4 Oktyabr Azərbaycan tarixində mühüm günlərdən biridir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə həmin gün Cəbrayıl şəhəri günü kimi təsis edilib. Bu tarix Cəbrayılın işğaldan azad olunmasını, xalqımızın tarixi torpaqlarına qayıdışını və rayonun yeni inkişaf mərhələsini simvolizə edir.
Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində rayonun yaşayış məntəqələri və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdır. Minlərlə Cəbrayıl sakini doğma yurdlarından didərgin düşmüşdür.
2020-ci il Vətən müharibəsi zamanı xalqın etimadına söykənən və ordumuzun qüdrətinə güvənən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bənzərsiz sərkərdəlik məharəti və siyasi iradəsi sayəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu qələbə regionda sonrakı hərbi əməliyyatların aparılması və digər ərazilərin azad olunması üçün mühüm imkanlar yaratdı. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpülərində Azərbaycan bayrağının dalğalanması isə tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azadlıqdan sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və sənaye müəssisələri yaradılır. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı çərçivəsində şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması nəzərdə tutulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində də yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlər həyata keçirilir.
Rayonda sənaye və enerji potensialının inkişafına da xüsusi diqqət yetirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, yeni elektrik yarımstansiyaları, günəş elektrik stansiyaları və nəqliyyat infrastrukturu Cəbrayılın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq layihələr sırasındadır.
Ən mühüm mərhələlərdən biri isə doğma yurda qayıdışdır. 2024-cü ilin sentyabrından Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli köçürülməsinə başlanılıb. Bununla Cəbrayılın uzun illər davam edən həsrətinin yerini doğma torpaqlarda yeni həyat tutur. Beləliklə, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü işğaldan qurtulmağın, tarixi yaddaşın, yenidənqurmanın və Böyük Qayıdışın rəmzlərindən biridir. Bu tarix Cəbrayılın keçmişini xatırlamaqla yanaşı, onun yeni simasının və gələcək inkişafının təntənəsini ifadə edir.
Əli Hüseynli
Milli Məclisin deputatı