İşğal nəticəsində yaşayış məntəqələri, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, tarixi-mədəni irs nümunələri dağıntıya məruz qaldı.

Cəbrayılın işğalı rayon sakinlərinin doğma torpaqlarından məcburi köçkün düşməsi ilə nəticələndi. Cəbrayıllılar uzun illər respublikanın müxtəlif rayonlarında, yaşayış məntəqələrində və müvəqqəti məskunlaşma yerlərində yaşamalı oldular. Birinci Qarabağ müharibəsində rayon 362 şəhid verib, 191 sakini əlil olub. 6 rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğal illərində Cəbrayılın zəngin tarixi və mədəni irsinə də ciddi ziyan vuruldu. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlıdakı türbələr, Diri dağındakı tarixi abidələr və digər mədəni irs nümunələri dağıntılara məruz qaldı. Bu faktlar işğalın yalnız ərazilərin deyil, xalqın çoxəsrlik tarixi yaddaşının da hədəfə alındığını göstərir.

Cəbrayılın azadlığı istiqamətində mühüm addımlardan biri 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının azad edilməsi oldu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə Cəbrayıl istiqamətində strateji mövqelərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də bir sıra kəndlər, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edildi. Ümumilikdə hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi azad olundu.

Cəbrayılın azad edilməsi Vətən müharibəsinin sonrakı gedişinə də mühüm təsir göstərdi. Bu uğur Azərbaycan Ordusuna Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində hərbi əməliyyatları davam etdirmək üçün yeni imkanlar yaratdı. Cəbrayıl ərazisində yerləşən Xudafərin körpülərinin azad edilməsi və burada Azərbaycan bayrağının ucaldılması isə tarixi Zəfərin rəmzlərindən birinə çevrildi.

Azadlıqdan sonra Cəbrayılın qarşısında yeni mərhələ – bərpa, quruculuq və Böyük Qayıdış dövrü başladı. Bu proses çərçivəsində şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol, enerji, sosial və iqtisadi infrastrukturun yaradılması istiqamətində geniş layihələr həyata keçirilir. 2021-ci ildə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm addım oldu. Parkda logistika və ticarət mərkəzləri, anbar kompleksləri, istehsal və xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

Enerji təminatının gücləndirilməsi də bərpa prosesinin əsas istiqamətlərindəndir. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi ilə rayonun enerji infrastrukturunun əsasları formalaşdırılıb. Günəş elektrik stansiyalarının yaradılması isə Cəbrayılın bərpa olunan enerji potensialından istifadəyə imkan verir. Rayonun nəqliyyat imkanlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolları Cəbrayılın digər rayonlarla əlaqələrinin gücləndirilməsinə, iqtisadi fəallığın və yeni məskunlaşmanın sürətlənməsinə xidmət edir. 2023-cü ildə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi şəhərin gələcək simasının formalaşdırılması baxımından mühüm mərhələ oldu. Baş plana əsasən, şəhərdə yaşayış məhəllələri, sosial obyektlər, ictimai məkanlar və müasir infrastruktur yaradılacaq. Məqsəd təhlükəsiz, rahat və müasir şəhər mühitinin formalaşdırılmasıdır.

Cəbrayılın dirçəlişinin ən mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. İlk köç karvanı 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə yola salınıb. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndlərində ümumilikdə 1 600 ailə, 7 022 nəfər məskunlaşıb. Şəhərdə yeni yaşayış komplekslərinin yaradılması da davam edir. İlk yaşayış kompleksində 33 binada 712 mənzil inşa edilib. Növbəti mərhələlərdə daha 1 361 mənzilin tikintisi nəzərdə tutulur. Bu layihələr Cəbrayılın yalnız yenidən qurulmasını deyil, burada dayanıqlı yaşayış mühitinin formalaşdırılmasını təmin edir.

Bu gün Cəbrayıl işğal və məcburi köçkünlük tarixindən bərpa və qayıdış mərhələsinə keçir. Şəhərin küçələrində yeni həyatın canlanması, yaşayış məhəllələrinin salınması, infrastrukturun qurulması və sakinlərin doğma torpaqlarına qayıtması Cəbrayılın yeni tarixinin əsas məzmununu təşkil edir.
4 oktyabr – Cəbrayıl Şəhəri Günü həm 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin, həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatın rəmzidir. Cəbrayılın yenidən qurulması və sakinlərin doğma yurda qayıdışı Böyük Qayıdışın mühüm istiqamətlərindən biri kimi davam edir.

Digər xəbərlər