Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun ildönümü və şəhid Dəmirçiyev Tural Rəfail oğlunun doğum günü münasibətilə anım tədbirləri keçirilib.
Şəhidlərin məzarları ziyarət edilib, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatı aparatının məsləhətçiləri – Altun İbrahimov, Vüqar Musayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri və məktəbli şagirdlər iştirak ediblər.
Qeyd edək ki, Ceyhun Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlayıb və 7-ci sinfə qədər bu şəhərdə təhsil alıb. 2008-ci ildə təhsilini Bakı şəhəri, Sabunçu rayonu 94 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Ceyhun Şalıyev 1 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olub. Orta təhsilini R.Zorge adına 90 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 2017-ci ildə “SOCAR”ın Təhlükəsizlik İdarəsində mühafizəçi vəzifəsində çalışmağa başlamışdır. O, Vətən müharibəsi zamanı könüllü şəkildə hərbi səfərbərliyə cəlb olunaraq Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.