PDF Oxu

Siyasət

  • 1 305

Milli qurtuluşa gedən yolun başlanğıcı - ŞƏRH

image

Azərbaycanın müasir tarixində elə mühüm hadisələr var ki, onların əhəmiyyəti yalnız həmin dövrlə məhdudlaşmır, ölkənin gələcək inkişaf istiqamətlərini də müəyyən edir. 1993-cü ilin iyun hadisələri və ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı məhz belə tarixi mərhələlərdən biridir. Bu dövr Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ölkə həm Ermənistanın hərbi təcavüzü və ərazilərin işğalı, həm də ciddi siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalmışdı. Daxili siyasi qarşıdurmalar dövlət idarəçiliyini çətinləşdirir, cəmiyyətdə sabitliyə ehtiyac getdikcə artırdı. Belə mürəkkəb şəraitdə dövlət müstəqilliyinin qorunması əsas məsələlərdən birinə çevrilmişdi.

Məhz belə bir tarixi məqamda xalqın böyük əksəriyyətinin ümid bəslədiyi siyasi şəxsiyyət kimi Heydər Əliyevin Azərbaycana qayıdışı ölkənin ictimai-siyasi həyatında mühüm dönüş yaratdı. 1993-cü ilin iyununda Heydər Əliyevin Bakıya gəlməsi və ölkə rəhbərliyinə qayıtması dövlətçiliyin qorunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə siyasi sabitliyin və dövlət idarəçiliyinin möhkəmləndirilməsinə diqqət yetirildi. Dövlət strukturlarının fəaliyyətinin gücləndirilməsi, qanunun aliliyinin təmin olunması, cəmiyyətdə sabitliyin bərqərar edilməsi qarşıda duran əsas vəzifələr sırasında idi. 1994-cü ildə imzalanmış Bişkek protokolu ilə atəşkəsin əldə olunması da ölkənin daxili sabitliyinin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf üçün imkanların genişləndirilməsi baxımından mühüm mərhələ oldu.

Sonrakı illərdə Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirildi, müasir dövlətçilik institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadiyyatına daha fəal inteqrasiyasına, xarici investisiyaların cəlb edilməsinə və enerji strategiyasının əsaslarının formalaşmasına şərait yaratdı.

Milli qurtuluş ideyası yalnız bir tarixi hadisəni deyil, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi prosesini ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü də məhz bu tarixi mərhələnin simvolu kimi qeyd olunur. Bu gün müstəqil Azərbaycanın keçdiyi yolu, dövlətçilik ənənələrinin qorunmasının və milli həmrəyliyin əhəmiyyətini xatırladır.

Bu baxımdan milli qurtuluşa gedən yol Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindən biridir. Həmin dövrdə atılan siyasi, iqtisadi və dövlətçilik addımları sonrakı inkişaf proseslərinin əsasını formalaşdırmışdır. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətləri dəyərləndirərkən müstəqilliyin ilk illərində dövlətçiliyin qorunması istiqamətində görülmüş işlərin tarixi əhəmiyyətini də nəzərə almaq vacibdir.

Süleyman Tağıyev

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər