Vətən insan üçün yalnız doğulduğu məkan deyil, onun yaddaşı, keçmişi və gələcəyə dair ümididir. Bu baxımdan, 27 il ərzində doğma Cəbrayıldan uzaqda yaşayan insanların taleyi Azərbaycanın məcburi köçkünlük tarixinin ən ağrılı səhifələrindən birini təşkil edir. 1993-cü ilin avqustunda rayonun işğalı nəticəsində on minlərlə insan öz yurd-yuvasını tərk etməyə məcbur oldu, cəbrayıllılar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq uzun illər qayıdacaqları günü gözlədilər.
Bu gözlənti yalnız torpağa bağlılıqdan doğmurdu. Cəbrayıl işğaldan əvvəl zəngin sosial, mədəni və iqtisadi həyata malik rayonlardan biri idi. Burada məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət müəssisələri fəaliyyət göstərir, kənd təsərrüfatı və sənaye inkişaf edirdi. Rayonun təbii sərvətləri, məhsuldar torpaqları və zəhmətkeş insanları onun inkişafının əsasını təşkil edirdi. İşğal isə bütün bu həyatı bir anda yarımçıq qoydu. Məcburi köçkünlük illəri cəbrayıllılar üçün böyük sınaq olsa da, doğma yurda bağlılıq heç vaxt zəifləmədi. Respublikanın onlarla rayonunda və minlərlə yaşayış məntəqəsində məskunlaşan insanlar öz adət-ənənələrini, Cəbrayılla bağlı xatirələrini və geri dönüş ümidlərini yaşatdılar. Bu illər ərzində formalaşan ən böyük inam isə Azərbaycanın öz torpaqlarını bir gün azad edəcəyi ilə bağlı idi.
2020-ci ildə həmin inam reallığa çevrildi. Vətən müharibəsində əldə olunan tarixi Qələbə Cəbrayıl rayonunun da azadlığına yol açdı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində rayonun yaşayış məntəqələri bir-bir işğaldan azad edildi, oktyabrın 4-də isə Cəbrayıl şəhəri yenidən Azərbaycanın nəzarətinə qayıtdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər cəbrayıllıların 27 illik həsrətinə son qoydu.
Ancaq azad edilmiş torpağa qayıdışın təmin olunması üçün ilk növbədə həyat yenidən qurulmalı idi. İşğal dövründə şəhər və kəndlərin böyük hissəsi dağıdılmış, sosial və mühəndis infrastrukturu məhv edilmişdi. Azərbaycan dövləti qısa müddətdə genişmiqyaslı bərpa proqramına başladı. Bu gün Cəbrayılda salınan yollar, çəkilən elektrik xətləri, yaradılan sosial obyektlər və inşa olunan yaşayış binaları həmin proqramın konkret nəticələridir. Böyük Qayıdış siyasəti Cəbrayılın yeni həyatının əsas istiqamətinə çevrilib. 2024-cü il sentyabrın 26-da ilk köç karvanının yenidən qurulan Cəbrayıl şəhərinə yola salınması tarixi hadisə idi. Müxtəlif illər ərzində yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində yaşayan ailələrin doğma şəhərlərinə qayıtması yalnız sosial layihə deyil, həm də tarixi ədalətin bərpası idi. Hazırda Cəbrayılda yüzlərlə ailə artıq yeni həyata başlayıb. Müasir yaşayış kompleksində yaradılmış şərait insanların rahat və təhlükəsiz yaşayışına hesablanıb. Tam təmirli mənzillər, kommunal xidmətlər və müasir şəhər infrastrukturu qayıdışın davamlı olması üçün zəruri imkanlar yaradır. Bu proses göstərir ki, dövlətin əsas məqsədi insanları sadəcə doğma torpaqlarına qaytarmaq deyil, onların burada firavan və uzunmüddətli həyatını təmin etməkdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycan tarixində misilsiz quruculuq prosesidir. Cəbrayıl bu siyasətin ən mühüm ünvanlarından biri kimi xüsusi yer tutur. Dövlət başçısının rayona səfərləri, yeni yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində iştirakı və həyata keçirilən layihələrə verdiyi diqqət quruculuq işlərinin sistemli şəkildə davam etdirildiyini göstərir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.